Novruz tədbirləri bitib getdi. Uca millətimiz daha bir saxtakar bayramlaşmasını yola verdi. Şəkərbura və paxlava, səməni, Keçəl və Kosa kimi saxta atributlar, personajlar bizim yaza necə girməyimizi həmişə qəşəng göstərir. Misal üçün, hamı paxlava yeyib şişməsindən şikayətlənir. Yaxud yaşıllıqları qırıb boz divar şəhərinə çevirdikləri ölkədə nəlbəkidə taxıl cücərdirlər. Ən maraqlı şikayəti AzDrama zəhmətkeşləri eləmişdilər: onların bir çoxu hökumətin bulvarda, İçərişəhərdə qayırdığı Novruz tədbirlərinə Keçəl və Kosa sifətində qatılmaqdan imtina etmişdi. Demişdilər ki, qabaqkı illərdə fəxri adı (əməkdar artist, xalq artisti, hökumətin təlxəyi və sairə) olan artistləri Novruz bayramına sürümürdülər, indi də getmirik.
Qoy “poqonu olmayan” artistlər getsin. Yəni aktyorlar dolayısı ilə Keçəl və Kosa roluna girməyin düşüklük olduğunu bildirdilər. Düz də elədilər məncə. Ömrüm yarıdan keçib, mən hələ o murdar görkəmli personajların hansının müsbət, hansının mənfi qəhrəman olduğunu bilmirəm. Ümumiyyətlə, nə işə yaradıqlarını anlamıram. Elə bil icra hakiminin ümumi işlər üzrə müavinidirlər.
Alovu söndürüb külü ilə oynayan, Prometeylərini Kürdəxanı zindanında çürüdən millətin tonqal qalayıb hoppanmağı da başqa faciə idi. Ölkənin hər yerində bir saxtakar beş-on odunu qalaqlayıb tonqal qalayır, fotoqraflara poza verirdilər.
Azərbaycan cəmiyyətinin ikiüzlülüyünün daha bir sübutu bayram günlərində sosial şəbəkədə göründü. Tanınmış blogger və fotojurnalist Mehman Hüseynov Bakıda bir əlilin araba ilə avtobusa minmək problemini videoya çəkib yaymışdı. Problem qısa olaraq belə idi: əlil Orxan Adıgözəl dayanacaqda arabası ilə durub, getmək istəyir, avtobus sürücüsü isə onu götürməkdən nümayişkaranə şəkildə imtina edir.
Dünyada aksiom – müzakirə edilməsi belə ayıb olan şeylər var. Misal üçün, uşaqlara sevgi, fiziki qüsuru olanlara hörmət, köməksizlərə qayğı və sairə. Ancaq bizdə bunları hələ müzakirə edirlər. İnternetdə, sosial şəbəkələrdə utanmazlıqla belə şərhlər yazırdılar: “Əlili avtobusa mindirmək sürücünün borcu deyil”, “Avropada belədirmi?”, “Bəs Mozambikdə necədir? Videosuna baxın”, “İndi o şofer işsiz qaldı, uşaqları nə yeyəcək?”, “Gücünüz çatırsa hökumətdən yazın” və sairə. Pəncərədən bayıra baxmağa qorxanlar üzərində məhkəmə işi olan, ölkədən çıxışına qadağa qoyulan, dəfələrlə təzyiqlərlə üzləşmiş Mehman Hüseynovu qınayırdılar.
21-ci əsrdə “Əlili avtobusa kim mindirsin” mövzusunu müzakirə edən millətin yaşamaq haqqı yoxdur. Kəskin çıxdı, anlayıram, amma ayrı cür yazmaq da mənasızdır. Camaat Marsda koloniya qurmaq haqda fikirləşir, bunlar velosipedi kəşf edirlər. Sözgəlişi, elə bu ay İsmayıllı rayon icra hakiminin çıxışını oxumuşdum, deyirdi rayonda analoqu olmayan velosiped zavodu qayıracağıq. Anlaşılmırdı burda analoqu olmayan ifadəsi nəyə aiddir: başqa rayonda belə zavodun olmadığına, yoxsa İsmayıllı velosiped zavodunda düzəldilən qurğuların dalına vedrə də bağlanacağına?
Dağlıq Qarabağda yaşayan erməni əsgərin qaçıb bizim orduya təslim olması mövzusu aktualdır. Ərəstun Oruclu təklif edib ki, onu əsir adlandırmayaq. İsa Qəmbər isə Qarabağ erməniləri üçün “Peşmanlıq qanunu” hazırlamaq təklifi irəli sürüb. Belə qanun Türkiyədə varmış, PKK tərəfdarı olan kürdlər o qanundan yararlanıb təzədən dövlət tərəfə keçə bilirmiş.
Bunlar hamısı gözəl sözlərdir. Ancaq peşmanlıq qanunundan niyə hamımız üçün hazırlanmasın? Sorğu keçirsən sadə vətəndaşların yalan olmasın, bəlkə doxsan faizi bu ölkədə doğulmağından peşman olduğunu söyləyəcək. Peşmanlıq ümummilli şəkildədirsə, bundan niyə ancaq bir qrup etnik azlıq yararlanmalıdır? Biz də qanuni şəkildə peşman olmaq istəyirik. İstəyirik bizi üçüncü ölkəyə versinlər. Tonqalın üstündən hoppanıb ora düşməyə hazırıq. Hara olur olsun, fərq eləmir. Təki bizim az olduğumuz yer olsun.