Bütün dünya, o cümlədən MDB üzvləri Putini axtardığı bir məqamda Gəncədən həmişəki kimi tragikomik bir xəbər gəldi: şəhərdə… MDB hökumət başçıları şurasının qərarına əsasən “Ordu və xalq birdir” devizi altında bədii-təşviqat marafonunun açılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Mən bu xəbəri hökumət saytlarından olduğu kimi köçürtdüm. Qəsdən belə elədim, yoxsa əcaib cümlələrin vurğunu deyiləm. İstədim görəsiniz ki, bizə rəhbərlik edənlər hansı siyasətin nökərləridir. Öz xalqına qulaq asmır, amma MDB kimi saxta, qanunsuz, zorakı, Rusiyanın imperiya siyasətinin aləti olan quruma yaltaqlıq edir. Guya Putin Gəncədəki o düşük tədbirin videosuna baxıb yapistlərə “malades” deyəcəkmiş.
MDB-nin qərarına gələndə, bunu İkinci Dünya savaşında faşizm üzərində qələbənin 70 illiyi münasibətiylə keçirirlər. (SSRİ varisləri o savaşa Böyük Vətən Müharibəsi deyir, baxmayaraq o zorakı vətən çoxdan cəhənnəmə vasil olmuşdur). Ancaq Rusiyanın Ukraynaya savaş açdığı, Gürcüstanın, Azərbaycanın, Moldovanın böyük hissələrini işğal altında saxladığı şəraitdə, faşizmin bir çox keçmiş sosialist düşərgəsi dövlətlərində az qala qeyri-rəsmi dövlət ideologiyasına çevrildiyi günlərimizdə faşizm üzərində qələbədən danışmaq, bunu bayram eləmək ikiüzlülüyün, saxtakarlığın zirvəsidir. Putini, Sərkisyanı, İslam Kərimovu, Nazarbayevi antifaşist saymaq elə təxminən Gimleri və Göbbelsi hazırkı Yerusəlimdə ravvin vəzifəsinə qoymaq kimi bir şeydir. (Bizim də bu sahədə babat kadrlarımız var, sadəcə adlarını çəkmək qorxuludur – onları tənqid edənləri Kürdəxanı qaz kameralarında boğurlar).
Bunlar necə deyərlər, hamıya məlum olan məsələlərdir. Bəs bunu təkrar niyə yazıram? Çünki məntiqi anlamıram. Bəzi azərbaycanlılar eyni anda həm müstəqilliyimizi, üçrəngli bayrağı alqışlaya bilər, Rəsulzadənin canına and içər, ancaq üzünü döndərib “Allah Qorbaçovun evini yıxsın, gül kimi sovet hökumətini dağıtdı”, “Stalin kişi adam idi” kimi şüarlar səsləndirər. Bunlar bir-birini inkar edən şeylərdir axı. İnsan necə bu cür, belə rahatlıqla, ürək sakitliyi və arxayınçılıqla ikiüzlü ola bilər? O məşhur sovet lətifəsində kim güc gəlsə onun hərbi formasını geyinib o tərəfə keçən şəkiliyə birdəfəlik alman forması geyinən həmyerlisinin dediyi kimi: “Abdulcabbar, köpəyoğlu, haindi ya o tərəfə keç, ya bu tərəfə, sən bizi bezdirdin axı!”
Faşizm üzərində qələbəni bayram edən keçmiş homo sovetikus-ların başqa bir tragikomik tərəfi də var. Bunu mən təzəlikcə, başqa mövzunu araşdıranda özüm üçün ortaya çıxartdım, həm güldüm, həm dilxor oldum.
Məsələ ondadır ki, hazırda Almaniyada keçmiş Vermaxt-ın (Hitler zamanında alman ordusu) döyüşçüsü olub SSRİ-yə hücuma keçən alman veteranın pensiyası savaşı udan sovet veteranlarının pensiyasından qat-qat çoxdur. Örnək üçün, Vermaxtın hərbiçisi indi Almaniyada 1000 avrodan… 8000 avroya qədər pensiya alır! Burada hərbçinin qulluq müddəti, göstərdiyi igidlik-filan nəzərə alınır. Misal üçün, Rusiyada BVM veteranı 400 dollara yaxın pensiya alır, Azərbaycanda isə vəziyyət lap acınacaqlıdır. Builki rəqəmlər hələ açıqlanmayıb, amma 2014-cü ilin mayına olan vəziyyəti “sabez” naziri Səlim Müslümov açıqlamışdı: Azərbaycanda Böyük Vətən Müharibəsi veteranlarının sayı cəmi 1536 nəfərdir, onların orta pensiyası isə 100 manatdır. O da hələ artımdan sonra 100 manat olmuşdu, ondan qabaq 55 manat imiş! Təsəvvür edirsinizmi? Qəhrəmanlara, veteranlara verilən qiymət budur? Faşist döyüşçüsü qalib döyüşçüdən 10 dəfə çox pul alır, indi özünüz fikirləşin, qalib gələn kimdir…
Ancaq Gəncə tədbirində camaat, o cümlədən veteranlar qarşısında çıxış edib hap-gopa basanların içərisində mən Qarabağı qoyub dabanına tüpürüb qaçan generalların, misal üçün, toy generalı Dadaş Rzayevin adını gördüm. Bundan sonra fikirləşdim ki, bizim veteranlar şükür eləsinlər. Heç olmazsa onların Rzayev kimi komandiri olmayıb, yoxsa indi Göygöl rayonunun adı Yelenendorf qalmışdı.