Dövlətçiliyimiz analoqu olmayan şəkildə inkişaf elədikcə camaatımız da müxtəlif səviyyələrdə dünya rekordları vurmaqdadır. Ölçü-biçi hissi itib getmişdir.
Örnək üçün, yaltaqlıqda hazırda bizə kimsə çata bilməz. Bu yaxında bir nəfər yetimin 4 uşağı birdən doğulmuşdu, götürüb bunların adını prezident ailəsindəki adlardan qoymuşdu. 15 kvadrat metrlik evdə yaşayırdı bu “məğrur” ata. Bəlkə də ümid eləyirdi uşaqlara hakimiyyətin adlarını qoysa evin kvadratı böyüyər, icra hakimi nəzər alar ki, prezident ailəsinin adaşının 15 kvadratda yaşaması ayıbdır. Bilmirəm əhvalatın axırı necə oldu. Hər halda, bizim ölkədə dünən 2 yaşı tamam olan Araz Axundovun da örnəyi var. Araz siyasi dustaq Rəşadət Axundovun oğludur, Rəşadət bəyin qanunsuz həbsindən 10 gün sonra doğulub, ötən 2 ildə atasının üzünü qəfəslər arxasından görə bilib. Hətta dünən bu gözəl cocuğun doğum günü münasibətiylə bir-iki oxşama da yazdım, istərdim dəyərli oxucularımızla bölüşüm:
Rəis uşaqları
YAP yaltaqları
Şər ortaqları
Bu Araza qurban.
Prokurorun hirsi
Oturduğu kürsü
Manatın kursu
Bu Araza qurban.
Satqın gizirlər
Çöldə gəzirlər.
Oğru nazirlər
Bu Araza qurban.
Cibgir həkimlər
Saxtakar müəllimlər
Yalançı jurnalistlər
Bu Araza qurban.
Özüm axırıncı bənddə ölçünü, qafiyəni-filanı qəsdən pozdum, qoy ölkədə harmoniya tanımayan elə mən sayılım. Göz dəyməsin, yaman bərk gedirsiniz.
Areala sığışmayanlar arasında deputatlar xüsusən çoxdur. Hacı Qalib Salahzadə adında şeyxin qohumu olan bir deputat vardır, bu adam görün təzəlikcə nə deyib: “Prezidentin Məkkədə Ümrə ziyarətinin kadrlarını televizorda görəndə ağladım. Bir saatdan çox gözümdən yaş gəlib”.
Haşiyə çıxaraq qeyd edim ki, bu məsələdə Qalib müəllim deputat həmkarı Novruzəli müəllimin başına gələnləri yadımıza salır. Novruzəli müəllim də intervüsündə belə demişdi ki, prezidentdən orden almağı xəbəri dostu Səyavuş Kərimiyə (asudə vaxtlarında musiqi qayıran yoldaşdır) çatanda Səyavuş müəllim zəng vurub, sevindiyindən 1 dəqiqə yarım telefonda qışqırıb. Ta Novruzəli müəllimdən söz düşüb, onun həyat və yaradıcılığı haqda oxucumuz Vasif bəyin bir təklifini yazmalıyam: “Qoy Novruzəli müəllim deputat olandan sonra içkini atması haqda ”İçkini atmağın asan yolu” adında kitab yazsın, məşhur Allen Karr-ın şöhrətini təkrarlasın”. Doğrudan da bu kitab bestseller ola bilər. Ən azı İsmayıllı rayon icra hakimiyyətində 20 nüsxə satmaq mümkündür.
Qayıdaq mövzumuza, guya elə yaman da mövzumuz vardır. Gördüyünüz kimi, biri dəqiqə yarım qışqırır, o birisi 1 saat zarıldayır. Başqa dövlətlərdə bəlkə bunlar isteriya sindromları hesab edilib zorən müalicə yazılardı, ancaq bizdə ehtiyac yoxdur. Biz axı Ginnesin kitabına düşən ölkəyik.
Elə Müsavat Partiyası başqanının müavini, şərlənib həbs edilən siyasi dustaq Fərəc Kərimlinin məhkəməsində ortaya çıxan fakt da bu sıradandır. Qanunvericiliyə görə bir nəfərin müxtəlif cinayət işlərində hal şahidi olmasına məhdudiyyət yoxdur, yapistlər də bundan sui-istifadə edirlər, bəzən görürsən bir avara qoduq yeddi müxalifətçinin üzünə durur, sanki bunun işi-gücü yox imiş, ancaq şəhərdə dolaşıb illərlə müxalifətçilərin həbsinə hal şahidliyi edirmiş. Ancaq Fərəc bəyin guya üstündən çıxan narkotikə hal şahidliyi eləmiş tip bu sahədə dünya rekordçusu sayıla bilər: indiyə qədər 180 cinayət işində hal şahidi olubmuş! Hətta Kürdəxanı zindanında bunun üzə durub yalandan tutdurduğu adamların ayrıca binası varmış. Hardasa 2-3 blokluq adam. Bu hal şahidinin adı da çox mənalı idi: Dərgah. “Dərgah” fars dilində astana, qapının ağzı deməkdir. Yəni, bu adamın üzərindən keçib türməyə girirsən.
Hərçənd, hökumətin üzə durmağa başqa yalançı hal şahidi tapa bilməməsi bir az mənfi haldır. 180 adamı işlə təmin eləmək olardı. 1 adam təkcə işləyib axırda cırıq-cırıq olur.