Muğanda yaxşı ovlaqlar (“oylaq” da deyirlər) olduğunu biz hələ orta məktəbdən bilirik. Dərsliklərdə bir hekayə vardı, bilmirəm qalıb, ya yox. Həmin hekayə beləydi: şair Səməd Vurğun Muğana ova gəlir, bir kişiyə qonaq olur, ova çıxırlar, ağsaqqal kişi ceyranı vurmaq istəyəndə şair qoymur, evə qayıdanda kişi bunun zağlı tüfənginə tamah salır, ertəsi gün məlum olur ki, şair gedərkən tüfəngi evdə “unudub” gedib, yəni onu ağsaqqala bağışlayıb. Söhbətin mabədi ceyranlara həsr edilmiş şeirlə qurtarır, ta uzatmağın yeri yoxdur.
Bax, o vaxtlardan bilirik ki, Muğanda yaxşı ceyranlar var və ceyran Muğana çox yaraşır, gərək, ovçu insaf eləyib keçməsin bu düzdən, yanında balası olan o çöllər qızını ayırmasın bizdən və sair və ilaxır.
Lap köhnə vaxtlardan ölkədə hamı bilir ki, ceyran ovu qadağandır, adı “Qırmızı kitab”a düşüb, nəsli kəsilə bilər (ən azı bizim ölkədə). Əlinə tüfəng götürüb ova çıxanlar onu da bilirlər ki, süddən yanıq arıq dana boyda olan bir ceyranı vuran brakonyerdən yeddi camışın pulunu alarlar. Ona görə də bu ölkədə ceyran ovuna çıxan yoxdur. Çıxanlar varsa da, demək, onlar elə-belə adamlar deyillər, azı yeddi cipləri var.
Məsələn, keçən il bir gəmiçi oliqarxın oğlunun Salyanda ov elədiyi yerdə şəkilləri yayılmışdı, şəkillərə baxanda hiss edirdin ki, bunlar sıradan ovçular deyil. Oliqarxzadə Orta Asiya basmaçlarına da oxşayırdı, filmdən tanıdığımız Qəmloya da. Əlbəttə, bu, onun ovçu obrazıydı, adam kostyumunu geyinib ofisinə gələndə, sanarsan, diplomatik korpus təmsilçisidir.
Budur, yeni ovçuların şəkli yayılıb. Bunlar da oliqarx balalarıdır, amma buralı deyillər, gəlmədirlər, Dubaydan gəliblər, şeyx züryətləridir.
Məlum olduğu kimi, Dubay özü ceyranlar, quşlar oylağı olsa da, şeyx balaları Muğana başqa niyyətlə gəliblər və rəsmən bildirilir ki, onlar bəzgək adlanan quşu quşla tutmaq istəyirlər. Yeməli quşmuş.
Şeyxzadələr ovçu paltarında şəkil çəkdiriblər, amma bizim prizmadan baxanda xarizmalarını cızıq-cızıq ediblər. Əyinlərində tuman, başlarında yaylıq, ayaqlarında şəp-şəp var, əllərində tüfəng yoxdur, özləri də ciplərini çölün düzündə saxlayıblar, stul qoyub oturublar. Bu necə ovçuluqdur? Heç nə. Onların əvəzindən bəzgəkləri şahinlər ovlayır, bunlar da oturub tamaşa edirlər. Məqsəd də bəzgək əti yemək deyil. 18 milyardı olan oğlan istəsə 50 dənə bəzgək broyleri açar, ceyran sürüsü saxlayar. Məqsəd ibtidai ovçuluq instinktini yaşamaq, əylənməkdir.
Ən maraqlısı odur ki, əməkdaşımızı kanalda tilovla balıq tutarkən yaxalayan və onun bəzi məsələləri bildiyini biləndən sonra əl çəkib getməyə məcbur qalan hökumət işçiləri şeyxzadələrin sosial şəbəkədə və mediada dolaşan şəkillərini, bölgəyə, eləcə də ölkəyə səs salan ovçuluq macəralarından xəbərsiz olduqlarını deyirlər.
Halbuki şeyx və əmir balaları Hacıqabul tərəfdə ovlaq olduğunu heç cür bilə bilməzdilər. Necə ki, ordan ora Hacıqabul sakinlərinin çoxu bu qoruqdan xəbərsizdir. Demək, onlara yol, çöl, göl, kol göstərən var.
Bununla belə, Ekologiya Nazirliyinin rəsmisi deyib ki, kim meşə sahəmizə qanunsuz daxil olubsa, əlindəki silah müsadirə olunmalı və cərimələnməlidir. Cərimənin məbləği isə 1500-2000 manat təşkil edir.
Əvvəla, 18 milyardı olan cayılı 2 min manatlıq cərimə ilə qorxutmaq olmaz. İkincisi, o ortaya 200 min qoyub lisenziya da ala bilər.
Yəni bir var, xarici ovçu lütün, acın biri olsun, bir də var, adam milyarder olsun. Milyarder ovçu faunamıza vurduğu zərəri beşqat artıqlaması ilə ödəyər, iş də bitər.
Ümumiyyətlə, əcnəbilərin ölkəmizdə ov etməsi köhnə ənənədir. Hələ sovet dövründə Moskvadan rəsmi şəxslər gəlib indiki Şabran rayonunun ərazisində yerləşən Liman gölündə quş ovlayarmışlar.
ABŞ-ın ölkəmizdəki sabiq səfiri Stenli Eskudero isə dağ kəli ovunun həvəskarıydı, hər həftə Zaqatala, Qax tərəfə ova gedərdi. Bəlkə də ova olan şövqü üzündən o, səlahiyyət müddəti başa çatandan sonra ölkəmizdən getmədi, burda qalıb YAP-a keçdi, biznesmen oldu.
Bəli, biz qonaqpərvər camaatıq, yeri gələndə vəzifəli, pullu əcnəbi ovçular üçün ölkəmizin çöllərini Afrika savannasına çevirə bilərik, təki bizdən narazı qalmasınlar.
Altmış min bəzgək, altmış min qırqovul, turac, bildirçin, qaşqaldaq, ceyran-cüyür qurban olsun ölkəmizin qonaqlarına…