Martın 12-də Londonda “Guildhall” zalında Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə London Kral Simfonik Orkestrinin ifasında “Xəzərin işıqları” (Caspian Lights) adlı Azərbaycan musiqisi konserti keçirilib.
Konsert BUTA İncəsənət Mərkəzi tərəfindən təşkil edilib və “Kaspian Korridor” konfransı və Londonda İkinci BUTA Azərbaycan Mədəniyyəti Festivalı çərçivəsində baş tutub.
Konsertdə Fərhad Bədəlbəyli (fortepiano), Nurlan Növrəsli (vokal), Selcan Nəsibli (soprano), Nəzrin Rəşidova (skripka), həmçinin RSVP Voices kişi xoru iştirak edib.
Konsert proqramı Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Tofiq Quliyevin “Onu bağışlamaq olarmı?” filmindən “Qəmgin mahnı”, Polad Bülbüloğlunun “Gəl ey səhər” və “Durnalar”, Asəf Zeynallının “Ölkəm”, Oqtay Zülfüqarovun “Bayram Üvertürası”, Niyazinin “Qaytağı”, Musa Mirzəyevin əsərlərindən və bir sıra digər musiqilərdən ibarət olub.
Bütün konsert Tofiq Quliyev, Niyazi, Rəşid Behbutov kimi korifeylərin konsertlərindən xronika videokadrları, habelə Azərbaycan filmlərindən kadrlarla müşayiət olunub.
“Buta” İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev tədbir haqda deyib: “Bu gün biz London tamaşaçılarına tamamilə yeni bir proqram təqdim etdik. Əsərlərin əksəriyyəti ilk dəfə səsləndi. Belə premyeralar Londonun bizim mərkəzimiz üçün xüsusi şəhər – əllidən çox tədbir keçirdiyimiz bir şəhər olmasına səbəb olur. Ürəkdən inanıram ki, Britaniya paytaxtı sakinlərinin Azərbaycan mədəniyyətinin zənginlikləri ilə tanışlığı davam edəcək – əsas odur ki, bütün təşkilatçılarımız və prodüsserlərimiz Londonluların proqramların keyfiyyəti və tədbirlərin təşkil səviyyəsi ilə bağlı yüksək tələbləri olduğunu unutmasınlar. Çalışmalıyıq ki, hər bir konsertimiz tamaşaçıların ayaq üstündə alqışlaması ilə yekunlaşsın, bu gün Guidhall`da olduğu kimi. Onda Britaniya sakinləri Azərbaycan müusiqisinin bütün sözlə təsvir edilməyən gözəlliyini və dərinliyini layiqincə qiymətləndirə biləcəklər. Azərbaycan Beynəlxalq Bankına bu konsertin təşkilində verdiyi dəstəyə görə ürəkdən minnətdarıq”.
Qeyd etmək lazımdır ki, Londonda Azərbaycan incəsənətinin və mədəniyyətinin geniş təblığ edilməsinə həsr olunmuş “Buta 2015” festivalı çərçivəsində “Sadler’s Wells” teatrında iki gün Akram Xanın çıxışları olacaq. Akram Xan azərbaycanlı caz pianoçusu Şahin Növrəsli ilə birgə çıxış edəcək
Britaniyanın müasir ən yaxşı rəqqaslardan biri və bütün dünyada məşhur olan azərbaycanlı caz pianoçusu Şahin Növrəslinin birgə işinin bəhrəsi olan “Bu günün təqibi” (The Pursuit of Now) dünya premyerası təqdim ediləcək.
2014-cü ilin noyabrında start götürmüş “Buta” festivalının son həftəsinin cəmi iki axşamı ərzində Akram Xan truppası ilə birlikdə Şahinin və onun musiqiçilərinin müşayiəti ilə Londonun ən yaxşı rəqs səhnələrindən birində tamaşaçılara improvizə edilmiş rəqs təqdim edəcək.
Festival Azərbaycan rəssamlarını, musiqiçilərini və ifaçılarını bir yerə cəmləşdirib, onlar “Ronnie Scott’s” caz klubunda, Royal Albert Hall-da, Saatçi və Sotbis qalereyalarında keçirilən müxtəlif tədbirlərdə və sərgilərdə öz yaradıcılıqlarını nümayiş etdiriblər.
http://i008.radikal.ru/1503/09/000afbe9768d.jpg
http://s020.radikal.ru/i700/1503/98/e9e8ec47d510.jpg
http://s009.radikal.ru/i307/1503/ce/7ef3a9539876.jpg