Bu günlərdə qəlbimizi qürur hissi ilə dolduran maraqlı bir hadisə yaşanıb. Azərbaycanlı samboçu Bəxtiyar Abbasov Moskvada, mükafatlandırılma mərasimində, kürsüdə Ermənistanın himninə oturmaqla etinasızlıq göstərib. Şəksiz ki, təqdiredici, əslində isə normal bir davranışdır. Anormallıq – “özümüzünkülər” tərəfindən bu davranışa başqa rəng verib, ortada “erməni motivi”nin olmadığının iddia edilməsi, hətta belə cəsarətli addımın qınanmasıdır.
Məsələn, sambo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Yaqub Abdullayev hadisə ilə bağlı deyib ki, guya Bəxtiyar himn səsləndirilən zaman özünü yaxşı hiss etmədiyindən ayağa durmayıb. “Məsələni siyasiləşdirmək lazım deyil. İdman siyasət deyil axı? O da insandır və özünü pis hiss edə bilər” – Abdullayev iddia edib.
Təbii ki, absurd və ağ yalandır. Ən azı, o səbəbə ki, videodan da göründüyü kimi, Bəxtiyar himn bitən kimi ağaya durub, şəkil də çəkdirib və qətiyyən halı pisləşən adama oxşamır. Bir də idmançılar ən sağlam təbəqə sayılır, o ki ola samboçu. Xəstənin çempionatda nə işi? Yığmanın həkimi-zadı yoxdur bəyəm? Yenə başqa sahənin adamı olsaydı bəlkə məşqçinin sözlərinə quşqulanmazdıq, deyərdik insandı da. Nəhayət, xəstə idmançı o boyda çempionatda bürünc medal ala bilərmi?
Xəstəliyin olmadığını təsdiqləyən daha bir dəlil: demə, Bəxtiyar Abbasov qalib erməni olduğu üçün (o, hətta Xankəndindəndir) heç mükafatlandırma mərasiminə çıxmaq istəmirmiş. Lakin yığma komandanın rəhbərliyi tərəfindən cəzalandırılacağı söyləndikdə (?!) zorən kürsüyə qalxmalı olub. Demək, “özünü pis hiss edib” bəhanəsi birdəfəlik gedir işinin dalınca…
Bunlar heç. Adama yer edən manqurt təfəkkürdür. Burdan baş məşqçiyə səslənmək istəyirsən: axı, niyə dilin gəlmir gerçəyi söyləməyə? O hansı maraq-məramdır ki, ermənini təmizə çıxarır, düşmənin himninə həqarət edilmədiyinə bizi inandırmaq istəyirsən? İmkan ver, məğlub xalq olaraq, heç olmasa, bundan zövq alaq da – özün zövq almasan da! Yəni bu kişiyana hərəkəti təqdir etmək üçün mütləq qohum-qardaşdan kimsə şəhid olmalıdır?
Gözlənildiyi kimi, Bəxtiyar Abbasovun yaxınları və dostları Yaqub Abdullayevin onun özünü pis hiss etməsi barədə deyilənləri təkzib ediblər. Bəxtiyarın idmançı dostu Babək Hüseynli isə samboçumuzun Ermənistan himni çalınan zaman bilərəkdən aşağı oturmasına haqq qazandırıb.
O da bəlli olub ki, Bəxtiyar və Şəhriyar qardaşları erməni işğalı altındakı Xocavənd rayonunun soyqırımına məruz qalmış Qaradağlı kəndindəndirlər. Onların bütün ailəsi, 40-a yaxın qohum-əqrəbası (!!!) ermənilərin törətdiyi qətliamın qurbanı olub. İdmançının dayısı, əmioğlanları şəhid olub, meyitlərini heç götürə də bilməyiblər. Qətliam zamanı zərərçəkənlərdən biri isə Bəxtiyarın atası Mehdi kişidir. Mehdi kişi erməni terrorçularının işgəncəsinə məruz qalıb və Azərbaycana qaytarıldıqdan sonra vəfat edib.
Qısası, idmançının heç bir xəstələnmə söhbəti yoxdur. Adam sırf vicdanın səsi ilə, tam izaha və məntiqə yatan hərəkət edib!
* * * * *
İndi bütün bunları bilə-bilə (bilməmək ikinci bir ayıbdır) baş məşqçinin öz yetirməsi haqda yalan-palan danışması, özünü ictimai fikirdə gözdən salması anlaşılmır. Yaqub müəllim yəqin ki, özünü ziyalılardan sayır. Fəqət, ziyalı da ərazisinin 20 faizini işğal edən bir ölkənin himninə belə münasibətdə olarmı? Hara gedirik bu düşüncə ilə və gənc nəslə, gənc idmançılara hansı yaxşı nümunəni, örnəyi qoyuruq?!
Məsələ də ondadır ki, əgər hər birimiz, ələlxüsus da millətin önündə gedənlər, millətin qaymağı olduğuna iddia edənlər və onun dövlətini idarə edənlər öz üzərinə düşən minimum işi görsəydi, qələbə çoxdan təmin edilmişdi.
İdmandakı qələbəni demirik.