Hollivud rejissorlarına halaldır, dünyada baş vermiş, baş verən və baş verəcək önəmli hadisələrin hamısına dair filmlər çəkiblər, çəkirlər və yəqin ki, hələ çəkəcəklər. Təbii ki, “2012” filmində çəkdikləri doğrulmasa…
Əzəl başdan deyim ki, 2012-ci ildən bir neçə il əvvəl çəkilmiş və türkün sözü, vizyona bu tarixdən əvvəl girmiş həmin film çoxlu tamaşaçı auditoriyası toplasa da, gerçəkləşmədi və bəşər əhli 2012-ci ildə dünyanın dağılmamasına görə filmi çəkib başa gətirənlərə, baxanları qorxudanlara hiddətlənmədi. Hamı söhbəti fantastikaya bağladı və dərindən nəfəs aldı. Amma heç şübhəsiz, əgər dünya nə vaxtsa dağılsa, məhz “2012” filminin ssenarisi üzrə dağılacaq.
Budur, kinomanlar yaddaşlarını qurdalayıb tapıblar ki, Barselonadan Düsseldorfa uçarkən Fransa ərazisində qəzaya uğrayan Almaniya təyyarəsinin vaqiəsi bir zamanlar Oskar mükafatına namizəd olmuş “Vəhşi misallar” filmindəki əhvalatla eynidir.
Heç demə, həmin filmdə Pasternak soyadlı bir pilot sürdüyü təyyarənin bortunda zəhləsi gedən, ömrü boyunca onun gününü qara edən adamları (o cümlədən köhnə sevgilisini) görəndə fikirləşir ki, fürsət bu fürsətdir, qisas zamanıdır. Başıxarab pilot özünü kokpitdə kilidləyir, heç kəsin xahişinə, çığır-bağırına baxmadan təyyarəni qəzaya uğradır. Özü də o, o boyda təyyarəni dağa-daşa çırpmır, aparıb qoca valideynlərinin yaşadığı qocalar evinə çırpır ki, onlardan da qisasını almış olsun. Çünki ata-anası uşaq vaxtı onunla yaxşı davranmayıblar.
Nə deyəsən? Dəlinin başında anten olmur ki. Ağıllı adam belə iş tutarmı? Heç vaxt.
Belə məlum olur ki, psixopat adamların əlində başqalarına ziyan vurmaq üçün vasitələr olmamalıdır – avtomobildən tutmuş təyyarəyə qədər, bıçaqdan tutmuş nüvə başlıqlı ballistik raketə qədər.
Təsəvvür edin, psixopat bir siyasi liderin, diktatorun əlində atom bombası olsa, nə olar. Adam bir gün qonşu dövlətlərə qəzəblənər, deyər, ya mən deyəni eləməlisiniz, ya da tökürəm bombaları başınıza, görərsiniz qiyamət nədir, apokalipsis nədir, armageddon nədir.
Yeri gəlmişkən, Hollivud armageddon haqq-hesabının da kinosunu çəkib, adı da elə “Armageddon”dur.
1998-ildə çəkilmiş bu filmdə göstərilir ki, bizim bu matah Yer planetini Azərbaycan ərazisinə bərabər (Qarabağ da daxil) ölçülərdə asteroid təhdid edir. Yəni bu nəhəng asteroid gəlib yerə çırpıla bilər. Təsəvvür edin ki, Yeri yerindən oynatmaq üçün təxminən Sulutəpə boyda bir daş da kifayətdir, indi görün ona Azərbaycan boyda qaya çırpılsa nə olar.
Filmin süjetinə görə, o qatil asteroid planetimizə doğru 35 min km/saat sürətlə şütüyür. Armageddona 18 gün qalmış bir qrup qazma işləri mütəxəssisi, sayın ki, ARDNŞ-in geoloqları sürətləndirilmiş astronavt kursu keçir və çıxırlar kosmosa, asteroidə çatırlar, orada 225 metr dərinliyində quyu qazırlar və quyuda atom bombası partladaraq asteroidi iki bölürlər. Asteroidin bir yarısı Yerin o tərəfindən, bir yarısı bu tərəfindən keçib gedir və nəticədə arasında Siyavuş Novruzov, Brus Uillis, Maral Tahirqızı, Şakira və digər məşhur simalar da olmaqla bəşəriyyət fəlakətdən qurtulur.
Çoxdan, 2001-ci ildən əvvəl baxdığım bir filmdə qaçırılmış təyyarəni göydələnlərə çırpmaq istəyən terrorçulardan söhbət gedirdi, ancaq Hollivudun bərkgedən aktyorları onları vaxtında zərərsizləşdirirdilər. Görünür, 11 sentyabrda o aktyorlardan biri qaçırılan təyyarədə olsaymış, bin Ladenin uşaqları əkiz qüllələri yerlə yeksan edə bilməzmişlər, heç prezident Corc Buş da çanaq sümüyünün zədələnəcəyi qorxusundan qaçıb bunkerə girməzmiş.
Yəni dediyim odur ki, Hollivudda hər cür ssenari var, sunamidən tutmuş dəhşətli zəlzələyə qədər, qatil akulalardan tutmuş yeraltı canavarların əmələ gəlməsinə qədər hər cür ağlasığmaz haqq-hesablara dair hər şeydən film çəkiblər. Hamısında da ortaya bir qəhrəman çıxıb bizi xilas edir.
Bircə ona təəssüf ki, real həyatda elə olmur. Bax, Düsseldorfa uçaq təyyarədə də o cür bir qəhrəman olsaydı, kokpitin qapısını qırıb içəri girər, başıxarab pilotun ağzının üstünə bir şillə çəkər, “vicdansız Andreas, xalqın balasını niyə qırırsan” deyə, onu dartıb yerindən çıxarar, sükan arxasında özü oturaraq təyyarəni xilas edərdi.
Göründüyü kimi, işin və hamnın sonunu düşünən qəhrəmanları olmayan dünyada yaşamaq çətindir…