“Tiflisin üstü bostanGözəl yerdir Gürcüstan.Namərdin qaydasıdırAyırar dostu dostdan”(bayatı)
Bəzi vətəndaşlarımız AZAL təyyarələri ilə uçmağın baha olmasından şikayətlənirlər. Örnək üçün, vəkil Aslan İsmayılov yazır: “Bilet qiymətləri ilə bağlı qısa araşdırmalar göstərdi ki, Azərbaycan Hava Yolları bu sahədə inhisarçıdır və istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təxminən iki dəfə bahadır. Bakıya uçan başqa ölkə reysləri də AZAL-ın diktəsi ilə biletləri qat-qat baha qiymətə satmağa məcbur edilir.
Bayram gunləri AZAL-ın qiymətləri qaldırmasına görə Türk Hava Yolları da məcburən qiymətləri qaldırır. Novruz bayramı ərəfəsində Bakı-İstanbul-Bakı reysi 600 avro olur. Təxminən eyni məsafə olan Tbilisi-İstanbul-Tbilisi isə 200 avrodur.
Bakıdan Kiyevə uçan reyslərdə qiymətlər 450-600 avro olur. Ukrayna Hava Yollarının eyni məsafədə olan digər ölkələrə uçuş qiyməti 200 avro civarındadır.
Məsələn, təxminən eyni məsafə olan Kiyev-Tbilisi-Kiyev reysinin gediş, dönüş qiyməti 180-220 ABŞ dollarıdır. Bakı-Riqa-Bakı reysi 500 avrodan artıq olduğu halda Tbilisi-Riqa-Tbilisi reysinin gediş dönüş qiyməti 250 avrodur”. Sitatın sonu.
Hələ bu vəkildir, ziyalıdır, gör nələr düşünür. Sən belə fikirləşəndən sonra savadsız camaat neyləsin? Üstəlik, belə dırnaqarası ziyalılarımız xalqımıza məsləhət görürlər ki, onlar AZAL-ı boykot eləsinlər, qatara, avtomobilə minib Tiflisə getsinlər, xaricə ordan uçsunlar. Nəticədə Cahangir müəllim ziyana düşsün, AZAL-ın ofşor zonalardakı cürbəcür hesablarından dolananlar ac qalsın. Guya Cahangir müəllim o hesabları təkbaşına yeyir? Ay hay… Kürdəxanıya “uçmaq” istəmirəm, yoxsa yazardım.
Başqa yöndən, vətənpərvər olmalıyıq, öz canavarlarımızı başqa xalqların quzularından doğma, üstün bilməliyik. Erməni əsgər Andranik müəllim əsir düşəndən bəri gündə üç dəfə isti yeməklə, meyvə şirəsi ilə qidalanır, intervü verib, deyir bütün erməniləri yaşamaq üçün Bakıya dəvət edirəm. Başqa bir cavan güləşçi yarışda erməni himni çalınanda çömbəltmə oturub. Sən bunları görə-görə nə təhər antipatriot olursan? Ayıb deyilmi?
Millətin uşaqlarını Tiflisə, gürcü təyyarəsinə minməyə çağırmaq ilk növbədə mənəvi məsuliyyətsizlikdir. Lazım gəlsə cinayət məsuliyyəti də yaradır. Fikrimcə, MTN bu mövzuda tədbirlər görməlidir. “Zeytun” ləqəbli cəsur çekist, təzəlikcə “Vətənə 1-ci dərəcəli xidmətə görə 3-cü dərəcəli Şərəf ordeninin 2-ci səviyyəsi” medalı almış generalissimus Akif Çovdarovu əməliyyatlara cəlb eləmək məqsədyönlü olardı, çünki dəqiqləşdirilməsi qeyri-mümkün məlumatlara görə Akif müəllim əslən gürcüstanlıdır. (Əsl çekistin yeri-yurdu gizli qalmalıdır. Sözgəlişi, vaxtilə mən Akif müəllimin cahanşümul fəaliyyəti haqda “Zeytunluqda Çovdarovdan qoruyan” adlı yazı yazmışdım, lakin buna görə mənə “Selincer adına 4-cü dərəcəli medal” verən olmadı. Qədirbilməz millətdi, neyləyəsən).
Qayıdaq mövzumuza, mövzumuz isə ondan ibarətdir ki, Gürcüstan uçaqlarından yararlanan soydaşlarımızı tutub cəzalandırmalıyıq. Bunun hansısa mexanizmləri düşünülməlidir, çünki gör nə qədər pul aradan çıxır, vətəndaşların cibində qalır.
Məncə ilk növbədə Sınıq Körpü kimi Gürcüstana keçid məntəqələrində ciddi nəzarət qurulmalıdır. Kiminsə cibində gürcü təyyarə bileti çıxsa dərhal həbs olunmalıdır. Çantasında gürcü təyyarəsinin yük birkası olanları lap yolun qırağında ağaca bağlayıb güllələmək olar. Bir neçə nəfərin qaşqasına güllə qoysan ondan sonra görüm AZAL-a necə bivəfa çıxırlar. Ölünü özbaşına qoysan, təyyarə reysini səhv salar – atalar demişkən. Hökumət eşşək boyda “Boinq”lərə, “Airbus”lara dünyada olmayan pul verib gətirib ki, sən gürcü uçağında uçasan? Niyə ölüb yerə girmirik?