Deputatxanamızın rəsmi orqanı “Azərbaycan” qəzeti yanvar ayında ABŞ prezidenti Obamanı ikiüzlü adlandırmışdı. Dünən isə Obama haqda hegemon yazıblar. Böyük irəliləyişdir. Dövlətlərimiz arasında yaxınlaşmanı, buzların əriməsini göstərir.
Ancaq mən bu beynəlxalq xəbəri oxuyanda tamam ayrı xəbərdən də hali oldum, nəticədə gözüm bərəldi, çünki ilk dəfədir belə deputat adı eşidirdim: İsmayıl Hacıyev. And içərəm siz də birinci dəfə oxudunuz. Hətta mən bunun adını Google proqramında axtarışa verəndə kompüter söndü yandı, ekran dondu, Amerikadan Sergey Brin mənə məktub yazdı ki, qardaş, sən bizim serverləri nədən zorlayırsan, belə deputat yoxdur, ola bilməz. Cavab yazdım, a kişi, nə təhər yəni yoxdur, lap qəşəng var, özü də 10 ildir (!) deputatdır, bundan da qabaq 5 il Naxçıvan deputatxanasında əl çalıb, üstəlik, bizim deputatxanada İnsan Haqları Komisyonu üzvüdür. Sergey Brin Larri Peyci köməyə çağırdı, axırda Google məndən üzr istədi, dedilər bizi çevir İsmayıl müəllimin ətrafına, bu səhvimizi düzəldərik.
İsmayıl müəllimin çıxışı isə ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviçə cavab idi. Miyatoviç təzəlikcə Azərbaycanda jurnalistlərin həbs edilməsini pisləmişdir, İsmayıl müəllim də bunun cavabını veribdir. Sitat: “ABŞ-da, Avropada elə adamlar var ki, onlar başqalarının əlində söz demək alətidir. Pullarını alır, guya Azərbaycanda jurnalistlərin həbs olunması, insan hüquqlarının pozulması haqqında sözlər deyirlər”. Bəh-bəh. Qızıl xırdalayıbdır. Ancaq İsmayıl müəllimin sonrakı sözləri hətta 88 saylı marşrutun sürücüləri arasındakı elmi diskussiyadan da min dəfə artıq təfəkkürə malikdir: “İlk növbədə gərək insanın özü öz hüquqlarını qoruya. İnsanın həm hüququ, həm də vəzifələri var. Yəni buna birtərəfli yanaşmaq olmaz. İnsan öz hüququnu bildiyi kimi, vəzifəsini də bilməlidir. Yəni insan vəzifəsini biləndən sonra hüququnu da qoruya bilər”.
Buyurun, insan haqları komissarımız deyir ki, canınız cəhənnəmə, öz hüquqlarınızı özünüz qoruyun, kimin cibinə narkotik atıb tutublarsa cibini tikəydi. Eyni zamanda mən bunun alimliyini niyə vurğuladım? Bah. Ortada fısqırıq söhbət var, yaxın oturun.
Google tapa bilməsə də mən öz daxili əlaqələrim, MTN, DİN, İnterpol, BMT, ASAN-xidmət, 205 saylı JEK-in əmək kollektivi, Biləcəri enişindəki Çöpçü Fatmanisə xala, Qaraçuxurda yaşayan Falçı Məhərrəm dayı və sairə əlaqədar təşkilatların sayəsində İsmayıl Hacıyev haqda çox dəyərli məlumatlar əldə elədim, istərdim onları sizinlə bölüşüm.
Sən demə, bu İsmayıl müəllim deputat işləməklə yanaşı, asudə vaxtlarında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin rəisidir, həqiqi akademikdir! AMEA saytında yazılan məlumata əsasən, İsmayıl müəllim tarixçidir, əsas elmi fəaliyyəti isə… Böyük Vətən müharibəsi zamanı Azərbaycanda arxa cəbhədə işləyən qadınları araşdırmaq olmuşdur. Güllübəyim xala necə başaq elədi, Zəhrabəyim arvad nə qədər yumurta basdırdı, bununla cəbhəyə neçə tank aldıq – bu kimi şeylərin öyrənilməsində İsmayıl müəllimin böyük rolu varmış. Alimin ən iri həcmli əsəri isə budur: “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası. Bakı, ”Elm”, 2003, səh. 164″. Açığı, bu kitab bestseller olduğu üçün tapa bilmədim, bilmirəm içində hansı hikmətlər, elmi incilər gizlənibdir.
AMEA-nın zəka qaynağı olan www.science.gov.az ttp://www.science.gov.az saytında İsmayıl müəllimin hansı beynəlxalq elmi qurumlara girməsi haqda da dərin bilgilər var idi. İsmayıl müəllim 2 qurumda respublikamızı təmsil edirmiş: “ABŞ-ın Nyu-York Elmlər Akademiyasının və Bioqrafiya İnstitutunun akademiki”. İkinci yazılan nəsə mason təşkilatıdır, bunu da Google tapa bilmədi, birinciyə gələndə isə, yaxından tanıyan varsa İsmayıl müəllimə desin, o Nyu York Elmlər Akademiyası geydirmə bir şeydir, bir lotu yəhudi açıb, pul yığır. İllik haqqı 129 dollardır, istənilən adam – hətta istəsə müğənni Tolik də – həmin pulu ödəyir, poçtla karikatur bir diplom alır. Sonra da bu diplomu vurursan divara, olursan primadonna, qızıl şlyager, nə bilim, elit-star Cəmilə tipində bir şey… Yaxşı, bildik sənin ildə 129 dollar artıq pulun var.
Adama deyən gərək, axı sənin Miyatoviçlə nə işin var. Arxa cəbhədə başqa qadın qalmayıbmı?