Müxalifət Hakan Fidanın deputatlığa namizədlikdən imtina edərək yenidən vəzifəsinə qayıdışına etiraz edir, hökumət isə “sirr qutusu”nu köhnə yerində görməkdən razıdır…
Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının (MİT) rəhbəri Hakan Fidan AKP-dən deputatlığa namizədlik üçün müraciətini geri götürüb. Türkiyə mediasının məlumatına görə, martın 9-da axşam saatlarında Fidan namizədliklə bağlı müraciətini geri alıb və yenidən köhnə vəzifəsinə qaytarılıb.
Mətbuat yazıb ki, Hakan Fidan bu qərarı prezident və baş nazirlə müzakirələrdən sonra verib. Baş nazirin müavini və hökumət sözçüsü Bülənt Arınc mətbuat konfransında bildirib ki, Fidanın deputatlığa namizəd olmasına Ərdoğan isti yanaşmayıb: “Son günlərdə haqqında ən çox danışılan şəxs idi. Deputatlığa namizədlik üçün MİT rəhbəri postundan istefa vermişdi. Spontan olaraq sadəcə, deputat olmaq üçün namizəd olubsa, bunun israf olduğunu qeyd etmişdim.
Prezidentimiz də onun namizədliyə müraciətinə müsbət yanaşmadığını dedi. Onun çox bilgilərə malik olduğunu zaman-zaman təkrar etdi. Bu gün hörmətli MİT müşaviri qərarından imtina etdiyini baş nazirə bəyan etdi və hər vəzifəni icra etməyə hazır olduğunu bildirdi. Yenidən MİT müşaviri vəzifəsinə təyin olundu. Yaxın zamanda təzədən vəzifəsinin icrasına başlayacaq”.
Hakan Fidan 2010-cu il mayın 27-dən etibarən MİT müşaviri vəzifəsini tutur. Prezident Ərdoğanın “sir küpüm” dediyi Hakan Fidan hazırkı Türkiyə hakimiyyətinin kölgədə olan əsas fiqurlarından biridir. Ərdoğan ona böyük etimad bəsləyir, dövlət adından ən kritik məsələlər məhz bu şəxsin əli ilə həyata keçirilir. Kəşfiyyatın rəhbəri PKK ilə gizli danışıqlarda əsas fiqur olub, AKP hakimiyyətinin “qara qutusu” adlandırılıb.
Hakan Fidan 1968-ci ildə Ankarada doğulub. Quru Qoşunları Hərbi Məktəbini bitirib və 1986-cı ildən Türkiyə ordusunda müxtəlif vəzifələrdə çalışıb. Bir müddət NATO-nin Almaniyadakı mərkəzində xidmət edib. Eyni zamanda Merilend Universitetində siyasət və idarəçilik mövzusunda təhsil alıb. Türkiyəyə qayıtdıqdan sonra Bilkent Universitetində beynəlxalq əlaqələr bölümündə kəşfiyyat və xarici siyasət mövzusunda iş müdafiə edib.
Doktorluq dissertasiyası isə yenə də diplomatiya, informasiya şəbəkələri istiqamətində olub. 15 illik məcburi hərbi xidmət müddəti başa çatdıqdan sonra ordudan istefa verib və bir sıra xarici ölkə səfirliklərində, beynəlxalq qurumlarda çalışıb, elmi fəaliyyətini davam etdirib. 2003-2007-ci illərdə Türkiyə baş naziri yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə (TİKA) rəhbərlik edib. Bu vəzifəsi səbəbi ilə bütün region ölkələrini gəzib. 2007-ci ildə baş nazirin xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə müşavirin köməkçisi vəzifəsinə təyin olunub. 2009-cu il aprelin 17-də MİT sədrinin müavini vəzifəsinə gətirilən Hakan Fidan 27 may 2010-cu ildə 42 yaşında – Cümhuriyyət tarixində bu vəzifəyə təyin olunmuş ən gənc məmur olaraq – MİT sədri vəzifəsinə təyin olunur.
