Natiq Cəfərli: “Bu qərarın Azərbaycan iqtisadiyyatı üçün faydası çox kiçik rəqəmlə ifadə olunur”
Adil Qeybulla: “Saatların çəkilməsi ilə insanların bioritmi pozulur, sinir sisteminə, adaptasiya mexanizminə təsir göstərir”
Martın 29-da Azərbaycanda saatın əqrəbləri 1 saat irəli çəkilərək, yay vaxtına keçiləcək.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli Qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 29 mart 2015-ci il tarixində saat 4:00-da Azərbaycan Respublikası ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.
Bəs, görəsən bu dəyişiklik ölkə iqtisadiyyatına nə qazandırır? Yay vaxtına keçidin insan orqanizminə ziyanı varmı? Bu qərarın iqtisadi faydaları insan psixologiyasına təsiri ilə müqayisədə nə dərəcədə önəmlidir?
Musavat.com-un suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan kiçik bir ölkədir və yay vaxtına keçid iqtisadiyyata o qədər də xeyir gətirmir: “Bu gün işığına hesablanmış bir dəyişiklikdir və yüz illik bir tarixi var. Azərbaycanda yay-qış vaxtının təyin edilməsi müstəqillik illərindən tətbiq olunmağa başladı. Ancaq artıq əksər ölkələr bu təcrübədən imtina edirlər. Çünki vaxt dəyişikliyinin iqtisadiyyata faydalı olduğu iddia edilsə də, insan səhhətinə zərəri var. Bu barədə çox ciddi araşdırmalar aparılıb və bu dəyişikliyin insan psixologiyasına ziyan vurduğu təsdiqlənib.
Saat dəyişikliyinin iqtisadiyyata müəyyən faydaları olduğu deyilir. Yay və qış vaxtına keçiddə əsas məqsəd elektrik enerjisinə qanaətdir. Ancaq bu təcrübə əsasən, özünü böyük ölkələrdə doğruldur.
Məsələn, Türkiyədə hesablanıb ki, bu qərar hər il 500 milyon dollar dəyərində elektrik enerjisinə qənaət etməyə imkan yaradır. Türkiyənin ərazisi və əhalisi Azərbaycandan təxminən 10 dəfə çoxdur. O ölkədə 500 milyon dollardan söhbət gedirsə, Azərbaycan üçün bu, daha kiçik rəqəmlə ifadə olunur. Bizim üçün bu qərarın iqtisadi faydası o qədər də ciddi deyil və düşünürəm ki, bu praktikadan imtina etməyin vaxtıdır”.
Yay vaxtına keçidin insan səhhətinə təsirinə gəlincə, tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, artıq bir çox ölkələrdə bu qərar ləğv edilib: “Rusiya artıq bir neçə ildir ki, bundan imtina edib. Bu qərarın iqtisadi baxımdan heç bir səmərəsi olmadığından və əhalinin rahatlığını pozduğundan Rusiyada bu məsələ müzakirə edilib və imtina olunub. Azərbaycan bundan niyə imtina eləmir və nə üçün davam etdirir, bu, məlum deyil. Çünki yay vaxtına keçidin heç bir iqtisadi səmərəsinin olmadığı sübuta yetirilib. İqtisadiyyatı inkişaf etmiş ölkələrdə bu saat dəyişmələrinə heç bir önəm verilmir.
İkinci bir məsələ odur ki, insanların uzun müddət bioritmləri formalaşır. Məsələn, hər gün səhər saat 8-də yuxudan qalxırdılarsa, artıq bir saat tez və ya gec qalxmalı olacaqlar. Beləliklə, bu, bioritm pozulur. Bu insanların sinir sisteminə, adaptasiya mexanizminə təsir göstərir. Bu da orqanizmdə müəyyən fəsadlara yol açır. Əgər, bu saat dəyişmələrindən imtina edilməyəcəksə, yaxşı olar ki, insanlara müəyyən məsləhətlər versinlər. İnsanlar bir müddət öncədən başlayaraq, tədricən vaxtlarını irəli çəksinlər və yeni saata öyrəşsinlər. Əks halda, bu problemlər yaradır. Çünki əhalinin əksəriyyəti onsuz da gərgin vəziyyətdədir. Bu cür bir dəyişiklik də müsbət heç nə vəd etmir”.
Psixoloq Dəyanət Rzayev isə bildirdi ki, insanlar üçün bu, çətin olsa da, müəyyən müddətdən sonra tam adaptasiya olurlar: “Bu, insan psixologiyasına təbii ki, təsir göstərir, insanların gündəlik rejimi pozulur. Ancaq tədricən, təxminən bir həftəyə yeni vaxta adaptasiya gerçəkləşir. Sinir sistemi həssas olan insanlar üçün bu, daha çətin olur. Ancaq onlar da müəyyən müddətdən sonra adaptasiya olurlar. Ümumilikdə götürsək, bu fəsadlar o qədər də ciddi deyil”.