Neçə vaxtdır mətbuat ərəblərin Azərbaycandakı ov sərgüzəştlərindən yazır. Ərəb şeyxlərinin macəraçı nəvə-nəticələri Hacıqabuldan vurub Qəbələdən çıxır, ov ovlayır, quş quşlayır, müxtəlif pozalarda fotolar çəkdirib sosial şəbəkələrdə yayırlar.
Əslində deyə bilərik ki, Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından birinin buralara gəlib bizi yad edirsə, lap əcəb edir. 18 milyard dollarlıq sərvətə malik olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşidi Azərbaycanda pulu konfet kağızı kimi xərcləyirsə, qoy tez-tez gəlsin. Həm də bu, Azərbaycan turizminin inkişafı deyilmi?
Ancaq heyf ki, qanımızı qaraldan hadisələr bu kimi xəbərlərdən sevinməyimizə imkan vermir. Pensiya dərdi çəkən azərbaycanlı Həmid kişi, Həmdan bin Məhəmmədin ov macərasına necə sakit baxsın?
Ancaq qan qaraldan tək bu, deyil. Elə bu yazını yazarkən Virtualaz.org saytı xəbər yaydı ki, əshabələri ilə birlikdə ov etmək üçün martın 24-də Hacıqabul rayonunun Qarasu kəndinə gəlmiş şahzadənin ov əyləncəsi hələ də davam edir. Hətta qeyd olunur ki, dəfələrlə Azərbaycana ova gəlmiş şahzadə və onu müşayiət edən şəxslər bu dəfə Rusiyada yaşayan hacıqabullu biznesmenin Qarasu kəndindəki istifadəsiz, amma hər cür şəraiti olan lüks villasını kirayələyiblər və orada qalırlar. Ərəb zənginlərinin ovdanı isə Şamaxı rayonu ilə həmsərhəd olan Hacıqabulun Qarasu və Muğan kəndlərinin düzəngahlarıymış.
Ancaq gəl ki, təkzib etmək ənənəsinə sadiq qalan rəsmi qurumlar bu dəfə də fərqli davrana bilməyib. Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov azvision.az saytına bildirib ki, ərəb şeyxlərinin ov etməsi ilə bağlı onlarda məlumat yoxdur. Allah eləsin bu açıqlama ərəb şeyxinin nəvəsinin qulağına çatmasın. Əgər eşitsə, ən azı bizə gülər. Adam neçə gündür şahin izinə düşüb, əti delikates sayılan nadir bəzgək quşlarını ovlayır, düşdüyü yerin fotosuna qədər dünyaya yayıb, bizim nazirlikdən deyirlər ki, nə ərəb görüblər, nə ov edən.
Hələ bunun ardınca deyilənlər lap gülməlidir. Cənab Salmanov görün nə söyləyib: “Nazirliyə bununla bağlı heç bir müraciət daxil olmayıb. Əgər o, meşə sahəmizə qanunsuz daxil olubsa, əlindəki silah müsadirə olunmalı və cərimələnməlidir. Cərimənin məbləği isə 1500-2000 manat təşkil edir”.
Deyən gərək, Allah sizi güldürsün, 18 milyardlıq sərvətə sahib olan, ova yarım milyonluq avtomobillərini də Dubaydan bura yükləyib gətirən Həmdan bin Məhəmməd bin Rəşidi 2 min manatlıq cərimədənmi çəkinəcək? Manatın kursunu nəzərə alsaq, indi bu, ərəb milyarder üçün “semiçka” puludur. Bir də ki, şahin quşu “Qırmızı kitab”a düşən canlıdır, onun ovlanmasının cəriməsi daha ağır olmalıdır axı. Məmmədhəsən əmi göldə bir qaşqaldaq vuran kimi bütün qurumlar başının üstünü kəsdirir. Nə əcəb ərəbləri görən olmayıb? Axı, nazirliyin yerlərdə nümayəndələri var, onlar hər gün hesabat verir. Bəlkə şeyx nəvəsi qoruqçuları da “pula tutub” deyə, səsləri gəlmir?
Mənbələrsə deyir ki, ərəb şeyxinin nəvəsi və dostları iki 6 təkərli “Gelandewagen”, “Range Rover Cabrio” və daha 8 yolsuzluq avtomobilini Bakıya Dubay aviareysi ilə gətiriblər. İndi bunlarda həvəsə baxın da. Azərbaycanın rəsmi qurumları gələnləri gizləməkdənsə, gərək onların səfərindən təbliğat üçün istifadə edəydi. Ovlanması yasaq olmayan heyvan və ya quşların olduğu konkret əraziləri onların ixtiyarına vermək, bu mənzərənin kadrlarını hazırlayıb dünyaya yaymaqla turizm üçün əlavə imkanlar əldə edə bilərdi. Yoxsa qeyri-şəffaf ov kimi maraqlandıracaq?
Yeri gəlmişkən, fevral ayında 650 000 dollarlıq “Mercedes-Benz Gelandewagen AMG 63 6×6″ markalı avtomobillə Neftçalaya ova gələn ərəb turistlərin başına olmazın oyunlar gəlmişdi. Onların maşınlarının aşması xəbərlərindən xeyli danışıldı. İndi də gündəmi şeyxin nəvəsi məşğul edib. Beləcə, Azərbaycanda onsuz da nəsli kəsilən şahinlərin olan-qalanını da məhv edirlər. Nədən ki, bu ov mərasimi ov qaydalarından kənara çıxıb…
Bir dostumuz dünən bu ərəb ovçularla bağlı ilginc xəbər verdi. Deyir Şamaxı ərazilərində çoxsaylı qartallar olardı. Ancaq son vaxtlar onların da tifaqını dağıdıblar. Belə ki, macəraçı ərəblərlə əlbir olan dairələr qartalları ovlayıb 20-25 min dollara (!) satır.
Biz elə bilirdik təkcə neft-qazımızı daşıyırlar. Sən demə, qeyri-neft sektorunda olanlara da sahib çıxıblar. Hətta qartallara da…