Onun bu vəzifəyə təyinatına ilk reaksiya İsraildən gəlib. “Mavi Mərmərə” olayında Türkiyə hakimiyyətini günahlandıran İsrail Fidanı “İranın adamı” adlandıraraq, əsas hədəf olaraq kəşfiyyatın yeni rəisini göstərib. Sonradan Türkiyə kəşfiyyatının “Mavi Mərmərə olayı”nda Türkiyə gəmisinə hücum edən İsrail ordusu zabit və əsgərlərinin haqda məlumatları üzə çıxarması İsrailin narahatlığının əsaslı olduğunu təsdiqlədi.
H.Fidan Türkiyə kəşfiyyatının yenilənməsi, daha geniş fəaliyyət sahəsinə çıxması, səlahiyyətlərinin artırılması və xarici əməliyyatlara qatılması ilə bağlı təklifləri gündəmə gəlib. Sonradan internetə çıxan səs yazılarında H.Fidanın hələ 2009-cu ildə Avropada PKK liderləri ilə görüşlərə baş nazirin özəl təmsilçisi kimi qatılması haqda məlumatlar yer alırdı. Eyni zamanda kürd məsələsinin həlli ilə bağlı prosesdə əsas şəxslərdən biri kimi Fidanın PKK lideri Öcalanla həbsxanada görüşməsi ilə bağlı faktlar da mediaya çıxdı.
Hakan Fidanla bağlı ən səs-küylü hadisə isə 2012-ci il fevralın 7-də baş verdi. Həmin vaxt Türkiyə Baş Prokurorluğu KCK prosesi ilə bağlı MİT-in bir neçə vəzifəli şəxsini, o cümlədən qurumun rəhbəri Hakan Fidanı ifadə verməyə çağırması siyasi böhrana səbəb oldu. Həmin vaxt baş nazir Ərdoğan açıq şəkildə “sirr qutusu”adlandırdığı Fidanın ifadə verməsinə mane oldu. Bundan sonra hökumətin təklifi ilə parlamentdə 6278 saylı“Dövlət Kəşfiyyat Xidmətləri və Milli İstihbarat Təşkilatı Qanununda dəyişiklik edilməsinə dair” Qanun” qəbul edildi. Yeni qanun MİT rəhbərinin yalnız baş nazirin razılığı əsasında ifadə verə biləcəyini təsdiqləyirdi.
Bu il fevralın 7-də isə Hakan Fidan iyunda keçiriləcək seçkilərdə namizəd olmaq üçün vəzifəsindən istefa verərək hakim AKP-dən namizədlik üçün müraciət etmişdi. Həmin vaxt hakimiyyət rəhbərlərinin bu qərara isti yanaşmadığı qeyd olunsa da, bir çox müşahidəçilər parlamentə seçiləcək Fidanın yeni hökumətdə strateji postlardan birinə sahib olacağını proqnozlaşdırırdı. Ancaq Hakan Fidanın bu qərarı cəmi bir ay “qüvvədə” qaldı, martın 9-da MİT rəhbəri namizədlik müraciətini geri götürdü və dərhal da baş nazirin əmri ilə köhnə işə bərpa olundu.
Lakin Fidanın namizədlikdən imtina etdikdən sonra yenidən MİT rəhbərliyinə təyin olunması Türkiyə siyasi dairələrində birmənalı qarşılanmayıb. Buna ana müxalifət CHP-dən sərt təpki gəlib. CHP sədrinin müavini və partiya sözçüsü Haluk Koç yaydığı yazılı açıqlamada H.Fidanın yenidən köhnə vəzifəsinə təyin olunmasını qanunsuz adlandırıb. H.Koç bildirib ki, namizədlikdən geri çəkilmək Fidanın haqqı olsa da, bir partiyadan namizəd olması və partiya üzvlüyünə getməsindən sonra yenidən MİT rəhbəri olması qanunla mümkün deyil.
