Jurnalist Elmar Hüseynovun 2 mart 2005-ci ildə yaşadığı evin kandarında vəhşicəsinə öldürülməsindən dünən 10 il keçdi. Təsadüfən həmin gün xəbər lentlərində prezidentin təzə köməkçisinin ölkəmizdəki söz azadlığı haqda açıqlaması da yayılmışdı. Əli müəllim deyirdi ki, Azərbaycanda 40 gündəlik qəzet çıxır, camaat bütün günü internetdə nə istəsə yazır. Elə həmin xəbərin böyründə jurnalist Xədicə İsmayılın məhkəmədə son sözü verilmişdi. O informasiyanın da sağ tərəfində amerikalıların “Vaşinqton Post” qəzetinin “Azərbaycanda məhkəməsiz həbs olunmaq” adlı yazısı vardı. Müəllif qeyd edirdi ki, Azərbaycanda despotizm həddini aşıb, məhkəmələr prokurorluğun nökəridir, jurnalistika məhv edilir və sairə.
Kimə inanmalıyıq? Əlbəttə, hökumətə. Birincisi, bizim milli hökumətimizdir, müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir. Üç rəngli bayrağımızı hansısa yankilərin əlli zolaqlı, türmə paltarına oxşar bayrağının ayağına verməməliyik. Hələ ötən əsrdə Etibar müəllim (Məmmədov – AMİP sədri) tarixi söz demişdi: “Öz millətimin diktatoruna qurban olum, özgə millətin demokratına çurban olunca!” Nəticədə Etibar müəllim öz millətimizin diktatoruna qurban oldu, hazırda asudə yaşayır, hətta nəfəs də alır.
İkincisi, hər birimiz hardasa yaşayırıq, o mənzilin də kandarı var. Misal üçün, Elmar öldürüləndə qan-qan deyən bəzi yazarlar var idi, biri hətta rəhmətlikdən o qədər məqalə yazmışdı ki, axırda kitabını buraxdı, deyilənə görə bir dəfə jurnalistin ruhu gəlib girib bunun yuxusuna, deyib sən canın, özünə bu qədər əziyyət vermə, dünya fani dünyadır, Bibiheybət yolunda jurnalistlər üçün təzə bina tikilir, gör neynirsən. Haqq üçünə, hökumət həmin yazarın Elmar Hüseynov yolunda axıtdığı mürəkkəbi unutmadı, o binada qardaşımıza ev verdi.
İndi sən get maraqlan, gör heç o jurnalistlər binasının kandarında kiməsə ağzından güllə vurublar? Hansının uşağına aldığı yoqurt koridorda qanına bulaşıb? Heç birinin. Elmar Hüseynov öldürüləndən sonra bizdə belə hallara qəti yol verilmir. Əksinə, mətbuatın yoqurtunu, qatığını alıb verirlər. Ağartının bolluğundan indi bizdə dünyada analoqu olmayan “qatıqlama jurnalistikası” janrı da yaranıb inkişaf etmişdir.
Məhkəmələrin prokurorun nökəri olmağına gələndə, bu bizim daxili işimizdir. Bizdə hər kəs kiminsə nökəridir, cəm halında hamımız dövlətin, xalqın nökəriyik. Bu haqda ata sözümüz də var: “Nökər nədir, bekar nədir?”. İndi bu amerikalılar istəyir biz bekar qalaq, avara olaq. Halbuki, bizdə işsizlik ləğv edilibdir, təkcə keçən il yeni 10 milyon iş yeri açılıbdır. İqtisadi tərəqqi o vəziyyətdədir ki, xalqın qulluqçuları – məmurlar həmin xalqın özündən min dəfə yaxşı yaşayırlar. Görün bizdə nökərə necə böyük hörmət qoyulmuşdur.
Mətbuatın inkişafı, gündəlik 40 gün çəkən qəzetçilik… üzr istəyirəm, 40 gündəlik qəzet mövzusuna (qaqaşlar bunu dilimizə “tema” şəklində artıq salıblar, məncə də düz eləyiblər, deyilişi çətin “mövzu” sözünü dəyişməyin vaxtıdır) qayıtmaq istərdim. Bu istiqamətdə böyük dəyişiklik vardır. Örnək üçün, mən “Molla Nəsrəddin” jurnalının 19 may, 1927-ci il sayını oxuyurdum, gördüm orda bir qəzet köşkü karikaturası var, böyründə araq satırlar, üç-dörd nəfər içib sərxoş olub köşkün qabağında ağnayıbdır, karikaturanın üstündə isə yazılıbdır: “Balacarıda (Biləcəri -Z.H.) mədəni-maarif işləri. İki mindən ziyadə türk işçisi olan Balacarıda yalnız üç nömrə ”Molla Nəsrəddin” satılır”.
Yazıq Molla… Kaş gəlib Biləcəridə mətbuat yayımının indiki halını görəydi. Əhali sayı, yaxud, jurnalın dili ilə desək “türk işçilər” indi Biləcəridə iki yüz mini keçib, ancaq qəzet-jurnal oxuyanların sayı heç üç nəfər də yoxdur.