İki Azərbaycan vətəndaşı Sankt-Peterburq şəhərinin Krasnoqvardeysk, Vıborq və Petroqrad rayonlarında mənzillərə quldur hücumlarında ittiham edilir.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycandan olan iki nəfər və Dağıstandan olan daha bir gənc fevralın 9-dan 16-dək olan müddət ərzində seks xidmətləri bürolarının yerləşdiyi mənzillərə quldur hücumları təşkil ediblər. Özlərini “sakitləşdirici masaj” həvəskarları kimi təqdim edən bu üç gənc həmin seks-büroların yerləşdiyi mənzillərə müştəri adı ilə daxil olublar. Sonradan isə onlar fahişələri döyməklə hədələyərək onların pullarını, mobil telefonlarını və planşetlərini zorla alaraq qaçıblar.
Dəstə üzvləri fevralın 9-da gecə Krasnoqvardeysk rayonunda bir fahişəxanaya soxularaq 50 min rubl, telefonlar və planşetlər aparıblar. Daha sonra onlar həmin mənzilə ikinci dəfə hücum edərək yenə də pul, telefonlar və planşetlər aparıblar.
Qarətlə və quldurluqla məşğul olan dəstə üzvləri yaxalanıb və onların barəsində cinayət işi açılıb. Banda üzvləri Petroqrad Rayon Məhkəməsi önünə çıxarılacaq. Maraqlıdır ki, onların əməllərindən zərər çəkən fahişələr də məsuliyyətə cəlb olunub. Qadınlar isə qeyri-leqal seks-bürolar işlətməkdə suçlanır.