9 il öncəydi, jurnalist həmkarlarımızdan biri əla bir məqalə yazmış, o dövrdə ölkədə siyasi fəallara qarşı aparılan repressiv tədbirlərdən bəhs etmişdi. Onun yazısının əsas leytmotivi belə bir fikir idi ki, bu gün demokratik müxalifəti, siyasi fəalları təqib edən, müxtəlif bəhanələrlə həbsə alan, sıxışdıran hakimiyyət bir neçə ildən sonra mütəşəkkil radikal dini qrupların təzyiqi ilə üzləşəcək.
Bu, o zaman idi ki, radikal dini qrup adına üfüqdə bir neçə siluet görsənirdi. Heç kim düşünmürdü ki, 5-6 ildən sonra onlar bu qədər təşkilatlanacaqlar, sıraları bu qədər artacaq. Söz düşəndə də çoxları deyirdi, onlar ibadət əhlidir, ibadət əhlindən heç kəsə ziyan gəlməz.
Ancaq hakimiyyət komandası bir də onda ayıldı ki, radikal dini qruplar ibadətlə yanaşı qeyri-leqal qruplar da yaradıb, aralarında silah toplayanlar, düşdükləri məclisdə hakimiyyət və dövlət əleyhinə danışanlar, ölkənin bayrağına, digər dövlət atributlarına həqarət edənlər, Azərbaycan dövlətçiliyinin süqutunu istəyənlər var.
Onda ali sarayda düymə basıldı, siyasi fəallarla yanaşı, dini-siyasi fəalların həbsi də intensivləşdi. Onları xarici dövlətə casusluq etməkdə, qanunsuz silahlı birləşmələr formalaşdırmaqda, dövlət qulluqçularına silahlı müqavimət göstərməkdə, başqa ölkələrdə gedən müharibələrdə iştirak etməkdə təqsirləndirir və həbs edirdilər.
Həbslər bu gün də davam edir. Sumqayıtda bir-biri ilə atışan radikal dini qrupların üzvlərinə hökm oxunmasının ertəsi günü daha bir qrup radikal dindarın həbs olunduğu barədə xəbər yayılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu barədə danışarkən deyib ki, ölkədə radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması üçün bütün istiqamətlərdə iş gedir və bu iş davam edəcək.
Əlbəttə, dövlət bu sahəni özbaşına qoya bilməz. Vaxtilə bu kimi dini qruplaşmaları maliyyələşdirən, başqa dövlətlərə qarşı istifadə edəcəyini düşünən bir sıra Orta Şərq ölkələri indi məzhəb müharibəsinin cəngindədirlər.
Cümə günləri Pakistandan, Əfqanıstandan gələn “Daha bir məsciddə partlayış törədildi” xəbərinin mayasında məhz məzhəb savaşı durur. İslam dininin müxtəlif təriqətləri arasında olduqca amansız və qanlı müharibə gedir. Onlar növbə il bir-birinin məscid və camelərini partladırlar – həm də kütləvi ibadət vaxtı.
Eyni situasiyanı ölkəmizdə də yaratmaq istəyənlər vardı. Ancaq onlar ya vaxtından əvvəl, tam strukturlaşmamış özlərini büruzə verdilər, dövlət maşınının şikarına çevrildilər, ya bundan artıq güclənə bilmədilər.
Ola bilər ki, bu cür qruplaşmalar bağlı olduqları xarici dairələrdən aldıqları təlimat əsasında hərəkət etdilər və “tam yetişməmiş dərildilər”.
Belə bir düşüncə var ki, ölkəmizin radikal dindarları “Azərbaycanın məsələsinə sonra qayıdarıq” deyə, öncə İraqda, Suriyada gedən hakimiyyət davasına hər iki tərəfdən, dini məzhəb ayrımı ilə qarışaraq güclərini ora veriblər.
Onlar bu ölkəyə sonra qayıtmağı düşünürdülər və burda qalan qrup üzvlərinin birləşdiyi özəklər hərbi komissarlıq rolu oynayır, Suriyaya, İraqa yeni-yeni canlı qüvvələr göndərirdilər.
Ancaq bir məsələ də vardı ki, qan çanağına dönmüş Orta Şərq müasir dövrün “gedər-gəlməz”idir. Oradan sağ qayıdanları barmaqla saymaq olar. Axır vaxtlarda gələnlər isə mütləq barmaqlıqlar arxasına salınır.
Belə görünür ki, radikal dini qruplaşmaların hər bir addımı nəzarətdədir. Bəzən onlar bu cür nəzarətin şiddətindən şikayətlənir, müxtəlif tədbirlərinin qarşısının alınmasını qeyri-tolerantlıq nümunəsi kimi təqdim edirlər. Ancaq din pərdəsinə bürünərək əl altından silah toplayan, hərbi birliklər formalaşdıran, dinlərarası və məzhəblərarası ziddiyyəti qızışdıran şəxslərlə başqa cür mümkün deyil.
Sadəcə, hakimiyyət əsl möminləri, ibadət əhlini, inanclı şəxsləri radikal dini qruplaşmaların üzvlərindən ayırmalı, onlarla başqa cür davranmalı, qurunun oduna yaşı yandırmamalıdır.