Ukraynanın şərqində formalaşdırılan iki qondarma “respublikadan” birinin -“Donetsk Xalq Respublikası”nın Təhlükəsizlik Şurasının katibi və “Vostok” batalyonunun komandiri, Donetsk separatçılarının liderlərindən biri müharibənin üçüncü fazasının başlayacağı haqda xəbərdarlıq edib.
Virtualaz.org saytı xəbər verir ki, Aleksandr Xodakovski lenta.ru portalına müsahibəsində sensasion məqamları açıqlayıb və müharibənin ancaq bütün Ukraynanın “faşistlərdən azad olunacağı” təqdirdə başa çatacağını bildirib.
“Bir sözlə, bizə bütün Ukrayna lazımdır” -Xodakovski bildirib.
Xodakovski “Donetsk Xalq Respublikası”nın rəhbəri Aleksandr Zaxarçenko ilə bu qondarma “dövlətdə” qərarları qəbul edən iki əsas şəxsdən biridir. O deyir ki, Donetsk “respublikası”nın qüvvələri hələlik mövcud “dövləti” qorumaqla və möhkəmləndirməklə məşğuldur, yeni hücum əməliyyatları planlaşdırmır və müdafiə taktikasına üstünlük verir.
Lakin Xodakovski Ukraynanın atəşkəsə dair Minsk razılaşmasını pozmaqda olduğunu deyib: “Biz əminik ki, Ukrayna gec-tez özünü saxlaya bilməyəcək və hücuma keçməyə çalışacaq”.
“Vostok” batalyonunun komandiri deyir ki, ötən ilin sentyabrına qədər Kiyevlə hansısa münasibətlər saxlamaq mümkün idi. Ancaq indi bu mümkün deyil. Çünki Kiyev tərəflərin dinc birgə yaşayışını qeyri-mümkün edən şərtlər formalaşdırır. Məsələn, Donbası iqtisadi blokadada saxlayır.
“Bu blokada bizə ciddi zərbə vurur. Əgər əvvəllər Ukrayna məmurlarının korrupsiyalaşmasından istifadə edib Donetskə ərzaqla dolu yük maşınları keçirə bilirdiksə, indi bunu etmək çox çətindir” – Xodakovski deyib.
Separatçıların liderinin bildirdiyinə görə, onlar müharibənin üçüncü fazasına hazırdırlar: “Mən Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikası modelini ancaq keçid dövrü üçün keçərli hesab edirəm. Bizim müharibəmiz ancaq o vaxt başa çatacaq ki, Rusiyanın cənubunda antifaşist respublikası mövcud olacaq. Başqa sözlə desək, bizə bütün Ukrayna lazımdır. Harada döyüşmək lazım olsa, orada döyüşəcəyik. Lakin harada siyasi üsullarla, daha az itkilərlə və xərclərlə effektiv hərəkət etmək mümkündürsə, elə də edəcəyik”.
Xodokovski əlavə edib ki ki, Amerika artıq Ukraynaya silah verir. Bunlar əsasən zirehli tank texnikasına qarşı mübarizə sistemləridir. Bu sistemlər operatora imkan verir ki, hansısa bunkerdə oturub texnikanı idarə etsin. Ya hədəfin məhv edilməsi həyata keçirilir, ya da raket onu operatorun iştirakı olmadan özü tutur. Raketin uçuş trayektoriyası ziqzaqvaridir, bu da relyefi və qarşısındakı maneələri keçib hədəfi məhv etməyə imkan verir.
“Bu, bizim üçün ciddi problemdir, gizlətmirəm. Əgər amerikalılar bu cür silahları göndərməkdə davam etsələr, işimiz çətin olacaq. Lakin artilleriyanın müharibənin allahı olduğunu nəzərə alsaq, şanslar bərabərləşir”- deyə Xodokovski bildirib.