Mehman Əliyev: “Aldadılmaq bizə çox yaraşır”; Qan Tural: “Lap aldatma ilə olsa belə təbəssüm gözəl bir şeydir”
Bu gün bütün dünyada zarafat günü (aldatma günü) qeyd edilir. Hər il mətbuat yazsa da, telekanallarda bununla bağlı süjetlər yayımlansa da, insanlar bu günün mahiyyətini, keçirilmə səbəbini unudurlar. Öncə qısa bir xatırlatma.
Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar.
1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı “ağılsızların günü” adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.
Əvvəllər Fransada Yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birilərini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər. Lakin 16-cı əsrdən etibarən kralın fərmanı ilə yeni il dekabrın 31-i – yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı. Lakin “Aprel balığı günü” də unudulmamışdı. Həmin gün fransızların gülüş gününə çevrilmişdi.
Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə – məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını “söndürə bilərdilər”. Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. “Səfehlər Günü”ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq etmək” mümkün idi.
Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar Yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.
Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu, zarafatyana tədbir idi.
Yaxşı, bəs Azərbaycan kimi bir cəmiyyətdə belə bir günün keçirilməsi, insanlarımızın həmin əhvala köklənməsi nə dərəcədə yerindədir? Axı ölkə insanı az qala hər addımbaşı aldadılır: onun cibinə girirlər, yersiz zarafatlar edirlər, haqqını tapdayırlar və efirdən hər gün gözünə kül üfürürlər. Necə deyərlər, yalana, şit zarafata doyan bir toplum üçün… 1 aprel gününü keçirmək doğrudanmı lazımdır, vacibdir, maraqlıdır…?
Yazar Qan Tural hesab edir ki, biz toplum olaraq çox əsəbiyik: “Bir adam güləndə hamı ona dəli kimi baxır. Hətta deyirlər ki, hansı gününə gülürsən? ”Just for laughs” videolarına baxın və bir anlıq düşünün ki, eyni şey bizim ölkədə olub. İnanın, o verilişin ikinci seriyası çəkilməmiş operatorla müxbiri bıçaqlayarlar. Amma hər şeyə baxmayaraq gülmək lazımdır. Biz çox güclü təbəssüm qıtlığı çəkirik. Halbuki bir çox hallarda bir təbəssüm kifayətdir. Lap aldatma ilə olsa belə təbəssüm gözəl bir şeydir. Mövlanə deyər ki, təki məni Şəmslə aldatsınlar”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə düşünür ki, onsuz da hökumət bizimlə hər gün zarafat edir, aldadır və aldadılmaq da bizə çox yaraşır: “Çünki camaatımız bunu yaxşı udur. Biz xalq olaraq belə zarafatlara vərdiş eləmişik. Bizim ölkədə zarafat günü, aldatma günü ildə bir dəfə olmur ki. Hökumət bizimlə vaxtaşırı zarafatlar edir. 1 aprel isə bunlardan sadəcə biridir. 21 fevralda – manatın devalvasiyası günündə etdiyi zarafatı yada salsaq, hələ bizi qarşıda çox belə zarafatlar gözləyir”.
MUSAVAT.COM