Aktrisa Sədaqət Qasımlının Milli.Az-a müsahibəsi.
– Sədaqət xanım, tamaşaçılar sizi “Həyat, sən nə qəribəsən” serialından yaxşı tanıyırlar. Bundan başqa, “Taksi parkı” serialında da rol almısınız. Hələ “Bu şəhərdə”nin konsert proqramında canlandırdığınız məşuqə və tibb bacısı obrazı da bir başqa idi. Həmin obrazı oynamaq sizin üçün çətin olmadı ki?
– Kollektivlə ilk görüşümüzdə, demək olar ki, məlumatım yox idi. Bircə onu bilirdim ki, şkafa girmək məsələsi var. Mənim üçün də problem deyil, plastikam var, şükür Allaha (gülür). Rafael və Coşqun bəylə tanış olandan sonra Müşviq bəy də gəldi və dedi ki, sən tibb bacısı olacaqsan, həm də məşuqə. Əlavə etdi ki, narahat olma, sənə parik qoyacağıq, qrim edəcəyik, dəyişiləcəksən. Konsert elə həmin gün idi – martın 5-i. Biz saat 12:00-da görüşmüşdük. Dedilər ki, gedin, saat 18:00-da gələrsiniz. Sözün düzü, əvvəl fikirləşdim ki, mənə uyğun rol deyil, amma sonra qərara gəldim ki, oynayacağam. Çünki ümid etdim ki, tamaşaçılar mənim barəmdə mənfi bir şey düşünməzlər. Həmin rol sırf gülüş yaratmaq və mətnaltı bəzi şeyləri çatdırmaq üçün nəzərdə tutulmuşdu.
– Düşündüyünüz kimi oldu?
– Bəli, düşündüyümdən daha gözəl oldu. Youtube-da yazılan şərhləri də oxudum, hər şey qaydasında idi. Tamaşaçılar sağ olsunlar. Onu da deyim ki, “Bu şəhərdə” kollektivi çox gözəl kollektivdir, Allah yollarını açıq etsin, uğurları uzunömürlü olsun.
– Siz ixtisasca aktrisasınız?
– Mən Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivləri rejissoru fakültəsini bitirmişəm.
– Bəs niyə teatrda çalışmırsınız ki?
– Pantomima Teatrında işləməyi çox istəyirəm, amma bəzi şeylərə görə alınmır.
– Hansı səbəblərə görə alınmır?
– Həm idman, həm də fokusla rəqs proqramlarımız var. Çıxışlarımız olur, ona görə də vaxt problemi yaranır. İnşallah, orada işləmək qismət olar mənə nə vaxtsa (gülür).
– Gənc bir aktrisa olaraq nə deyə bilərsiniz, bu sənətdə perspektiv var?
– Məncə, aktrisalıqdan başqa sənət, ya da biliyin olması yaxşıdır. Bu sənət elədir ki, çəkiliş ola da bilər, olmaya da bilər. Perspektivə gəlincə, düşünürəm ki, bizdə bu var, amma azdır.
– Canlandırdığınız məşuqə obrazı sizin gələcəkdə açıq-saçıq səhnələrdə rol almağınıza imkan verəcək, sizcə?
– Məşuqə rolunu oynamağım mənim gələcəkdə açıq səhnələrə çəkiləcəyim anlamına gəlmir, düşünürəm.
– Niyə? Kompleksiniz var?
– Xeyr, sadəcə olaraq, mənə döyüş filmləri lazımdır. Döyüşçü olmaq istəyirəm (gülür).
– İdmanla məşğul olursunuz?
– Bəli, taekvondo növü ilə.
– Sizdə aktrisalığa maraq haradan yaranıb bəs? Axı idmanla incəsənət ayrı-ayrı, fərqli sahələrdir…
– Haradan yarandığını özüm də bilmirəm. Heç də ayrı deyillər, fikrimcə, yaxşı yola gedirlər, ikisi bir yerdə gözəldir (gülür).
– Başqa hansı sənət sizin üçün maraqlıdır?
– Rəssamlıq, üzgüçülük, bir də rəqqaslıq…
– Hansı tip rollar sizə yaddır?
– Məşuqə və digər mənfi rollar. İnsan nədən qaçırsa, o da başına gəlir (gülür).
– Axı siz aktrisasınız… Belə rollar sizi niyə qorxudur ki?
– Aktyor əslində hər bir rola girməyi bacarmalıdır. Ortada xarakter söhbəti var. Əgər istəsəm, edərəm. Sadəcə olaraq, öz prinsiplərimi pozmaq istəmirəm.