Anar Nəcəfli: “Efir mədəniyyəti olmayanları efirə çıxarırlar”
Lent.az-ın müsahibi tanınmış aparıcı Anar Nəcəflidir. Uzun müddət “Xəzər” televiziyasının xəbərlər proqramını aparan Anar Nəcəfli hazırda ATV kanalında fəaliyyətini davam etdirir.
– Sizin üçün jurnalistika nə deməkdir?
– Jurnalistika mənim üçün ilk növbədə çalışdığım sahədir. Hər kəs kimi mənim də bu sahədə çalışmağımın əsas səbəbi maaş almaq və ailəmi saxlamaqdır. Bəzən insanlar müxtəlif səbəblərə görə, öz istədikləri sahədə çalışmırlar. Ancaq məcburən o işi görərək, bunun müqabilində məvacib alırlar. Əgər çalışdığın sahə arzuolunmazdırsa, orada inkişafdan söhbət gedə bilməz. Yəni sırf pul xətrinə orada çalışarsan. Mənim bəxtim gətirib ki, işim sevdiyim sahəyə aiddir. Burada həm məvacib, həm də zövq alaraq işləyirəm. Belə olduqda isə nəyəsə nail olmaq üçün həvəsim və marağım da olur. Beləliklə də, irəliyə doğru addımlamağı bacarır və onun bəhrəsini görə bilirsən.
– Bu sahəyə marağınız haradan yaranıb?
-Deməzdim ki, mənim məhz jurnalistikaya marağım olub. Daima səhnələrdə olmağa həvəs göstərmişəm. Məktəb illərindən etibarən, sözün həqiqi mənasında məşhur olmaq, tamaşaçıların önündə çıxış etmək və onların bezmədən izlədiyi bir insan olmaq arzusunda olmuşam. Hələ şagird olduğum zamanlarda məktəbin təşkil etdiyi tədbirlərdə fəal iştirak edir və sinif yoldaşlarımla birgə səhnəciklər hazırlayırdım. Əsasən də “Bakılı oğlanlar” Şən və Hazırcavablar klubunun hazırladıqları səhnələri yenidən canlandırırdıq. Çünki o zamanlar bu klub məşhurluğunun pik nöqtəsini yaşayırdı. Tamaşaçılar tərəfindən nə qədər sevildiyimi bilməsəm də, demək olar ki, arzuma çatmışam. Ümid edirəm ki, belə də davam edər. (gülür)
– Elə jurnalistlər var ki, ixtisasları fərqlidir. Bəs siz?
-Mən əsl ixtisaslı jurnalistəm (gülür). 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. O zamanlar 15 ixtisas seçimi etmək hüququ var idi. İmtahandan sonra isə yığılan bala görə bu ixtisaslardan birinə qəbul olurdun. Sıralamada ilk növbədə “Beynəlxalq hüquq” və “Beynəlxalq münasibətlər”, 3-cü yerdə isə “Jurnalistika” fakültəsini yazmışdım. Yığdığım bala görə də “Jurnalistika” fakültəsinə qəbul oldum.
– Sizcə, yaxşı jurnalist olmaq üçün ixtisaslı olmaq vacibdir?
– Xeyr. Jurnalistika elə bir peşədir ki, burada çalışmaq üçün ixtisaslı olmaq vacib deyil. Bunun üçün insanın istedadı olmalıdır. Ancaq bu, o demək deyil ki, hər kəs efirdə aparıcılıq edə bilər. Təəssüflər olsun ki, aparıcılığın nə olduğunu anlamayan, efir mədəniyyəti olmayan şəxsləri aparıcı kimi efirlərə çıxarırlar. Belə olduqda isə həmin aparıcı efirdə səhv buraxır və qınaq obyektinə çevrilir. Son zamanlar isə bu cür hadisələr tez-tez baş verir. Ancaq günah aparıcıda yox, onu efirə çıxarandadır. Çünki efirə çıxarılan şəxsin ən azından müxbir kimi təcrübəsi olmalıdır. Əgər o, müxbir kimi özünü doğrulda bilibsə, o zaman aparıcı kimi fəaliyyət göstərə bilər.
– Aparıcı olmasaydınız, hansı sahə ilə məşğul olardınız?
– İnsan böyüyüb, özünü dərk edənə qədər çalışmaq istəmədiyi, arzulamadığı peşə qalmır. Bu, istər kosmonavt, istər həkim, istərsə də memar olsun. Mənim də belə arzularım az olmayıb. İlk öncə həkim olmaq istəmişəm. Lakin dəqiq elmlərə marağım olmadığına görə bu istəyimdən vaz keçmişəm. Daha sonra hərbçi olmaq arzusunda olmuşam. Yadımdadır, 9-cu sinifdə sənədlərimi yığıb,” Cəmşid Naxçıvanski” adına hərbi məktəbə vermişdim. Səhhətimlə bağlı problemə görə imtahana gecikdiyim üçün bu arzum da reallaşmadı. Məncə, bu mənim qismətimdir və belə də olmalıymış. Heç də peşman deyiləm. Çünki peşəmi, aparıcı kimi fəaliyyət göstərməyi çox sevirəm.
– Jurnalist kimi problemlərini həll etdiyiniz insanlar olub?
– Əlbəttə, olub. Bəzən qohum, tanış və ya tamaşaçı hər hansı problemlə əlaqədar mənə müraciət edir. Mən də çalışmışam ki, həmin insanlara qanun çərçivəsində bacardığım qədər köməklik göstərim. Qanunsuz bir məsələ ilə bağlı müraciət edəndə isə həmin insanı incitmədən “yox” deyirəm. Çünki qanunlara riayət edən bir insanam. Elə olub ki, növbədə gözləməli olmuşam. Lakin məni tanıyanlar növbədənkənar keçməyimi təklif ediblər. Buna baxmayaraq, mən razı olmamışam və heç bir zaman da məşhurluğumdan sui-istifadə etməmişəm. Əgər bunu etmiş olsam, digərlərinin haqqına girmiş olaram. Kiminsə mənim haqqımda mənfi düşünməyini, arxamca danışmağını istəmirəm.
– Qısa müddətdən sonra yenidən iş fəaliyyətinə başladınız. Bu durğunluğun əsas səbəbi nə idi?
– Hər bir işdə müəyyən problemlər olur. Məncə, bu problemlərin ictimailəşdirilməsi qeyri-etikdir. Elə bir şərait yarandı ki, işdən ayrılmaq qərarına gəldim. Bundan sonra da işlə bağlı təkliflər aldım. Onlardan biri də “Səninləyəm, Azərbaycan” layihəsində aparıcılıqla bağlıydı. Mən də razılıq verdim.