10 gün öncə sosial şəbəkədə kimsə yazmışdı ki, manatın məzənnəsinin dəyişdirilməsindən sonra baş verən intihar hallarının hamısı Mərkəzi Bankın prezidenti Elman Rüstəmovun vicdanına yazılmalıdır.
Əlbəttə ki, bu, bir az mübahisəli söhbət idi. İndi Rüstəmovu müdafiə etmək kimi çıxacaq, amma gərək ədalətli olaq, axı bank rəhbəri əriylə dalaşdığına, babat döyüldüyünə görə özünü öldürən qadına görə cavabdeh ola bilməz.
Düzdür, dərinə getsək, həmin qadının əriylə məhz maddi sıxıntı üzündən dalaşdığını təsbit etmək, bu davada manatın avro və dollara nisbətdə dəyər itirməsinin önəmli rol oynadığına dair iddia irəli sürmək olar, amma gərək
onu da deyək: Rüstəmov özbaşına deyil ki, manatı ucuzlaşdırsın, ya da bahalaşdırsın.
O boyda dövlət var, hökumət var, iqtisadi müşavirlər var, pul-para işinə baxan nazirlər var, hər şeyi ölçür, biçir, sonra da baş bankirə deyərlər, sür dərəyə, o da sürür. Ona görə də onları bir kənara buraxaraq, intihar edənlərin günahını Mərkəzi Bankın sədrinin vicdanına yazmağa cəhd etmək ədalətsizlik olar.
Hələ vicdanın yazı yazmaq üçün münasib müstəvi olub-olmadığını da bir kənara qoyaq. Keçən il Qafqaz şeyxi demişdi ki, bu yaşa çatıb, amma vicdanın nə olduğunu bilmir. Yəni şeyx demək istəmişdi ki, vicdan gözlə görünən bir şey deyil. Amma bu heç, bunun mətləbə dəxli yoxdur.
Əsas odur ki, intihar edən şəxsə görə kimsə cavabdehlik daşısın – istər qanun qarşısında, istərsə də öz vicdanı qarşısında.
Burda bir incə məqam da var: adam özü də qəbul etməlidir ki, bax, filan qədər adam onun üzündən (qərarına, hərəkətinə görə) intihar etdi. Əgər vəzifəli şəxs bu fikri özünə yaxın qoyursa, bu, sevindirici xəbərdir, demək, vicdanı var. Belə vəziyyətdə həmin vicdan mütləq sızlamalıdır. Yox, vəzifəli şəxs intihar edənlərə görə məsuliyyət daşıdığı fikrini özünə yaxın qoymursa, ya vicdanı yoxdur, ya da adam məsuliyyətsizdir. (Hərçənd vicdanlı adam məsuliyyətli olmalıdır).
Budur, dünən “LE” (reklam və antireklam olmaması üçün adını çəkmirəm) ticarət mərkəzinin damına çıxaraq intihar edəcəyi ilə təhdid edən, özünə xəsarət yetirən şəxs məsuliyyəti ədliyyə sektorunun üzərinə qoyub. Düzü, əvvəldə hamı intihar cəhdinin bank-maliyyə sektorunda baş verən dəyişikliklərə görə baş verdiyini düşünürdü, amma sonra bəzi mətləblər konkretləşdi.
Düzdür, həmin şəxsi xilas ediblər, amma bu, digər dövlət strukturlarını məsuliyyətdən azad etmir. Axtarsan, məlum olar ki, adamı dama çıxaran çoxlu səbəblər var – A-dan Z-yə qədər.
Belə vəziyyətlərdə adətən deyirlər: “Filankəsin ölümünə görə cəmiyyət günahkardır, onu biz öldürdük” və s.
Əslində bu da köhnə demaqogiyadır, sözgəlişi deyirlər. İmtahan üçün, o sözü çox deyənlərə dirəşin, üç dəfə dalbadal deyin ki, bəli, düz deyirsən, filankəsin ölümündə sən günahkarsan, gör, sənə necə cavab verir. Vallahi, adamın yaxasından yapışarlar ki, filankəsin ölümündə günahkar olmağıma dair əlində sübutun varmı. Məhkəməyə, prokurorluğa verərlər adamı.
Əməkdaşımız danışır ki, “LE”un damına çıxıb öz əzalarını kəsə-kəsə qışqıran, intiharın bir addımlığında olan şəxsə aşağıdan tırka verənlər varmış, öz mobil telefonlarındakı videokameranı qoşub yuxarıya təklif verirmişlər ki, at özünü, at.
Kişinin uşağı realiti intihar videosu çəkib paylaşacaqlarmış, Youtube-yə qoyacaq, fenomen olacaqlarmış, “Feysbuk”da paylaşıb layk yığacaqlarmış…
Belələrini, Məşədi İbad demişkən, yerə yıxıb ağzına-ağzına vurasan, həm də geyilmiş qaloş tayıyla. Adam orda can hayındadır, bu burda videosüjet dərdi çəkir.
Söz yox, yenə deyəcəklər ki, adam artistlik eləyib. İlk baxışdan elə görünür, doğrudan da olayda dramatizm, intihar edənin hərəkətlərində isə artistizm elementləri olub. Amma adamın öz bədən üzvlərinə yetirdiyi xəsarətlərə baxanda bilinir ki, bu cür artistlik olmur. Kaskadyorluq ola bilər, amma artistlik yox.
Adam xirtdəyə qədər problemin önündə acizdir, gücü yalnız özünə çatır. Sadəcə, məsələni birdəfəlik həll etməyə cəsarəti çatmır. Bu da ki, bildiyiniz kimi, hər adamın işi deyil.