Yemin bahalığı bəzi sahibkarları bazardan çıxarıb, baş verənlər isə monopolistlərin xeyrinədir
Ölkədə ət qıtlığı yarana bilər. Bunun isə növbəti bahalaşmaya təkan ola biləcəyi ehtimal edilir. Qəssablar və ekspertlər fərqli səbəblər göstərirlər.
Əməkdaşımız paytaxt Bakının bazar və dükanlarında olub və bu iddianın səbəblərini öyrənib.
Satıcılar bildiriblər ki, bir aydan artıq davam edən ucuzlaşma qısa müddət sonra bahalaşma ilə nəticələnə bilər.
İlqar adlı satıcı bildirir ki, hələlik mal ətini 7 manat 50 qəpiyə, qoyun ətini isə 9-10 manata satır: “Ucuzlaşmanın səbəbləri vardı. Rayonlarda yem baha olduğundan, əhali mal-qarasını satışa çıxarmağa məcbur olmuşdu. Rayonda ucuzluq olduğundan, biz də qiymətləri endirdik. Nəticədə Bakıda da ucuzluq yarandı. Amma o prosesdə çox sayda insanlar mal-qaralarını tamamilə satdılar. Ət qıtlığının yaranacağı realdır. Həm də bahalaşma olacaq, ət bahalaşacaq”.
Murad adlı qəssab da bildirir ki, ət qıtlığının yaranma ehtimalı yüksəkdir: “Kəndlinin ot-ələf almağa pulu yoxdur. Ona görə də heyvanlarını satdı. Çoxları həyətlərində bir dənə də heyvan saxlamadılar, hamısını satdılar”.
Onun sözlərinə görə, bir aydan artıq davam edən bu prosesdə heyvan saxlanılması ilə məşğul olan kiçik sahibkarların da bir hissəsi bazarı tərk edib. Bu isə tezliklə bahalaşma olacağını deməyə əsas verir.
“8-ci kilometr” bazarında ət satanlar da bildirirlər ki, qıtlıq barədə xəbərlər doğrudur: “Artıq neçə sahibkar naxır və sürüsünü tamamilə kəsib, satıb. Bunun sonunda isə bahalaşma olmalıdır”.
Bəzi ekspertlər isə bildirirlər ki, ət qıtlığının yaranması monopolistlərin xeyrinə olacaq. Yəni xaricdən daha çox məhsul gətirilərək, baha qiymətə bazara təqdim ediləcək. Bu da qiymətlərin artımına əsas verən amil olacaq.
Həmçinin, bəzi ekspertlər onu da qeyd edirlər ki, ölkədə mal ətinin qiymətindəki ucuzlaşma uzunmüddətli olmayacaq. Çünki yemin bahalaşması ilə əlaqədar əhali mal-qaranın bir hissəsindən imtina edib, kəsimə verirsə, bir neçə aydan sonra əks proses qaçılmazdır. Yəni mal-qaranın sayının azalması gələcəkdə qiymətin kəskin şəkildə artması ilə nəticələnəcək.
Musavat.com