İntibah dövrünün məşhur italiyalı memar, musiqiçi, mühəndis, ixtiraçı, heykəltəraş, rəssamı və nəhayət bəşəriyyətin ən mübahisəsiz dühası Leonardo Da Vinçi XV əsrdə yaşayıb və yaradıb. Onun əsərləri zəmanəmizə qədər gəlib çatıb.
Amma bu möhtəşəm sənət əsərlərinin sirri bir də ondadır ki, onlar sanki öz-özünə “inkişaf etməkdədir”. Bu əsərlərə müxtəlif vaxtlarda zəmanələrinin məşhur rəssamları yenidən və yenidən qayıdaraq, onların “sirlərini” açmağa çalışırlar.
Analitik.az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda amerikalı rəssam, klassik realizm janrında işləyən Kortes Cennes Leonardo Da Vinçinin “Mona Liza” (“Cokonda “) təsvirinin bərpası üzrə işlərini başa çatdığını elan edib. Коrtesin sözlərinə görə, onun işlədiyi tablo rəssamın XVI əsrin əvvəllərində gəldiyi təsvirin ilkin variantının görünüşünü əks etdirir.
Bununla yanışı o, vurğulayır ki, öz əsərini Leonardonun orijinal variantı ilə müqayisə etməkdə iddialı deyil. Rəssam bu iş üzərində işləyərkən, Fransa muzey tədqiqatları və bərpası mərkəzinin laborator məlumatlarına əsaslanıb. Bundan başqa, o, bu məşhur əsər haqqında tarixi məlumatları da təhlil edib.
“Mən bu işə özümün bütün bilik, təcrübə, intuisiya, təxəyyül və ehtirasımı qoymuşam. Mənim üzərimdə dahi Leonardanın şux ilham pərisinin hakim kəsilməsi çox xoşuma gəlir. Onun keçirdiyi hissləri əsrlər sonra hiss etmək maraqlı idi. Mən ümid edirəm ki, “Liza”m bütün seyrçilərə xoş təsir bağışlayacaq “, – rəssam deyib.
Aydın olub ki, Kortes öz əsərini orijinal variantdan daha işıqlı rənglərlə işləyib. O, xüsusi olaraq mavi, qəhvəyi və yaşıl rənglərə diqqət yetirib. Tədqiqatçıların fikrincə, məhz bu rənglər tabloda əvvəlki ilkin çalarını itirib.
Bundan başqa, “Cokonda”nın bəzi detalları da rəssam tərəfindən bərpa olunub. Əfsanəvi “Cokonda”nın qaşları və üzündəki kölgələr daha aydın görünür, saçları və gözləri isə daha parlaq və cazibədar təsvir olunub. Mövcud olduğu müddətdə “Cokonda” çoxsaylı dəyişikliklərə məruz qalıb.
Onun xarici görünüşünə qaralma və saralma kimi elementlər təsir edib. Bundan başqa, həddən artıq təbii və kimyəvi təmizləmə prosesləri, rütubət də bu möhtəşəm əsərin qeyri-sabit piqmentlərinin yoxa çıxmasında böyük rol oynamışdı.
Qeyd edək ki, ” Mona Liza” 1503-1506-ci illərdə çıkilib. Hesab edilir ki, Leonardo florensiyalı tacir Françesko del Cokondanın arvadını təsvir edib, ona görə də portreti bəzən “Cokonda ” adlandırırlar.