Deputat Sabir Rüstəmxanlının ana dilimiz uğrunda mübarizəsi hər cür hörmət və diqqətə layiqdir. Örnək üçün, təzəlikcə məmləkətin işıqlı salonlarından birində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin iki illiyi” adlı tədbir qayırılmışdır.
Tədbirin birinci saatı onun adının anlaşılmasına həsr edilmişdir, ancaq qəti bir fikrə gəlinməmişdir. Qərara alınmışdır ki, tədbirin adının ana dilimizə çevrilməsi üçün xüsusi komissiya yaradılsın, bu komissiya növbəti dövlət proqramı qəbul edilənədək ortaq bir mövqe ortaya qoysun, lazım gəlsə, amerikalıların NASA-Kuriositi-Mars proqramından, Avropanın nüvə araşdırmaları mərkəzlərindən kömək istənilsin. İkinci saatda isə Sabir bəy dilimizi korlayanlara qarşı çox kəskin çıxışlar etmişdir. Bizi maraqlandıran da əsasən elə budur.
Sitat: “Ölkə başçısının ana dilimizdə necə gözəl danışdığının şahidiyik. Amma baxmaq lazımdır ki, məmurlarımız dilimizdə necə danışır. 20 ildir ki nazirdir, amma Azərbaycan dilində danışa bilmir. Ana dilinə sayğı göstərməyən adamın dövlətin idarəçiliyində rolu necə ola bilər?”.
Diqqət edirsinizsə, Sabir bəy burda vurğunu hansısa şəxsin 20 il nazir qoyulmasının anormallığına yönəltmir. Çünki belə baxanda 20 il nazir işləmək, kresloya kök atmaq, bütün strukturlara qohum-əqrəbaları yerləşdirmək bizim ölkədə təbii qarşılanır. Korrupsiya normal şeydir, ancaq bu korrupsiyanı başqa dildə həyata keçirmək isə ana vətənimizə, ana dilimizə ögeylikdir, manqurtizmdir, Ərgənəkon ideallarına arxa çevirməkdir. Misal üçün, biri var nazir səni çağırıb “Day sto rubley” deyə, biri də var “Yüzlük ver, işini aşırdım” söyləyə. Biri var sənə idarədə “Mani, mani, mani” mahnısını oxuyub dingildəşələr, biri də var məmur əlini qoya qulağının dibinə, zəngulə vura:
“Bu yerlərin üç yolu var, üçü də balam getməli,
Biri eniş, biri yoxuş, biri düz,
Eniş sənin, yoxuş sənin, düz mənim yar, düz mənim,
Bilirəm, gəlməlisən gəlməli…
Ayda bir yol, həftədə bir yol, gəlməlisən gəlməli…”
Bunu oxuyan məmurun qapısında illərlə sürünsən ruhun inciməz.
Ümumiyyətlə, Sabir müəllimin qaldırdığı məsələ çox aktualdır. Örnək üçün, biz qabaqlar elə bilirdik Balığ Hafiz yazılır. Lakin belə dil müzakirələrindən sonra öyrənmişik ki, əslində Balıx Hafiz də yox, ən düzgünü Balık Hafiz yazmaq imiş.
Dil, vətən, ana yurdumuz, millət problemləri hər zaman şair və yazıçılarımızı düşündürən məsələlər olmuşdur. Məsələn, bir xalq şairimiz var idi, yaxşı yadımdadır, bir dəfə intervü verib demişdi: “Nəvələrimə bahalı konfetlər hədiyyə edirlər. Həmişə belə anlarda kasıb uşaqları düşünüb ağlayıram”. Görün necə humanist insan idi! Millətin halına hər zaman belə ziyalılar ağlamışdır. Əlbəttə, yaxşı olardı həmin konfetlərdən bir-iki qutu da kasıb uşaqlara verəsən, ancaq bu kasıb uşaqları birdirmi, ikidirmi… Qırılmış elə çoxdur ki. Ziyalı, ana dili düşünəri bunun hansına konfet çatdırsın? Bəyəm ziyalının konfet zavodu var? Yoxdur.
Sözümün canı odur ki, ana dilini qorumalıyıq. Ana dilini pis bilən jurnalistlər də var, sözgəlişi. Misal üçün, bu yaxında yazmışdılar ki, Sabir bəyin oğlunu nəqliyyat nazirinin tabeliyindəki yol yeyintisi idarəsinə (“Azəryolservis”in ana dilimizdə adı belənçikdir) başqan yardımçısı qoyublar. Özüm “sədr müavini” yazmadım, dilimizi qoruyuram. Çünki Sabir bəy Ziya Məmmədovun qardaşı ilə quda imiş. Ancaq Sabir bəy bu qərarı şərh eləyib dedi ki, oğluna vəzifəni özünə görə, öz bacarığı üçün veriblər, burda qohumluq əlaqələrinin qəti rolu yoxdur. Əlbəttə. Bizim buna şübhəmiz yoxdur. Heç avtovağzalın müdirinin də nazirin qardaşı olmasında hansısa tapşırıq-zad görmürük. Onu yazan jurnalistlər ana dilimizə hörmətlə yanaşmırlar.
Bir təklif də irəli sürmək istərdim: meşəni qoruyanlara meşəbəyi, toyu aparanlara masabəyi deyildiyi kimi, yaxşı olardı ana dilimizi qoruyanlara da dilbəyi adı verilsin.
Yazını isə dahiyanə deyilmiş sözlərlə bitirmək istərdim: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”