“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rekord.az-a müsahibə verib.
Müsahibəni sizə təqdim edirik:
– Bizə çatan məlumata görə, Quintanadan sonra yenə hücumçu axtarışınızı davam etdirirsiniz. Son günlər Türkiyə millisinin sabiq üzvü Gökhan Ünalla danışıqlar apardığınız deyilir…
– Açığı, konkret bu futbolçu haqda məlumatım yoxdu. Amma hücumçu axtarışında olduğumuz doğrudu.
– Danışıq apardığınız futbolçular var?
– Var.
– Tanınmış futbolçulardı, ya necə?
– O qədər də yox. Çünki tanınmış futbolçunun qiyməti də yüksəkdir və bizim üçün bir az ağır olar.
– Daniel Subotiçlə bağlı məsələ nə yerdədi? O, özü verdiyi açıqlamasında “Qarabağ”da oynamaq istədiyini bildirdib. Amma eyni zamanda deyib ki, bunun üçün təklif də olmalıdı. Bu futbolçu ilə danışığınız olmayıb?
– Yox, bu futbolçu ilə danışıq aparmamışıq.
– Yeni transferiniz Quintana Bakıya qayıtdıqdan sonra kollektiv məşqlərə qoşulacaq, yoxsa onun üçün fərdi plan hazırlamısınız?
– Ölkəsinə getməmişdən öncə kollektiv məşqəd iştirak edib. Geri qayıtdıqdan sonra ola bilsin bir-neçə gün fərdi məşq etsin, amma sonra yenidən kollektivə qoşulacaq.
– Qarşıdan Malta ilə oyun gəlir. Sizcə, Robert Prosineşki nəyisə dəyişə biləcək?
– Dəyişməlidi. Yazılanlara, danışılanlara və futbolçulardakı özünəinama baxsaq buna ümid yaranır. Çünki hamı qələbəyə köklənib.
– U-17-nin Avropa çempionatının elit raundakı bərbad çıxışının səbəbini nədə görürsünüz? Bizim gənc futbolçular indidən bu cür hesablarla uduzurlarsa, gələcəkdə onlardan nə gözləyə bilərik?
– Gəlin belə danışaq da. 1-2 ay bundan qabaq hamı U-17-dən danışırdı. İndi bir oyun uduzdu deyə qiymət verə bilmərik. Futbolda düşünmədiyin o qədər nəticələr olur ki. Bəzən ən böyük klublar da böyük hesabla uduzur. Əgər U-17-i bundan qabaq uğur qazanıbsa, deməli, eyni uğuru yenə gözləmək lazımdı. Həm də rəqiblər çox güclüdü. Xorvatiya futbolçu istehsalında öndə gedən ölkələrdəndi. Avropanın bütün iddialı klublarında xorvatlara rast gəlmək olar.
– Biz neyləməliyik ki, biz də o cür olaq?
– Hər şey yavaş-yavaş olur. Düşünürəm ki, ildən-ilə işimizi stabilləşdirməliyik. Bu gün Xorvatiyanın uşaq futbolunu özümüzlə yan-yana qoya bilmərik. Biz daha çox iş görməli, infrastrukturu daha da yaxşılaşdırmalıyıq.