Bu bayram Azərbaycanda da keçirilməlidirmi?
Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Günü gəlir. Kimi 8 martın Azərbaycana aidiyyəti olmadığını, onu qeyd etməyin lazımsız olduğunu düşünür, kimi qadınlar gününün tarixinin dəyişdirilməsini təklif edir, kimisi də əksər ölkələrdə olduğu kimi, bizdə də 8 martın keçirilməsinin tərəfdarıdır. Azərbaycanda uzun illərdir bu mövzuda fikir ayrılıqları olsa da, qadınların bayramı elə 8 mart tarixində qeyd edilir.
Ancaq bəzi ölkələrdə qadınlar bayramı müxtəlif tarixlərdə keçirilir. Amerikada 1 mart – Rəngli qadınların bayramı, Yaponiyada 3 mart “Qızların bayramı”, 8 mart – Beynəlxalq Qadınlar Günü, 21 mart Misir, İordaniya, Livan və Suriyada “Analar günü”, Böyük Britaniya və İrlandiyada 26 mart “Anaların bazar günü”, 4 aprel Tayvandda “Qadınlar günü”, 7 aprel Ermənistanda “Analıq və gözəllik günü”, Macarıstan, İspaniya, Litva, Portuqaliyada 7 may “Analar günü”, Latın Amerikasındakı əksər ölkələr və daha 8 ölkədə 10 may “Analar günü”, Monqolustanda 1 iyun “Analar və uşaqlar günü”, Fransada 4 iyun “Analar günü” kimi qeyd edilir.
Maraqlıdır, 8 martı əlamətdar edən nədir? 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində toxuculuq fabrikində 40 min işçi daha yaxşı iş şərtləri istəyi ilə tətilə başlayıb. O zaman qadınlar gündə 16 saat işləyirdilər, çünki onların əməyi daha az ixtisaslaşdırılmış hesab edilirdi. Nyu-Yorkun toxucuları aşağı qazanclara və əməyin pis şəraitinə qarşı etiraz edərək şəhərin küçələri ilə marş keçiriblər. Ancaq polis işçilərə hücum çəkib, onları fabrikə qaytarıb qapını qıfıllayıblar, bundan bir qədər sonra isə fabrikdə yanğın başlayıb. Arxa qapıdan çıxan işçilərin fabrik qarşısında qurulan barrikadalar səbəbindən qaça bilməməsi nəticəsində 129 işçi ölüb. Onların cənazə mərasiminə 100 mindən çox adam qatılıb. 26 – 27 avqust 1910-cu il tarixində Danimarkanın Kopenhagen şəhərində keçirilən Beynəlxalq Sosialist Qadınlar Konfransında Almaniya İctimai Demokrat Partiyası liderlərindən olan Klara Setkinin 8 Mart 1857-ci il tarixində tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsi təklifi qəbul edilib.
Bu bayram ilk dəfə 1911-ci il 19 martda Danimarka, Almaniya, İsveçrə və Avstriyada qeyd olunub. Yalnız BMT-nin verdiyi qərar nəticəsində bu bayram 8 martda qeyd olunmağa başladı.
Azərbaycanda isə bu bayram ilk dəfə 1917-ci ildə qeyd edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Rusiyada ilk beynəlxalq qadınlar günü 1913-cü ildə Peterburqda qeyd olunub.
Sovetlər Birliyinin dağılmasına baxmayaraq, 8 mart bir çox postsovet ölkələrində bu günə qədər qeyd olunur. Həmçinin Azərbaycan da müstəqillik əldə etdikdən sonra bayram öz mahiyyətini qoruyub saxladı. Zaman keçdikcə bu bayram bəzi işbazların da əsl bayramına çevrildi. Çünki bu ərəfədə gül-çiçəklərin və hədiyyəlik əşyaların qiymətini kəllə çarxa qaldırırlar.