Kəlbəcərli bir tanış var, bu yaxında oğlunu əsgərliyə aparmaq istəyiblər, qoymayıb. Hərbi komissarlığın nümayəndəsinə deyib ki, mən Zakir Həsənov müdafiə naziri qoyulandan bəri verilən informasiyaları diqqətlə izləmişəm, hazırda Ermənistanda sağ adam qalmamalıdır, bəs mənim oğlumu kiminlə döyüşməyə aparırsınız? Komissarlıq “Əşşi, bəlkə Amerika ilə dava elədik, daxili işlərimizə çox burun soxurlar” deyib birtəhər kişini yola gətiribdir. Yoxsa əməllicə geopolitik böhran yaranıbmış.
Doğrudan da Zakir müəllim nazir qoyulandan ermənilər alay-alay qırılırlar. Bizdən isə heç ölən olmur. Düzdür, arada Almaniyadan bloqqer Həbib Müntəzir bir gündə 3 əsgərimizin ölməsi haqda xəbər yayır, ancaq biz MN-ə daha çox inanırıq. MN xəbər vermirsə, deməli ölən yoxdur. Lap olsa belə, biz əhali sayı baxımından ermənilərdən 2-3 dəfə çoxuq. Hazırda isə, yuxarıda yazdığım kimi, Zakir müəllim Ermənistanı qırıb qurtarıb, hər gün təyyarələr Kaliforniyadan Qarabağa erməni daşıyır.
Ümumiyyətlə, bu kişi çox sərt adamdır. Eyni zamanda əsgərin dostudur, atasıdır. Misal üçün, bu yaxında qəzetdə yazmışdılar ki, Zakir müəllim cəbhə xəttinə gedəndə nəinki əsgərlərin yeməyini yeyir (yanlış anlaşılmasın, yeməyi həmin gün bir qab da artıq bişirirlər), hətta əsgərləri qucaqlayıb öpürmüş! Sitat: “Z.Həsənovla bağlı daha bir detal haqda da yazaq. Mənbəmiz bildirir ki, nazir ön cəbhədəki postlara baş çəkərkən əsgərlərlə hərbi salamlaşmadan sonra əksər vaxt onları bağrına basaraq öpür”.
Bizə belə general lazımdır. Yoxsa Əbiyev əsgərə salam da vermirdi ki, birdən paltarına bit düşər. Mənbəmizin sözlərinə görə Zakir müəllimin bu hərəkəti ordumuzda artıq örnəyə çevrilib, hamı bir-birini qucaqlayır. Əsgər əsgəri, çavuş giziri, kapitan polkovniki, kəşfiyyatçılar piyadaları, tankçılar artilleriyaçılar və sairə – hamı öpüşməklə məşğuldur. Dünyanı öpüşmək xilas edəcəkdir!
Təzə nazirimizin islahatları həm məzmunca, həm formaca yenidir, novatordur, postmoderndir. Əsgərlikdə olanlar bilir, geyimin belinə bağlanan kəmər bezdirici vasitələrdən biridir. Faktiki olaraq bir önəmi yoxdur, yəni, şalvarı-filanı saxlamır, əksinə, həmişə açıb orda-burda qoyursan, sonra bir neçə saat bunu axtarmağa gedir, nəticədə Ağdərənin bir neçə kəndini geri ala bilmirik, general Nəcməddin müəllim ağ atlı oğlan kimi qabaqda sürətlə gedir, çatmaq isə olmur! Zakir müəllim nazir qoyulan kimi birinci məxfi əmrlə kəməri ləğv etmişdir. Niyə özümüzü sıxaq axı? Qoy düşmənlər sıxılsın. Düşmən indi anlayır ki, əsgərlərimizə sərbəstlik verilib, daha da qorxur!
İkinci yeniliyə görə əsgərlərimiz “Farağat!” komandasından “Azad!” komandasına keçəndə çömələ bilərlər. Lap istəsələr komandiri qucaqlamaq da olar. Birinci əmrdə bu var.
Ən son yenilik isə papağın ləğvidir. Düzdür, hələ tam ləğv edilməyib, ilkin addım olaraq papaqsız salamlaşmağa icazə var. Halbuki, qabaqlar papaq olmadan əli qulağın dibinə qoymaq ciddi nankorluq, hərbi cinayət, vətənə xəyanət, dövlətə bəyanət, təbiətə ilan-çayanət (qafiyə üçün yazdım, mənası-zadı yoxdur) sayılırdı. Məncə bu məsələdə AMEA alimlərimiz Zakir müəllimə hərbi-elmi məsləhətlər vermişdir, çünki təzəlikcə orda da papaqatma bayramını yığışdırmaq üzərində kvant təcrübələri aparılmışdı.
Doğrudan da, əgər Novruzda papaq atmaq adət-ənənələrimizə ziddirsə, nə üçün generallar papaqsız salam verməsin? Onlar da salam verməsin, bəs kim versin? Bəyəm biz yaltaq millət-zadıq ki, papağa salam verək? Bizim üçün əsas insandır, insanlıqdır, humanizmdir.
Sonda bir Novruz arzumu da yazım, söhbəti qurtaraq. Kaş Zakir müəllim Kaliforniyadan gələn axırıncı partiya ermənini də qırıb qurtarsın, ondan sonra ordumuzu ləğv eləyək, yetim-yesirin balası da Almaniyadan baxanda ölü görünməsin.
Hazırda islahatlar bu yöndə gedir.