Mənim kreditim manatladır. Dollarla götürmüş olsaydım, dollarla da geri qaytarardım -Dollar beynəlxalq valyutadır. Ona görə də dollarla qaytarıla bilər. -Necə yəni? Harda, hansı müqavilədə yazılıb bu haqda?
Bu dialoq martın əvvəlində Bakıdakı telefon mağazalardan birinin əməkdaşı ilə alıcı arasında gedir. AzadlıqRadiosunun “Simsiz teleqraf” rubrikasına göndərilən videodan görünür ki, bir nəfər 553 manata kreditlə telefon alıb. Aylıq krediti ödəmək üçün mağazaya gəlib. Amma ondan hər ay ödədiyi məbləğdən çox vəsait tələb olunur. Mağazanın əməkdaşı alıcıya izah edir ki, dollar manata nisbətdə 35 faiz bahalaşıb, ona görə də ödəmə çox hesablanıb. Alıcısa bununla razılaşmır. Onların söhbəti beləcə davam edir:
– Mənim prezidentim deyib ki, manat ən güclü valyutadır. Mən də kreditimi manatla götürmüşəm.
– Amma dollar bahalaşandan sonra avtomatik ucuzlaşdı manat.
Bu, krediti manatla götürüb, dollarla tələb edilənlərə aid bir misal idi. Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən gün Milli Məclisin İqtisadi Siyasət Komitəsində bildirib ki, krediti vaxtilə manatla verib, indi dollarla hesablayıb ödənişləri artıranlar cəzalandırılacaqlar.
Hazırda Azərbaycanda əksər banklarla onların müştəriləri arasında belə mübahisələr gedir. Əsas problem də dollarla kredit götürənlərlə bağlı yaranır. Belə ki, həmin müştərilər köhnə məzənnə ilə (1 dollar = 0.78 manat) götürdükləri krediti yeni məzənnə ilə (1 dollar = 1.05 AZN) qaytarmaları tələb olunur.
Belə müştərilərdən biri – Nadir Ağaverdiyev bir qədər əvvəl 15 min dollar kredit götürüb, avtomobil alıb. Əvvəllər buna gör aya 410 manat ödəyirdi. Manatın devalvasiyasından sonra aylıq ödənişinin məbləği 555 manata qalxıb. Bir ayda 145 manat artımdan sonra qərara gəlib ki, kredit müddətini 16 aydan 25 aya qədər artırsın. Amma bu da ona əl verməyib:
“410 manatdan 25 ay ödəyə bilərdim. Amma bu zaman da üstünə əlavə faiz gəlirdi deyə, itirdiyim daha çox olurdu. Elə bil manatın, uzuclaşmasından itirdiyimdən əlavə bir də üstünə hər aya görə faiz gəlirdi. Ona görə də məcbur olub elə 555 manatdan ödəməli oldum. Hələ bizə müqavilə təqdim olunanda bankın məsul şəxsi müqavilənin üzərinə qələmlə yazıb ki, 100 dollar – 78 manat. Çox cəhdlər etdim ki, krediti köhnə məzənnədə qaytarım amma alınmadı”.