“İyirmi ildir ki, nazirdir, amma Azərbaycan dilində danışa bilmir. Ana dilinə sayğı göstərməyən adamın dövlətin idarəçiliyində rolu necə ola bilər? Dilinə hörmət qoymayan məmur, vətəndaşa necə hörmət qoya bilər”.
AzNews.az xəbər verir ki, bu sözləri millət vəkili, Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin iki illiyi münasibətilə keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, dilin qorunması, təmizliyi məsələsi ilk növbədə məmurlardan başlanmalıdır:
“Cənab prezidentin də dilimizin inkişafı ilə bağlı sərəncamı var. Bu çox ciddi sərəncamdır. Ölkə başçısı özü ana dilimizdə çox gözəl, səlis danışdığının şahidiyik. Amma baxaq görək, nazilərimiz, məmurlarımız dilimizdə necə danışır. Onlar nəinki özləri bu dildə danışa bilmirlər, hətta gələcək nəsillərini də xarici dildə tərbiyə etdirlər. Körpələrinə xaricdən dayələr tuturlar ki, dilimizdən bir kəlmə də bilməsinlər. Onlar övladlarına öz dilimizdən başqa, bütün dilləri öyrədirlər”.
S. Rüstəmxanlı əlavə edib ki, aidiyyəti qurumal əcnəbi dildən keçən sözlərə diqqətlə yanaşmalı, dilimizin “zibillənməsinə” imkan verməməlidirlər. Eyni zamanda soyad sonluqları ilə bağlı məsələ tezliklə həll edilməlidir.