Səudiyyə Ərəbistanı şiə üsyançılarının (husilər) hakimiyyəti ələ keçirdiyi Yəməndə hərbi əməliyyatlara başladığını elan edib.
Virtualaz.org saytı “Röyter”ə istinadla xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adel əl-Cubey bildirib.
Əməliyyatın birinci fazasında Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənaya zərbələr endirib. Əməliyyatın ABŞ-la məsləhətləşmələrdən sonra başladığı bildirilir, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının səylərini dəstəkləyəcəyini vəd edib, ancaq əməliyyatda bilavasitə iştirak etməyəcək.
Məlumatı ABŞ administrasiyasından açıqlayıblar. Hərbi əməliyyat barədə BMT də məlumatlandırılıb.
Abdel əl-Cubey
Səfir Abdel əl-Cubey jurnalistlərə deyib ki, aviazərbələr husi üsyançılarının nəzarətində olan obyektlərə endirilir.
“Yəmən xalqını və onun qanuni hakimiyyətini müdafiə etmək üçün bütün zəruri addımlar atılacaq… Yəmənin çökməsi bizim üçün variant deyil”-deyə səfir bildirib.
Əməliyyat qurudan da başlaya bilər. Belə ki, Səudiyyə Ərəbistanı Yəmənlə sərhədə iri qoşun qruplaşmaları cəmləşdirib. Səfirin sözlərinə görə, Yəməndə əməliyyat hansısa şəhərlə və regionla məhdudlaşmayacaq.
Beynəlxalq xəbər agentlikləri məlumat verirlər ki, ilk hava zərbələri Sənanın beynəlxalq hava limanı yaxınlığındakı aviabazaya endirilib. Bu aviabaza husilərin nəzarətindədir və bir neçə gün əvvəl oradan qalxan təyyarələr Yəmən prezidentinin iqamətgahını bombalamışdı.
Bu bomba zərbələrindən sonra Yəmən prezidenti ölkədən qaçmalı olub. Həmçinin şahidlər bildirir ki, Yəmən paytaxtında bomba partlayışları ara vermir. Gecə bombardmanlarında onlarla adamın öldüyü təxmin edilir.
Səudiyyə Ərəbistanı səfiri onu da deyib ki, Yəməndəki əməliyyatlarda başqa region ölkələrinin iştirakı da gözlənilir. Məlumatlara görə, əməliyyatda 10-a qədər ölkə, o cümlədən Fars körfəzi ölkələri iştirak edəcək. Küveyt, Bəhreyn və Qətər artıq Yəmənin “husi işğalçılarından” müdafiəsini dəstəkləyəcəklərini elan ediblər.
Martın 26-na keçən gecə Yəmən ordusunun husilərin tərəfinə keçən hissəsi paytaxtda beynəlxalq aeroportu və Ədən dəniz limanını ələ keçiriblər.
Abd Rabbo Mansur Hadi
Prezident Abd Rabbo Mansur Hadinin paytaxtdan qaçandan sonra bu limanda gizləndiyi xəbər verilirdi. Daha sonra o, qayıqla limanı tərk edib. Üsyançıların qüvvələrinin Abyan sahil şəhərinə doğru irəlilədiyi bildirilir.
Prezident Mansur Hadiyə sadiq olan qüvvələr isə ağır döyüşlərdən sonra Ədən aeroportunun bir hissəsinə nəzarəti ələ ala bilib.
Yəməndə hərbi əməliyyatların başlamasından sonra dünya birjalarında “Brent” markalı neftin qiymətində kəskin sıçrayış – 6 faiz bahalaşma olub. Bu da Fars körfəzindən neft daşınmasına yarana biləcək təhlükə ilə əlaqəlidir. Belə ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraqdan neft daşıyan tankerlər Qırmızı dənizi keçmək və Avropa sahillərinə üzmək üçün dar Ədən körfəzindən keçməklə Yəmən sahillərini dolanmalı olurlar.
Qeyd edək ki, Yəməndə “ərən baharı”ından sonra bu ölkə Səudiyyə Ərəbistanı, “əl-Qaidə” və İran arasında rəqabət meydanına çevrilib. İranın dəstəklədiyi və şiəliyin zeyditilər sektasına aid olan husilər son aylar xeyli güclənərək Səudiyyə Ərəbistanı və digər sünnü monarxiyalarının dəstəklədiyi prezident Hadiyə qarşı üsyana qalxıblar.
Səudiyyə Ərəbistanı ehtiyat edir ki, husilərin Yəməndə hakimiyyəti ələ alması ölkənin Yəmənlə sərhəd və neft yataqlarının yerləşdiyi şiə bölgələrində də üsyana səbəb ola bilər.
Bu münaqişədə Yəmənin 2011-ci ildə devrilmiş prezidenti Əli Abdalla Saleh də husi üsyançılarını dəstəklədiyi haqda xəbərlər var. Son məlumatlara görə, Saleh Səudiyyə Ərəbistanının bombardmanlara başlamasından sonra Sənadakı iqamətgahını tərk edib. Husilər isə bombardmanlara cavab olaraq tammiqyaslı müharibə ilə hədələyiblər.