Milliyyətçi Hərəkat Partiyasının baş katibi İsmət Böyükataman Hakan Fidanın deputatlığa namizədliklə bağlı müraciətini geri çəkdikdən sonra təzədən MİT rəhbəri təyin olunmasına yazılı açıqlama ilə münasibət bildirib. Açıqlamada qeyd olunur ki, baş nazir Fidanın namizəd olmasını istədiyi halda, prezident buna qarşı olub və nəticədə sonuncunun istəyi reallaşıb: “Uca türk millətinə xidmət üçün qurulan, ölkənin və millətin bölünməz bütünlüyü üçün çalışması vacib olan MİT təəssüflər olsun ki, ölkəmizdə separatçılarla AKP arasında bazarlıqlarda iştirak edir. Osloda sərgilənən rəzilliklərin əsas oyunçusu bu gün təəssüf ki, yenidən MİT rəhbəri oldu. Süleyman Askeri kimi qəhrəmanların müqəddəs vəzifəsini işğal edən bu zehniyyət separatçılara qucaq açıb, PKK açılımında aktiv rol alıb. Təəssüf ki, təşkilata hökm edən güc separatçılara qarşı bu qədər tolerant, sevgi və simpatiya ilə yaxınlaşdığı halda hökumətə də MHP-ni qarışdırma cəhdi və MHP üzvü iş adamlarını şantaj etməklə hökumətə xidmət etməyə imkan tapıb”.
Açıqlamada eyni zamanda Ərdoğanın MİT-dən siyasi məqsədlər üçün istifadə etdiyi iddia olunur. Eyni zamanda Fidanın İranla əlaqələrinə işarə edilir. Sitat: “Keçən günlərdə mərhum Ərbakan Hocanı anım tədbirlərinə İranın eks-prezidenti Mahmud Əhmədinejad və heyətindəki bəzi vəzifəlilərlə Hakan Fidan arasında hər hansı təmas olubmu? Namizədlikdən imtinada bu görüşün təsiri olubdurmu? Ərdoğan deputatlıq üçün istefa verən Hakan Fidanla bağlı “ona bir qisim vədlər verilə bilər, bir qisim yerlər vəd edilə bilər” söyləmək əvəzinə açıq şəkildə bu vədlərin kimlər tərəfindən verildiyini açıqlamalıdır. Bir qisim vədlər edilə bilinəcək bir şəxs çox kritik bir vəzifə olan MİT müşaviri vəzifəsində saxlanıla bilməz. Əgər saxlanılırsa, bu da vətənə xəyanətdir”.
Əlavə edək ki, müxalifət MİT haqqında qanunun 298-ci maddəsini əsas gətirərək Fidanın yenidən MİT müşaviri olmasını mümkünsüz hesab edir. Sözügedən 14 saylı qanunda qeyd olunur ki, təşkilatda vəzifəyə başladığı tarixdən etibarən 5 il tamam olmamış istefa verən və ya istefa vermiş sayılan şəxslər vəzifə ilə əlaqələrini kəsdikləri tarixdən etibarən 5 il müddətinə dövlət məmuru işinə alına bilməz”.
H.Fidan isə 4 il 8 ay əvvəl vəzifəyə təyin olunub. Ancaq eyni zamanda deputatlığa namizədliklə bağlı istefa verən ictimai vəzifəli şəxslərlə bağlı 298 nömrəli qanunda qeyd olunur ki, məhkəmə üzvləri, hakimlər, zabitlər istisna olmaqla digər vəzifəlilər namizədlikdən imtina və ya seçkilərdə uduzduqları halda öz işlərinə geri dönə bilər. Eyni zamanda müxalifət Fidanın məhz hakim partiyadan namizəd olması və sonradan geri çəkilməsi ilə köhnə vəzifəsinə təyin olunmasına etiraz edir.
Musavat.com