Azərbaycan-Türkiyə münasibətləri bu günlər daha bir tarixi sınaqdan keçməkdədir. Ermənilərin 24 aprel yubiley ağlaşmasının şərindən-xətasından itkisiz ötüşməkdə qardaş və sirdaş ölkəyə bacardığımız siyasi, diplomatik, təbliğati, informasiya dəstəyi verməyi, onun yanında olub da saxta yubileydən dolayı əsas strateji müttəfiqimizə ünvanlı bütün təzyiq-təhdidləri birgə dəf etməyi bacarmalıyıq.
Qatı ermənipərəst Roma Papasının məlum bəyanatı olmasaydı, əslində vəziyyət Türkiyə üçün bir elə qanqaraldıcı, kritik deyildi. Bu minvalla ermənilərin uydurma yubileyi mövzusu dünyanın gündəmində düz-əməlli yer tuta bilməyəcək, görünməyəcək, tez də unudulub gedəcəkdi.
Ancaq olan oldu – Papa açıq səmada şimşək effektli açıqlama yaydı, “arı yuvasına çöp” soxdu. Təbii ki, Fransiski ilk növbədə xristian təəssübkeşliyi danışdırdı. Katolik kilsəsinin başçısı beləcə, ilahi ədaləti unudaraq, bir din adamı kimi Allahdan qorxmayaraq böyük bir yalana imza atdı, günaha batdı: dünyanın 100 ildir soyqırım kimi tanımadığı bir hadisəni “XX əsrin ilk genosidi” kimi katolik dünyasına, bəşəriyyətə sırımağa çalışdı.
Roma Papası da erməni dindaşlarının felinə gedərək, köhnə əfsanəni təkrarladı ki, guya Osmanlı Türkiyəsində 1.5 milyon erməni öldürülüb. Halbuki, o illərdə Osmanlı dövlətində cəmi 1.2 milyon erməni yaşayıb. Sənəd-sünəd necə olsun bəs? Lap tutaq ki, 1.5 milyon erməni qətlə yetirilib, o zaman ermənilərin öz xəyanətləri nəticəsində baş vermiş həmin hadisələrin sonucu olaraq Yer üzünə – Fransa, Amerikaya səpələnmiş 100 minlərlə erməni haradan peyda olub, doğulub, törəyib?
Əlbəttə ki, belə “xırdalıqlar”, tarixi dəlil-sübutlar Papanı ilgiləndirməz, bu, onun qulağına da deyil. Axı o, özünü tarixçi saymır. Əfsus ki, heç düz-əməlli din xadimi, gerçək Allah adamı da deyil! Olsaydı, Haqq-Təaladan qorxsaydı, böhtanın nə boyda günah əməl olduğunu anlayar, erməni dindaşlarının ağrı-acılarından söz açanda XX əsrin gerçək genosidi olan Xocalı soyqırımını da yada salardı…
Din siyasətə bulaşanda, başabəla “dini liderlərin” hesabına saflığını itirəndə doğrudan da əcaib, eyni zamanda qorxulu olurmuş. Çünki bu cür açıqlamalar yeni-yeni faciələrə, milli və dini ədavətin qızışmasına yol açır. Axı, məhz Roma Papası kimi xristian havadarlarının hesabına ermənilər cəzasız şəkildə Azərbaycan ərazilərində etnik təmizləmə aparıb, soyqırımlar həyata keçiriblər. Papanın son bəyanatı isə ermənilərə “soyqırıma, vəhşiliklərə davam et!” mesajıdır.
Görəsən, ermənilər islam dininin daşıyıcıları, azərbaycanlılar isə xristian olsaydılar, buna cürət edərdilərmi, qonşu ölkənin 20 faiz torpağını on illərlə işğalda saxlayardılarmı, nəhayət, Roma Papası müsəlman ermənilərə analoji lütfkarlığı göstərərdimi?..
*****
Gözlənildiyi kimi, Vatikan başçısının başdan-ayağa siyasət qoxuyan bəyanatına Türkiyədən ən yüksək səviyyədə adekvat cavab gəlib. Vatikandan Türkiyə səfiri geri çağırmaqla diplomatik münasibətlər minimal səviyyəyə endirilib.
Papaya qulaqburmasını daha ağrılı eləmək üçün Azərbaycanın da imkanları var. Məsələn, eyni addımı rəsmi Bakı, bizim XİN də ata, üstəlik, Vatikanın burdakı nümayəndəliyi qarşısında etiraz aksiyaları keçirmək olar(dı). Fransiskin mövqeyinin Qərbdə yoluxucu olmaması, Türkiyəmizin təklənməsi görüntüsünün yaranmaması, Qərbə siqnal kimi başqa etiraz tədbirlərini də düşünmək mümkündür. Niyə də Türkiyəmizin yanında olduğunuzu əyani göstərmək, ermənilərin soyqırım tədbirinin effektini öldürmək üçün deputat Fazil Mustafanın təklif elədiyi kimi, Bakıda da Çanaqqala zəfərinin təntənəli yubileyi düzənlənməsin?
Unutmayaq ki, 100 illik tədbirlə Ermənistan iki əsas məqsəd güdür: 1. Azərbaycanın strateji müttəfiqi, təslimçi sülhə ən böyük maneə olan Türkiyəni beynəlxalq qınağın hədəfinə gətirmək, küncə qovmaq və bundan yararlanıb Ankaradan bir sıra siyasi güzəştlər qoparmaq, ən azı, ilkin şərtlər olmadan sərhədlərin açılmasına, Qarabağ məsələsində onun neytral qalmasına nail olmaq.
2. “Əzabkeş xalq” kimi Azərbaycan torpaqlarının, Dağlıq Qarabağın işğalına dünya birliyinin gözündə haqq və legitimlik qazanmaq, işğalçı kimi təzyiqləri özündən uzaqlaşdırıb Azərbaycana yönəltmək.
Ermənilərin arzularını gözündə qoymaq qardaş Türkiyə ilə “ət-dırnaq” kimi olan Azərbaycanın da boyun görəvi, hamımızın vəfa borcudur.