Biz qəzetçilər elə işlə məşğul oluruq ki, bunun həm təhlükəli, həm sevinc gətirən hissəsi var. Təhlükəlisi odur ki, tənqid elədiyin hökumət adamı evin blokunda təpənə güllə sıxar, yaxud yazarsan biri ayı yeyib, məhkəməyə verib çərlədər, əlacsızlıqdan meşələrə çəkilib ayı kimi nərildəmək istəyərsən. Amma bu peşənin sevinci, mükafatı da gözəldir. O mükafat isə xalqın təşəkkürü, minnətdarlığıdır. Biz bununla yaşayırıq. Həyatımızın mənası budur.
Misal üçün, 2 gün qabaq mən İsmayıllı rayonundan deputat qoyulmuş Novruzəli müəllimin həyat və yaradıcılığı haqda “Deputat içkini necə atdı” başlıqlı yazı vermişdim. Həmin yazının dərcindən sonra Novruzəli müəllim mənə zəng vurdu, minnətdarlıq elədi. Dedi bu gün axır çərşənbə bayramıdır, hesab edirəm sən bu yazı ilə mənim bayramımı qutlamısan. Mən çox sevindim, hətta durub bir şəkərbura yedim, qapıya papaq atan uşaqlara yaxşı nəmər verdim. Novruzəli müəllim həmçinin tezliklə doğum günü olacağını, mənim yazımı həm də doğum günü təbriki kimi qəbul elədiyini bildirdi. Bununla bizə – çoxsaylı pərəstişkarlarına əlavə dəyərli informasiyalar vermiş oldu. Demək onun adı Novruz bayramı ilə birbaşa bağlı imiş. Nə yaxşı hörmətli deputat 28 aprel, 1 may bayramları ərəfəsində doğulmayıbdır! Onun xalqa yaxınlığını həm də bu göstərir!
Ancaq mən hiss elədim ki, Novruzəli müəllim bir qədər inciyibdir. (Peşəmiz nə qədər insafsız olsa da hələ insanlıq, humanizm hisslərini tamam itirməmişik, deputatlar üçün müəyyən qədər saxlayırıq). Çünki belə bir söz də soruşdu: “Mənim sənə, sənin yaxın qohumlarına haçansa nəsə bir pisliyim dəyməyib?”.
Qəribə sual idi. Novruzəli müəllim hesab edir ki, jurnalist kimdənsə yazı yazırsa ondan mütləq şəxsi pislik, yaxud yaxşılıq görməlidir. Əks halda niyə yazsın? Yazının, qəzetçiliyin nəsə ictimai mənası varmı?
Əlbəttə yoxdur! Məsələn, keçən həftə yuxarı mərtəbədə yaşayan baş prokuror başıma zibil atdı, mən də onu tənqid elədim. Ondan qabaq Binəqədinin icra başçısı Xaləddin müəllim metroda gedərkən ayağımı tapdalamışdı. Hələ Elman Rüstəmovun qohumlarıma elədiyi pislikləri demirəm!
Amma incikliyin başqa tərəfi də ola bilsin vardır. Çünki mən Novruzəli müəllimin deputat qoyulandan sonra bir çox zərərli adətləri atmağını, məsələn, spirtli içkini tərgitməyini tərənnüm eləmişdim, lakin bunu araşdırmağa heç cəhd göstərməmişdim. Doğrudan da, necə ola bilər ki, deputatlıq insanın arağı atmasına gətirsin? İki gün fikirləşib bu müddətdə iki butulka araq boşaldandan sonra mən bunun elmi səbəblərini tapdım.
Səbəb Novruzəli müəllimin deputatlıqdan kənar fəaliyyət sahəsindədir, axı o, həm də respublika Qızıl Aypara Cəmiyyətinin (QAC) sədridir. Planetin harasında bir humanitar fəlakət olsa orda Novruzəli müəllimin qızıl ayparalı avtomobil karvanlarını görmək mümkündür. Telekanalizasiyalarımızda tez-tez belə kadrlar gözə dəyir: Novruzəli müəllim əleyhqaz taxmadan helikopterdən iplə Fukusima AES üzərində sallanır, onun hər iki əlindəki iplərdən isə 15 yapon uşaq bərk-bərk tutmuşdur. Yaxud görürsən Banqladeşi sel basıb, camaat vannada üzür, Novruzəli müəllim isə sualtı qayıqla vannaları toplayır. Kamera qəfil fırlanır, bu dəfə Novruzəli müəllim İsmayıllıda yanan “Çıraq” hotelinin külləri içərisindən qanadı qırıq səməndər quşunu çıxardıb Bakı Hayvanat Bağçasına aparır.
Belə ağır ictimai fəaliyyəti ancaq araqla sakitləşdirmək olardı. Bu qədər dərdi ayıq başla çəkmək mümkün deyildi. Lakin Novruzəli müəllim sonradan deputat olarkən gördü ki, bizim Milli Məclis texnogen, ekoloji, tektonik və sairə fəlakətləri aradan qaldırmaq gücündədir. Səyavuş müəllim bir qərar düyməsi basanda Suriyada neçə qaçqın uşağı doyur. Hadı müəllimin hazırladığı qanun layihəsi sayəsində indiyə qədər neçə afrikalı müəllim begemot ağzından qurtulubdur. O cümlədən də başqa deputatlar QAC-ın planetar vəzifələrini tam şəkildə yerinə yetirirlər.
Ona görə də daha içməyə ehtiyac qalmır.