Dünyada, regionda tez-tez elə hadisələr baş verir ki, onlar ölkəmizin gündəminə də oturur, həm mediada, həm də ictimaiyyət arasında geniş müzakirə olunur.
Bu, təbiidir. Biz də bu dünyanın bir parçasıyıq və tanıdığımız adamlarla, bildiyimiz işlərlə bağlı yeniliklər olanda biganə qala bilmirik. Bu və ya digər hadisənin ölkəmizə təsir edəcəyini düşünürük – həm də əsaslı olaraq.
Məsələn, Rusiyada neofaşizm dalğasının baş qaldırmasına necə biganə qala bilərik ki, bu ölkədə 2 milyon civarında soydaşımız yaşayır və onların məruz qala biləcəyi diskriminasiya ölkəmizdə də ictimai-siyasi durumu dəyişə bilər.
Yaxud qonşu dövlətlərdə keçirilən seçkilərin bizə təsirini danmaq olarmı? Axı o ölkədə elə qüvvələr hakimiyyətə gələ bilər ki, onlar ya ölkəmizə düşmən kəsilə, ya da aradakı soyuq münasibətləri ilıqlaşdıra, problemləri həll edə bilərlər.
Biz qonşu dövlətlərdə baş verən hadisələrin yönünü, məcrasını dəyişə bilməsək də, sərvaxt, bilgili olaraq, preventiv tədbirlər görə, hər situasiyaya hazırlıqlı ola bilərik.
Ancaq təəssüf ki, ölkəmizdə bir xeyli ictimai-siyasi fəallar var, qonşu dövlətlərdə olmuş ən qalmaqallı, mühüm hadisələrin müzakirəsini artıq sayır, tez-tez “öz işimizdən, öz problemlərimizdən danışaq” deyə başqalarına irad tuturlar.
Belələrinin çoxu heç öz ölkəsinin problemlərindən danışacaq cəsarətdə və qabiliyyətdə deyillər, amma hər zaman belə deyir, bu mövzularda danışanlara, yazanlara etiraz edirlər – xüsusilə də ortada mübahisə olanda.
Bu da tez-tez olur ki, qonşu dövlətlərdə baş verən hansısa hadisəyə görə ölkəmizdə də haçalanma, tərəflər yaranır. Hər kəs məsələyə öz prizmasından yanaşır və çox zaman bu prizmanın iki qütbü əmələ gəlir.
Rusiyalı siyasətçi Boris Nemtsovun qətlə yetirilməsi və bu cinayət işinin üstünün, gözlənildiyi kimi, dərhal açılmaması yenə qütbləşmə yaradıb.
Qısa desək, bir çoxları bu qətli Kremlin həyata keçirdiyi edam hesab edirlər, bir o qədər adam da israrla, Rusiya dövlətinin səlahiyyətli vəkili imişlər kimi, dövlətin bu işdə əlinin olmadığını bildirirlər. Birincilər Rusiyanın son illərdə daima təcavüzkarlıq etdiyini, bütün dünyada şər qüvvələri dəstələdiyini deyirlər. İkincilər isə sidq ürəkdən rus dövlətinə bağlılıqlarını göstərirlər.
Elə anormal olan da budur – başqa ölkədə yaşaya-yaşaya Rusiya dövlətçisi olmaq, adı sifarişçi qismində çəkilən kimlərisə qohumu imiş kimi müdafiə etmək.
Əlbəttə, əldə hər hansı bir dəlil-sübut olmadan siyasi qətlə görə hakimiyyət adamlarını suçlamaq da absurd görünə bilər. Amma bu iddiada olanların işinə yarayacaq tutarlı arqumentlər var: “Cinayət işi niyə açılmır?”; “Səsləndirilən versiyaları bir-bir yoxlamaq və yekun nəticəyə gəlmək çoxmu çətindir?”
Belə hadisələr həmişə ölkəmizdəki qüvvələr nisbətini də üzə çıxarır. Bəzi adamlar dərhal fəallaşırlar.
Ötən ilin yayında Hollandiyadan Malayziyaya uçan təyyarənin Ukrayna ərazisində vurulması məsələsində birmənalı olaraq, bütün sənəd-sübutları rədd edə-edə Rusiyanın tərəfində duran şəxslər bu gün Nemtsovun qətlində Qərbi günahlandırırlar.
Həmin şəxslər Krımın ilhaqına görə də Rusiyaya haqq qazandırırlar. Onlara görə Donbasda gedən müharibədə Rusiya haqlıdır, demokratiya tələb edənlər Qərbin agentləridir.
Yəni bu insanlar heç bir faktla hesablaşmadan bütün hallarda Rusiyanı haqlı sayırlar, düşünürlər ki, o, nə edirsə, düz edir.
Söz yox, onların bir çoxu heç də mütəşəkkil bir Rusiyapərəst təşkilatın gizli üzvləri deyillər. 5-ci kolon söhbətinin də yeri yoxdur. Amma qızıl-qırmızıca bariz həqiqətləri, aksiomları danmaqdan çəkinməyən adamların çoxluğu əndişə doğurur. Bu sayaq düşüncənin yayğın olduğu ölkələrdə demokratiya bərqərar etmək mümkün deyil.
Əgər bir ölkədə daima tiranın, satrapın, aqressorun, qəsbkarın tərəfini tutan yüz minlərlə adam varsa, onlar mütləq inkişafı tormozlayacaq, demokratiyanın bərqərarına mane olacaq, ən azı kömək etməyəcəklər.
Bu hakimiyyətə yaxın olan fəallar da əksər vaxtlarda hansısa ölkədə devrilmiş və ya seçkiləri uduzmuş demokratlara qarşıdırlar və hardasa bir müxalifətçi lider öldürüləndə məmnunluqla qarşılayırlar. Deyəsən, bu cür qənaətlər çox vaxt instinktlərdən doğur.