“Düzəlib hər yarağımız, Qalıb saqqal darağımız” (Azərbaycan ata sözü)
“Apple” şirkətinin qurucularından olan Stiv Voznyak bu günlərdə bəyan edib ki, bəşəriyyətin gələcəyindən qorxur, çünki Səyavuş Novruzovun intellektual potensialı yaxın yüzillikdə fiziki olaraq sönməyə məhkumdur.
Zarafat edirəm, Voznyakı narahat edən bu deyildir. Bu, olsa-olsa Cəhri kənd sakinlərini düşündürəcək lokal, yerli, cupbulu problemdir. (Sinonimləri bir-birinin dalına bağlayıb xalq şairi olan Zəlimxan müəllimdən mənim nəyim əskikdir? İndən belə bu cür yazacam, xoşu gəlməyən özünü bulvarda dənizə atsın). Voznyak deyib ki, yaxın illərdə kompüterlərin, süni intellektin inkişafı sayəsində robotlar adamları üstələyəcəkdir. Vaxt gələcək robotlar bizə buyruq verəcəkdir. Çörəyimizi əlimizdən alacaqlar. Xoşları gəlməsə insanları qarışqa kimi ayaqlayacaq, vurub öldürəcəklər.
He-he. Mən anlamıram Stiv müəllim niyə gələcək zamanda danışır. Onun danışdığı cəmiyyət modeli hazırda Azərbaycanda vardır. Bizi robotlar idarə edir, ölkəmizdə hər şey sünidir, özümüz də nəsli kəsilməkdə olan insan nəsli fason bir şey olmuşuq. İnsanlarımız yaşamaq üçün robot cildinə girməyə məcburdur. Sadəcə, rejissorların ağlı yoxdur, AzTV-nin reportajlarını götürüb montajsız-filansız “Saturn” fantastik filmlər festivalına göndərmək, baş ödülü qazanmaq olar.
Manat təzə devalvasiya olanda – keçən ay bir xəbər oxumuşdum: Dollarla Kredit Götürənlərin Hüquqlarını Müdafiə Komitəsi yaradılmışdır. Açığı, qəddar olsa da xeyli gülmüşdüm. Bilmirəm o qurumun axırı nə oldu, yenə aktivdirlərmi, yoxsa həmişəki kimi bir yerə yığışıb boş-boş danışıb dağılışan azərbaycanlılar ittifaqı idimi, hər halda təşkilatın ismi-şərifi mənə çox tragikomik gəlmişdi. Bəs necə, biz rektor qızının həqiqətənmi çırpıldığını, türmədəki qadının necə uşaq doğduğunu araşdıran və bir yerə çıxara bilməyən insanlarıq, süni intellektdən bizə nə?
Yekə-yekə danışmaqla iş düzəlmir, orduya diqqətdən, cəbhə xəttində uğurlardan qırıldadanlara təklif edirəm arada cəbhə rayonlarına tərəf də getsinlər. Misal üçün, İmişlidən Füzuli rayonu istiqamətində 50-60 kilometr magistral yolun hansı vəziyyətdə olmasını görsünlər. Yol elə çopurlu, elə çökəklərlə doludur ki, bunun üzərində Ay kraterləri haqda film çəkərsən, kimsə fərqi anlamaz. On minlərlə insanın, o cümlədən hərbçilərin yaşadığı bölgəyə diqqət budurmu? O yolu bir-iki dəfə gedib-gələn adamda nəinki vətən sevgisi qalar, bəlkə kainata nifrət edərsən. Kim bilir, bəlkə o yolu fərariliyin qarşısını almaq üçün elə saxlayırlar? Baxanda Bakıya qaçmağa həvəs qalmır.
Saxtakarlığın daha bir, necə deyərlər, “bariz nümunəsi” bu axşam Bakıda qeydə alınacaqdır. Beynəlxalq Vəhşi Təbiəti Qoruma Təşkilatının planetar aksiyası var: hər il müəyyən saatda hər kəs işıqları söndürür, bununla təbiətə vurulan insan ziyanını bir az azaldırlar. Yapistlər də bu aksiyaya qoşulurlar, 28 martda Bakıda Hökumət Evinin və hansısa başqa binaların fasad işıqları söndürüləcək. Millətin işığını söndürüb gələcəyini oğurlayanlar, mağara təfəkkürlü varlıqlar guya təbiət aşiqi imiş. Bakıda evsiz heyvanları, itləri güllələyib yandıran, bir primitiv heyvan sığınacağı tikməyə xəsislik edən, Azərbaycanın sərvətini isə Avropa oyunları, hansısa komandanın maykasında yazı kimi sərf edənlərin ifasında necə də süni görünür… Hökumət Evinin içində oturanlar qaranlıq adamlardırsa, binanın işıqlandırması bir saat kəsilsə nə olacaq?
Necə deyərlər, bu da “süni qiymət artımı” kimi bir şeydir.