Bu günlərdə Milli Məclisin deputatı Elton Məmmədovun oğlu Aynar Məmmədovun açdığı yeni kafe-restoran hər kəsin marağına səbəb oldu. Qadın və kişilər üçün nəzərdə tutulan “Nar” kafe “Glass Plaza” əyləncə və ticarət mərkəzində yerləşir.
“Yeni Müsavat”ın əməkdaşları adı çəkilən kafe-restoranda olublar.
Bakının Yasamal rayonu ərazisində, Süleyman Dadaşov küçəsində yerləşən “Glass Plaza” Xəzər Dəniz Gəmiçilik İdarəsinin sabiq rəisi Aydın Bəşirova məxsusdur. 2012-ci ildə birdəfəlik bağlanan məşhur “Şüşəli bazar”ın yerində tikilən ticarət mərkəzini “Arcon” MMC adlı türk inşaat şirkəti inşa edib.
Kafe ilk baxışdan o qədər də böyük görsənmir. Məkana daxil olarkən müştərilərin hər birinin qəlyan istifadə etdiklərinin şahidi olduk. Kafedə müvafiq yer seçib əyləşdikdən sonra sifariş etmək üçün yaxınlıqdakı ofisianta müraciət etdik. Bizə yaxınlaşan ofisiant sifarişimizi aldıqdan sonra təəccüb dolu baxışlarla belə bir sual verdi: “Bəs qəlyan olmayacaq?”.
Görünür, bu kafe daha çox qəlyan istifadəçiləri üçün nəzərdə tutulub. Bura gələn müştərilərə nəzər salanda onların hamısının imkanlı təbəqəyə məxsus gənclər olduğu aydın görünürdü. Onlar ətrafa heç bir əhəmiyyət verməyərək qəlyanlarını çəkir, öz aralarında söhbətləşərək istirahət edirdilər.
Kişilərlə bərabər qadınlar üçün də nəzərdə tutulan kafedə nədənsə zərif cinsin nümayəndələri gözə dəymirdi. Kafe rəhbərliyi və ofisiantlar bizi qəribə baxışlarla izləyirdilər, görünür, üst-başımızdan imkanlı təbəqəyə aid olmadığımızı ayırd edib, bizim niyə məhz bu kafe-restoranı seçdiyimiz haqqında fikirləşirdilər. Bu səbəbdən üzərimizdə daima nəzarət olduğunun fərqində idik. Lakin buna baxmayaraq, digər müştərilər kimi bizə də ədəb-ərkanla xidmət göstərildi.
Kafenin içərisində olan aksessuarlar böyük zövqlə düzülmüşdü. Rəng seçimində daha çox ağ, qara və narı xatırladan qırmızı rənglərdən istifadə edilib. Ofisiantların qara geyimi bu rəngləri tamamlayırdı. Stollardakı qənddanlar da nar formasında təşkil edilib. Buradakı suvenirlərin əksəriyyəti kiçik qəlyan və içki butulkalarının maketlərindən ibarət idi. Divarlarda klassik portret və rəsm əsərləri var. Klassik və müasirliyin sintezi o qədər də pis alınmayıb.
Kafenin lap mərkəzində futbol sevənlər üçün kiçik məkan da var. Burdakı aksessuarlardan görünür ki, kafe rəhbərliyi idmana, xüsusilə də futbola böyük maraq göstərir. Aksessuarların arasında “Qarabağ” futbol klubuna məxsus şərfin olması diqqətimizi cəlb etdi. Hər addımbaşı kiçik ekranlı monitorlar yerləşdirilib ki, orda da demək olar ki, daima futbol yayımlanır.
Menyudakı qiymətlərə gəldikdə isə, onu deyə bilərik ki, burdakı sifarişlərin qiymətləri paytaxtın digər nüfuzlu kafe və restoranındakı qiymətlərdən o qədər də fərqlənmir. Qara çay-8 manat, çay dəstgahı 25 manat, kofe 3 manat civarında idi. Lakin kofe sifariş etmək istəyəndə ofisiant bildirdi ki, “menyuda yazılmasına baxmayaraq bizdə kofe olmur”. Səbəbini soruşduqda isə bizə yalnız çiynini çəkmələ cavab verdi. Menyuda xeyli sayda salat və digər yeməklər var. Lakin burdakı müştərilər daha çox qəlyan çəkməyə üstünlük verirdilər. Onların qarşısında nə yemək, nə də salat görünürdü.
Günorta çağlarının olmasına baxmayaraq kafedə kifayət qədər müştəri, onlarla bərabər nəzarətçi və polis var idi. Bəlkə də bura gələn müştərilərin daha çox gənclərdən olmasını nəzərə alaraq, kafeni kifayət qədər nəzarətdə saxlayırdılar.
Qeyd edək ki, “Nar” kafe-restoranını açan Aynar Məmmədov bir müddət əvvəl də medianın gündəminə gəlmişdi. Onunla bağlı böyük qalmaqal yaranmışdı. Deputat oğlu avtoxuliqanlıq və sosial şəbəklərdə paylaşdığı fotolarına görə qınağa tuş gəlmişdi.
Aynar Məmmədov ötən il tanınmış jurnalistin döyülməsində əsas suşlu olsa da, istintaq onu kənarda saxladı və cəzasız qaldı. Onun əmisi nəqliyyat naziri Ziya Məmmədov olanlar barəsində Aynarın təqsiri olmadığını, ara qarışdıran qüvvələrin bu işdə əli olduğunu bildirmişdi.
http://s013.radikal.ru/i325/1503/02/015f88016699.jpg
http://s014.radikal.ru/i328/1503/52/3ce3a85b2881.jpg
http://s018.radikal.ru/i511/1503/1f/e244c44b7790.jpg
http://s020.radikal.ru/i721/1503/98/c3a063956b1f.jpg
http://s020.radikal.ru/i719/1503/9c/61434bb60654.jpg
http://i004.radikal.ru/1503/17/092c3f1ca360.jpg
http://s020.radikal.ru/i713/1503/54/d724e3d68fd6.jpg