Novruz günlərində ovqatı xüsusi xoş edən olaylardan biri də erməni ordusunun əsgəri Andranik Qriqoryanın əldə ağ bayraq Azərbaycana pənah gətirməsi oldu. Bu insidentin önəmi həm də ondadır ki, indiyədək əks istiqamətdə qaçış baş verməyib: Allaha şükürlər olsun ki, ordumuzdakı bəlli nöqsanlara rəğmən, hələ heç bir hərbçimiz belə niyyətə düşməyib, yəqin ki, heç vaxt düşməyəcək də.
Bu fakt öncəliklə silahlı qüvvələrimizin son illər qardaş Türkiyənin də iştiraklı ilə daha da güclənməsinə dəlalət edir; eyni zamanda Azərbaycan ordusundakı psixoloji durumun, hərbi intizamın daha məqbul olması ilə bahəm, düşmən ordudakı vəziyyətin necə olmasına şəhadət verir.
Təkrar edirik, söhbət biz tərəfə keçən hansısa mülki ermənidən, yaxud Gerovkyanlar ailəsi timsalında mülki şəxslərdən getmir – kontrakt əsasında qulluq edən 24 yaşlı hərbi qulluqçudan gedir. Qriqroyanın Dağlıq Qarabağ ermənisi olması, yəni Azərbaycan vətəndaşı sayılması isə olayın ölkəmiz üçün siyasi, təbliğati əhəmiyyətini birə-iki artırır. Qalır bircə bu prosesə rəvac verilməsi, qarabağlı erməni silahlıların biz tərəfə kütləvi fərar eləməsi üçün Bakının müdrik, uzaqgörən, stimullaşdırıcı addımları.
Ən azından öz vətəndaşımız kimi Qriqoryanı ürəkli hərəkətə görə təqdir və hüquqlarını təmin eləmək, ona normal yaşamaq, Azərbaycanla bağlı onda illər uzunu formalaşdırılmış qorxulu stereotipləri dağıtmaq gərəkir. Ki, üçüncü ölkəyə getmək istəsə belə, faktiki, girov olan Dağlıq Qarabağın erməni əhalisinə həqiqətləri çatdıra bilsin, soydaşlarının gözlərini açsın, Azərbaycanın və Qarabağ reallıqlarının bir növ təbliğatçısına, öz adamımıza çevrilsin.
Qəti şübhə yox ki, hadisədən psixoloji şok keçirən erməni hərbi-siyasi rəhbərliyi Qriqoryanın Azərbaycan tərəfdə incidilməsində, onunla qaba rəftar olunmasında, beləliklə də əsgərin öz hərəkətinə görə peşmançılıq keçirməsində ifrat dərəcədə maraqlıdır. Belə bəhanə düşmənə, ələlxüsus, Azərbaycanı, onun neft-qaz kəmərlərini vurmaqla hədələməkdən çəkinməyən Ermənistanın hərbi rəhbərliyinə əsla verilə bilməz!
Hətta Andranik Qriqoryan arzulasa, ona Azərbaycan vətəndaşlığa almaq hüququ da tanına bilər zənnimizcə. Təbii ki, prezident tərəfindən amnistiya ediləndən, digər müvafiq hüququ normalar və prosedurlar gözlənilməklə. Yeri gəlmişkən, “Qızıl amnistiya” kökəncə Qarabağdan olan bütün qanunsuz erməni silahlılarına vəd edilə bilər – bir istisna ilə ki, qarabağlı erməni silahlısının əli ağır cinayətlərə, qətllərə bulaşmış olmasın.
Belə bir güzəşt sözsüz ki, işğalçı ordunun sıralarına zorla cəlb edilmiş Qriqoryan timsallı “iki ürəkli”ləri qəti qərara gəlməyə stimullaşdıra, işğalçı qüvvələrdə parçalanma yaradıb ağ bayraq qaldırmaq istəyənlərin sayını artıra, paralel surətdə Azərbaycan haqda dünyada pozitiv rəyi gücləndirərdi. Üstəgəl, Bakının problemi sülh yolu ilə çözmək istəyinə, mübarizəni dinc erməni əhalisi ilə, öz vətəndaşları ilə deyil, təcavüzkar qüvvələrlə apardığına, bu yöndə ciddi çabalar göstərdiyinə beynəlxalq birliyin inamını qüvvətləndirərdi.
Təsadüfi deyil ki, həm də bu kimi perspektivdən qorxduğu üçün Ermənistanın müdafiə naziri Seyran Ojanyan erməni jurnalistlərə açıqlamasında Qriqoryanın Azərbaycan tərəfə keçməsinin səbəbini “ailəsində axtarmağı” məsləhət görüb. Sitat: “Əgər ona təzyiqlər olubsa da, bu, onun ailəsində olub. İlkin olaraq onu deyə bilərəm ki, həmin əsgərlə valideynləri arasında gərgin münasibətlər yaşanıb. Mən komandirlərin Qriqoryana pis münasibətini istisna edirəm. Onun bu cür davranışının səbəbini ailəsində axtarmaq lazımdır”.
Xocalı soyqırımında adı keçən hərbi cinayətkarlardan biri kimi Seyran Ohanyan əlbəttə ki, blef edir və hadisənin psixoloji şokunu yaşayan erməni cəmiyyətini, cənnət nağıllarından bezən və tədricən ayılmaqda olan Dağlıq Qarabağ sakinlərini bu yolla sakitləşdirməyə, ən əsası, erməni işğalçı ordusunda hökm sürən acınacaqlı durumu, başıpozuqluğu ört-basır eləmək istəyir.
Gecdir artıq.