3 gün qabaq çox sevindirici bir məktub almışam. Məktubun müəllifi hörmətli deputat yoldaş Novruzəli Aslanovdur. Yəqin diqqətli oxucuların yadında olar, keçən ay mən Novruzəli müəllimin həyat və yaradıcılığı haqda iki yazı dərc etmiş, xüsusilə də onun deputat seçiləndən sonra bir çox zərərli adətlərə son qoymasını, spirtli içkiləri tərgitməsini (daha doğrusu miqdarında içməyə başlamasını) tərənnüm etmişdim. Elə Novruzəli müəllimin məktubu da bu haqdadır. 17 mart, 2015-ci il tarixində yazılan, “Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, nömrə 10-86-285DP” kodu ilə işarələnmiş, böyük bir ağ konvertə qoyulmuş məktub cəmi 1 (bir) cümlədən ibarətdir. Haşiyə çıxaraq onu da qeyd edim ki, konvertin üzərində 2014-cü ildə buraxılmış, üzərində balaca it şəkli olan Azərbaycan poçt markası da yapışdırılmışdır, buna görə də bir filateliya həvəskarı, marka toplayan olaraq Novruzəli müəllimə dərin minnətdaram.
Məktub budur: “Yeni Müsavat” qəzetinin əməkdaşı Zamin Hacıya. “Yeni Müsavat” qəzetinin 17 mart 2015-ci il tarixli sayının 8-ci səhifəsində müəllifi olduğunuz “Deputat içkini necə atdı” başlıqlı yazı ilə tanış oldum. Millət vəkili Novruz Aslanov”. Daha sonra qəti şübhə yeri qalmasın deyə Novruzəli müəllim yalan olmasın, Bakıdan İsmayıllının Basqal kəndinə çatacaq qədər uzunluqda bir qol da çəkmişdir.
Görün necə mərifətli, mətbuata diqqətlə yanaşan deputatlarımız vardır… Əhsən! Mən ümid edirəm ki, Novruzəli müəllim mənim 8-ci səhifədəki başqa yazılarımla da tanış olur, bu münasibətlə mənə məktublar yazır. O cümlədən qəzetin 3-cü, 4-cü, 5-ci və sairə səhifələrindəki yazılar haqda müəlliflərə məktublar göndərir. Böyük ehtiramdır. Əgər başqa deputatlar da mətbuata diqqəti bu cür göstərsələr, tanış olduqları yazılar haqda jurnalistlərə məktub göndərsələr bəyəm iqtisadiyyatımız daha məqsədyönlü inkişaf etməzmi? Mən başqa dairənin seçicisiyəm, ancaq qabaqdan gələn seçkilərdə Novruzəli müəllimə səs vermək üçün İsmayıllıya köçmək fikrindəyəm.
Bayaq qeyd elədiyim kimi, ola bilsin bu, Novruzəli müəllimin yeganə məktubu deyil. Bəs qalan məktublar hardadır? Hesab edirəm ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində oturan yoldaşlar bu suala cavab verməyə borcludur. Məsələn, mən 27 mart tarixində dərc edilən “Peşmanlıq qanunu” adlı yazımla Novruzəli müəllimin tanış olub-olmadığını indi necə öyrənim? Halbuki, bunu bilsəm yeni yaradıcılıq uğurlarına həvəslənərdim. Elə yetişən məktubun tarixi – 17 mart da hər şeyi deyir. Təsəvvür edin, poçt xidmətimiz deputatın məktubunu 2 həftəyə çatdırırsa, sadə insanların məktubu neçə günə çatır? Deməli, poçt xidmətimiz Novruzəli müəllimin klassik adaşının vaxtındakından bir addım da irəli getməyibdir. Bəlkə də Əli Abbasov poçt qutularının yanında durub poçtalyonların qarnına təpik vurur. Bütün bunlar, əlbəttə, mənfi hallardır, 1-ci Avropa Oyunlarına hazırlaşan paytaxtımıza yaraşmır.
Söhbət düşmüşkən, başqa insanlarımız, məmurlarımız da kaş deputatlarımız kimi qəzet oxuyardılar. Dövlətçilik möhkəmlənərdi. Son günlərdən 2 örnək göstərmək istərdim.
Zərdabda icra hakiminin müavininin oğlu sərxoş olub maşın sürdü, həbs edildi, atası işdən çıxarıldı. Bakının Qaradağ polisində bölmə rəisinin müavini olan bir polkovniki isə yol polisləri güclə tutub saxladılar, bunun da sərxoş olması ortaya çıxdı. “Deputat içkini necə atdı” yazımızla vaxtında tanış olsaydılar heç bu işlər başlarına gəlməzdi. Novruzəli müəllimin dediyi “Deputat seçildikdən sonra həyatımda olan bütün mənfi çalarların üstündən xətt çəkdim və hətta içkini də atdım” sözləri həmin yazının leytmotivini təşkil etmişdir. Əgər Zərdab icra hakiminin müavininin oğlu həmin yazını oxusaydı bəlkə indi deputat olardı, papası da yerində qalardı.
Qəzet oxumaq lazımdır, ay camaat.