Bu yaxında demək olar eyni vaxtda 2 kitabı oxuyub bitirmişəm, çox bəyəndiyim üçün bu kitablar haqda fikirlərimi dəyərli oxucularla bölüşmək istərdim.
Kitablardan biri populyar Amerika yazıçısı Stiven Kinq-in “Yazı sənəti” adlı kitabı idi. O birisi isə azərbaycanlı döyüşçü İlham Ağalarovun “Şərti adı: 1020″ kitabı. Oxuyub qurtaranda öz-özümə düşündüm ki, görəsən, bu iki kitabı birləşdirən gizli bağlar nədən ibarət idi, axı mən bunları niyə paralel oxuyurdum? Belə baxanda bu müəllifləri bir-birindən minlərlə kilometr ayırır. Stiven Kinq Amerikanın Men ştatında yaşayır, İlham Ağalarov isə Füzuli rayonunun Horadiz qəsəbəsində böyüyüb, yanılmıramsa hazırda Bakıda ömür sürür. Biri peşəkar yazıçıdır, o birisini isə peşəkar da olmasa, zorən peşəkar hərbçi adlandırmaq mümkündür.
Məncə, elə kitabları yaxınlaşdıran ilk növbədə onları peşəkarların yazması idi. İki peşəkar, biri yazı, o biri döyüş sənəti haqda kitab yazmışlar.
Kinq indiyə qədər 350 milyondan çox kitab satmış, qorxu, detektiv, mistika, fentezi kimi ədəbi janrlarda dünyada tanınan kitabların müəllifidir. Bilirəm, bizim camaat kitab oxuyan deyil, o üzdən Stiven Kinqi tanıyanlarımız da ola bilsin azdır. Amma hər halda, Kinqin romanları əsasında çəkilən çox populyar filmləri yəqin hər kəs görübdür: “Parıltı” (rejissor Stenli Kubrik), “Şouşenkdən qaçış” (bu film uzun illərdir İMDb reytinqində 1-ci yerdə qalır), “Yaşıl mil” (Tom Henksin türmə nəzarətçisi rolunu oynadığı möhtəşəm film) və sairə.
Bu mənada, Kinqin yazı sənəti haqda, kitab yazmağın sirləri haqda fikirləri məncə hər kəs üçün maraqlıdır. Özəlliklə də yazı-pozu işləri ilə məşğul olanlar üçün.
Çox sevindirici haldır ki, “Yazı sənəti” birbaşa ingilis dilindən – orijinaldan çevrilib və tərcüməçi Kazım Səlimovun əməyini yüksək qiymətləndirirəm. Hətta şişirtmədən yaza bilərəm ki, Kazım bəy mərhum Tehran Vəliyevdən (Selincerin tərcüməçisi), Vilayət Quliyevdən (Oruellə dilimizdə heykəl yaradan insan) sonra ingiliscədən ən yaxşı tərcüməçilərimizdən biridir. Səlimov bu tərcümədə nəinki ingilis dilinin, o cümlədən doğma dilimizin də necə deyərlər, cikinə-bikinə bələd olduğunu göstərib, çünki “Yazı sənəti”ndə Kinq bir çox filoloji söz oyunlarından da yararlanmışdır, tərcümə ilə məşğul olanlar belə ifadələri çevirməyin çətinliyini yaxşı bilir. Doğrusu, bu, Səlimovun oxuduğum ilk tərcüməsi idi, ümid edirəm davamı gələcəkdir.
İndi isə döyüş sənəti kitabı haqda fikirlərim… Sözün açığı, Ağalarovun kitabını ilk görəndə bunun da Qarabağ savaşı haqda şablon, trafaret kitablarımızdan biri olduğunu düşünmüşdüm (Yəqin müəllif inciməz). Belə kitablarda adətən müəlliflər özlərini “Rembonun bacısı oğlu”, erməniləri isə qorxaq toyuqlar kimi təsvir edir, hər döyüşdə meydanda azı 80 düşmən meyiti qoyub çıxırlar. Gopun biri-bir qəpiyə olur. Amma 1992-1998-ci illər ərzində Azərbaycan ordusunda könüllü özünümüdafiə dəstəsinin komandirliyindən korpus xüsusi kəşfiyyat bölüyünün komandirliyinə qədər böyük döyüş yolu keçmiş, dəfələrlə yaralanmış, 2-ci dərəcəli Qarabağ əlili İlham Ağalarovun “Şərti adı: 1020″ kitabı bütün belə cızmaqaralardan xoş mənada, yerlə göy qədər fərqlənir.
İlk növbədə, mən kitabın bir səmimi ruhda yazılmasını qeyd etmək istərdim. Ağalarov heç nəyi şişirtmir, hansısa döyüş anını təsvir edəndə o anda düşmənin peşəkarlığını da qeyd edir. Eyni zamanda müəllif üstündən 20 ildən çox vaxt keçməsinə baxmayaraq bir çox hərbi sirr xarakterli faktları gizli saxlayır, bu da bir çox diletant müəlliflərə dərs ola bilər. Kitabda yersiz pafos yoxdur. Adı çəkilən qəhrəman döyüşçülərin sonrakı taleyi haqda detallı məlumatlar verilir. Bəzi anlarda Ağalarovun qələmi sanki Heminquey, Remark qələminə dönür, savaşın bədii izahatını aparır. Məsələn, bu sitatlara baxın: “Özü də müharibənin bir özəlliyi də ondadır ki, orada bayram, bazar günləri başqa günlərdən seçilmir. Burada təbiət kimi zaman da başqa meyarlarla ölçülür. Hər dəqiqənin bir hökmü olduğundan həyəcanla dolu günlərin bir-birini əvəzləməsi bilinmir”, “Güllələr başımız üstündə leylək dimdiyi kimi şaqqıldayırdı”, “Hüsniyyə yaramı sarıyanda hönkürüb ağladı, onun üstünə qışqırdım ki, ay qız, bəsdir ağladın, işini gör”, “Barıtın, trotilin iyi tüstüyə qarışıb havaya hopduğundan adamın burnunda döyüş ”ətiri”deyilən bir təm yaradırdı” və sairə.
Arzu edərdim Ağalarov döyüş xatirələrinin ardını da yazsın.