“Xəzəryanı dövlətlərin iqtisadi maraqları nə qədər fərqli olsa da, onlar üçün ümumi qonşuluq maraqları daha əhəmiyyətlidir”.
Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə bunu Moskva-Bakı-Astana videokörpüsünün gedişatında Xəzər Əməkdaşlıq İnstitutunun direktoru, politoloq Sergey Mixeev deyib. Ekspert əlavə edib ki, “Xəzər beşliyi”nin geosiyasi hədəfləri hal-hazırda bir-birinə çox yaxındır.
Sergey Mixeev hesab edir ki, Xəzər dənizi ilə bağlı ayrı-ayrı problemlərin həlli, sinergetik effektə malik olacaq və bu, daha mürəkkəb problemləri həll etməyə köməklik edəcək. “Bizdə müxtəlif iqtisadi maraqlar mövcuddur. Amma yalnız buna istinad etmək olmaz. Qonşuluq maraqları qiymətlər və satış bazarları uğrunda mübarizədən daha əhəmiyyətlidir. İranın iqtisadi konyuktura maraqları digər Xəzəryanı dövlətlərin maraqları ilə üst-üstə düşür. Əgər Qərbə icazə versəydilər, o, məmnuniyyətlə öz məhsulunu satardı. Bəli bizdə rəqabət var, ancaq rəqabətlə geosiyasi maraqları bir səviyyəyə qoymaq olmaz. Əgər Qərb ölkələri birləşib birləşib öz siyasətlərini başqalarına yeridirlər, biz də birləşib buna qarşı dura bilərik”,-deyə o söyləyib.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun eksperti Stanislav Pritçin isə deyib ki, Xəzəryanı dövlətlər arasında Xəzər dənizinin bölünməsinə dair ziddiyyətlər var. “Amma bununla yanaşı ekologiya, təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlıqlar da mövcuddur. Bunun ətrafında birləşmək lazımdır”,-deyə ekspert bildirib.