Analitik.az xarici mətbuata istinadən xəbər verir ki, silahlı İsrail hərbçiləri gecə vaxtı fələstinlilərin evlərinə girərək uşaqları sorğu-sual edirlər. Bu barədə video-yazını Israil hüquq müdafiə qrupu B’Tselem sosial şəbəkədə yerləşdirib. Reyd zamanı əsgərlər 16 yaşadək uşaqları yuxudan oyadıb yataqlarındaca hədə-qorxu gəlməklə sorğu-sual edir və fotolarını çəkirlər.
İordan çayının Qərb sahilində yerləşən Hevron şəhərində bir gecədə 10-larla evə əsgərlərin girdiyi bildirilir.
Yerli hüquq müdafiə fəallarının dediyinə görə, İsrail hərbçiləri reydləri onunla əsaslandırıblar ki, gündüzlər uşaqlar onlara daş atır. Valideynlərin gecə vaxtı evlərə girmələrinə etirazına baxmayaraq, hərbçilər reydləri davam etdiriblər.
“Uşaqların beynəlxalq müdafiəsi” təşkilatının Fələstin bölməsinin məlumatına görə, il ərzində İsrail əsgərləri 500-700 fələstinli uşağı həbs edirlər. Uşaqlar əsgərlərə daş atmaqda günahlandırılır.
Qeyd edək ki, 2014-cü ilin yayından İsrail hərbçiləri Qəzza sektorunda “Sarsılmaz qala” əməliyyatına başlayıblar. Məqsəd HAMAS-ın nəzarətində olan ərazilərdən yəhudi məntəqələrinin atəşə tutulmasının qarşısını almaqdır. 7 iyuldan başlayaraq 7 həftə davam edən hərbi əməliyyatlar zamanı 2 mindən çox fələstinli, 70-dən artıq israilli həlak olub. Avqust ayından isə İsraillə Fələstin arasında atəşkəs əldə edilib.