Bayram axşamları məhəlləmizdə ocaq qalanması artıq ənənəyə çevrilib. İlaxır çərşənbələrin ikincisində, Od çərşənbəsində də eyni mənzərə vardı…Həmin gün uşağı da götürüb tonqal başına toplaşan camaata qoşuldum. Qonşularla hal-əhval tutandan, bayramlaşandan sonra müşahidə etdiyim situasiya doğrusu məni üzdü…
Bir anlıq düşündüm ki, bayram tonqalı bir bəhanədi, adamlar sadəcə dərdlərini bölüşmək üçün toplaşıblar. Tonqal ətrafında gedən söhbətlərə görə bu qənaətə gəldim. Çrşənbə tonqalı ətrafında nə danışarlar? Deyəcəksiniz ki, yəqin ağsaqqallar gənclərə bayramı keçmiş zamanlarda necə keçirmələrindən xatirələrini danışıb, bir az da nostalji ilə o günləri xatırlayıblar. Yox, qəti şəkildə.
Tonqal ətrafında söhbət…manatın ucuzlaşmasından, bank fazilərindən, bayramqabağı bahalaşmadan, dolanışığın ağırlığından gedirdi. Azərbaycan daxili vəziyyəti müzakirə edəndən sonra qonşular Boris Nemtsovun qətlinə keçdilər.
Sonra söhbət yenə fırlanıb Azərbacanın üstünə gəldi. Yaşlılardan biri yolların bərbad olmasından gileyləndi. Sözarası “sarə” də tapdı, “Elşad müəllim bir dəfə “Yeni Müsavat”da yazsa, bəs edər”-deyə. O biri qonşum isə “qardaş, deputatımız var da, İqbal Ağazadəyə deyək, bir əncam qılsın” söylədi. Üçüncü etiraz etdi: “Deputat yol çəkəndir, İcra Hakimiyyəti, bələdiyyə, o yol idarəsi (“Azəryolservis”-E.P.) nə üçündür bəs?” “İdeya” müəllifi etiraz etdi: “Ay qardaş, 5-6 ay sonra seçkidir, gələcəklər ki, mənə səs verin, dərdimizi deməyə də tapmayacağıqsa, niyə səs veririk axı?” Ancaq bir ağsaqqal sakit tərzdə “insafən, elə aralarında işləyən beş-üç nəfərdən biridir İqbal Ağazadə, görmədiniz İnqilab İsmayılovda yaşıllığı qırıb bina tikmək istəyirdilər, İqbal bəy gecə yarı camaatın yanına gəldi, imkan vermədi”.
Xülasə, söhbət çox davam elədi və tonqalın söndüyünü görüb evlərinə dağılışdılar… Mən o söhbət uzunu kiminsə pozitiv bir şeylər danışmasını müçahidə etmədim, gülüş səsi eşitmədim, hər kəsdə bir gərginlik gördüm. Bu, çox acınacaqlı haldır, həm də ağrılıdır.
Əslində belə olmamalıdı. Böhrana baxmayaraq Azərbaycanın kifayət qədər imkanları var ki, onun insanları normal həyat yaşasın, üzü gülsün, qəlbi açılsın. Niyə bizdə ürək-damar xəstələrinin sayı çoxdur, səbəbini bilirikmi? Anlaşılandır, son iləlrdə böyük itkilərimiz olub, ərazi, insan itkisi, qaçqın-köçkün dərdi. Ancaq elə problemlər də var ki, onları həll etmək öz əlimizdədir. Yəni buna hansısa ermənipərəst mane ola bilməz, yaxud Minsk qrupunun vasitəçiliyinə gərək yoxdur. Ölkədə normal münasibətlər sistemini qurmaq, bir-birimizin dərdinə şərik olmaq, sevincini, kədərini bölüşmək öz əlimizdə deyilmi? Məncə, əhalinin üzünün gülməsinə xidmət edən layihələr işə salınmalıdır. Təbii ki, camaata “gülün” komandası vermək olmaz, bura normal ölkədir, Şimali Koreya deyil ki. Sadəcə üzlərdən gülüşü qaçıran hallarla mübarizə lazımdır. 5 milyon insanın banka borclu olması faktdır, deməli, banklarla bağlı qərar verərkən bu insanların taleyi də düşünülməlidir. Axı Azərbaycan xarici ölkələrə kredit ayırırdı dünənə qədər…
Amerikanın “Gallup” mərkəzi vaxtaşırı xoşbəxt ölkələrlə bağlı sosioloji sorğular keçirir. 2010-cu ildə Azərbaycan siyahıdakı 155 ölkə arasında 103-cü idi. Sorğuda vətəndaşlar özlərini gündəlik həyatda nə qədər xoşbəxt hiss etdikləri barədə sualları cavablandırır. 2014-cü ildə aparılan araşdırmanın nəticəsinə görə isə Azərbaycan bədbəxtlərin siyahısında 38-ci olub. Öz-özünü dünyadan təcrid və elə bədbəxt etmiş Ermənistanın bu siyahıda olmasında qeyri-adi bir şey yoxdur. Ancaq Azərbaycanın böyük resursları olduğu halda onun insanı uca səslə “dünyanın xoşbəxti mənəm dünyada” deməlidir. Əks halda şübhəsiz ki, ümidsizlikdən intihar üçün bina, ya körpü başına çıxanların sayı çox olacaq. İntiharların artması bizim üçün xəbərdarlıqdır.
Qədim oğuz ellərində çatılmış tonqalların sayının rəmzi mənaları var idi. Əgər bizi məşğul edən problemlər çözülməsə, bir çox hallarda düşmənin də əleyhimizə istifadə etdiyi arqumentlər aradan qaldırılmasa, bayram tonqallarımız beləcə dərd-sərimizin bölüşdürüldüyü məkana çevriləcək, şənlik mərasiminə yox. Necə deyərlər, ocağımız gur yansın, amma ətrafına da bayram ovqatında toplaşa bilək, dərdfimizi dağıtmaq üçün yox…
P.S. Dünən də işdən qayıdanda həyətdə tonqal qalandığını gördüm. Çərşənbə olmasa da, qalamışdılar. Yəqin ürəklərini boşaltmaq üçün.