Yaxud akademiya humanitarı ictimaidən nə üçün ayırmışdır
Azərbaycan Milli Elmlər Akademiyasında islahatlar sürətlə davam edir. Alimlərimiz vətənimizdə baş verən və verməyən hadisələri analiz edir, ürək yanğısı ilə münasibətlər ortaya qoyurlar. Misal üçün, Rafiq Əliyevin Lütfi Zadə ilə birgə hazırladığı “Hədislərimizdə elmi-texniki tərəqqinin inikası və mələyin uçma sürətinin hesablanmasında qeyri-səlis məntiq” traktatı hazırda Foksford Universitetində tədris edilir.
Dünən isə Qafqaz Müsəlmanları İdarəsi AMEA-nın baş ofisində “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans qayırmışdır. Dünyanın heç bir başqa ölkəsində akademiya adı daşıyan qurumda mollalar iclas qayırmır, çünki molla ilə alimin yerləri konkret ayrılmışdır. Biri məsciddə oturur, o biri laboratoriyada. Bizdə isə oturmağa laboratoriya yoxdur, o üzdən AMEA-nı vaxtaşırı müxtəlif məqsədlər üçün kirayə verirlər. Hətta istəsən AMEA Rəyasət Heyətinin binasında sünnət toyu da keçirmək olar. İraq olsun, elmi institutların binaları isə mərhumların üç, yeddi, qırx mərasimlərinə açıqdır.
Yeri gəlmişkən, Bakıdakı adını çəkdiyimiz konfransda Səudiyyədən arvad əti yeməyin mümkünlüyü haqda fətva verən məşhur alim də iştirak etmişdir.
Bəlkə siz elə bilirsiniz bu yuxarıdakı xəbərləri mən özümdən uydururam, hardansa qoltuğumun altından çıxarıb yazıram. Qətiyyən. Məndə belə fantaziya qabiliyyəti hardaydı… Həyat bizim fantaziyalarımızdan qat-qat qabaqda şütüyür. Xəbərlər hamısı da gündəlik xəbər lentlərindən götürülmüşdür, inanmayan həzrəti-Google vasitəsi ilə özü yoxlaya bilər.
Misal üçün, elə həmin Google vasitəsiylə tapa bilərsiniz: 11 apreldə AzərTAc xəbər verir ki, AMEA Şəki Regional Mərkəzi… xeyir-dualar kitabı buraxmışdır. Yəni bu kitabda konkret olaraq “Allah səni saxlasın” duasının insan həyatına təsiri böyükdür, yoxsa “Allah alimlərimizin başını qoyub ayağına daş salmasın” duasının – belə şeyləri elmi analiz, deduksiya, induksiya üsulları ilə, o cümlədən kvant fizikası, nanotexnologiyalarla öyrənirlər. Hazırda duaların heyvanlar üzərində təsiri yoxlanır, yaxşı olsa insanlara da tətbiq ediləcəkdir.
Yaxud, yenə zalım axtarış robotu qabağımıza belənçik bir xəbər çıxarır: “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin beynəlxalq əlaqələr və komparativistika şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli Hindistanda elmi ezamiyyətdə olub.
Muzeydən AzərTAc-a bildiriblər ki, azərbaycanlı alim Guvahati Universitetində keçirilən “Ölməz sufi şairlərinin – Sədi, Hafiz, Xəyyam və Mövlananın müdriklik və düşüncələrinin XXI əsrdə aktuallığı” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.
Tədbirdə Ş.Əlibəylinin “Mövlana şeirində təzad daşıyan irfani istilahların poetik dialektikası” mövzusunda məruzəsi maraqla qarşılanıb”.
Gör nə qədər vacib mövzudur… Hazırda başqa alimlərimiz də Pakistanda “Mövlana şeirində təzad daşımayan irfani istilahların komparativistik-realist metafizikası” mövzusunda məruzə edir. Hardasa Təbriz yaxınlığında görüşüb birlikdə “Mövlana şeirindən penoplast üzlüklə örtülən Xətai sakinlərinin ruhi həyəcanlarına administrativ təsiri və qətiyyətin təntənəsi” mövzusunu təqdim edəcəklər.
Dünən AMEA Rəyasət Heyəti daha bir mühüm qərar vermişdir, indiyə qədər birgə fəaliyyət göstərən Humanitar və İctimai Elmlər Bölməsi ortadan parçalanıb Humanitar və İctimai Elmlər Bölmələri edilmişdir. Dəhşətdir. Buna bəlkə Nobel sülh mükafatı verildi. Məncə islahata başlamışkən Mövlana və komparativistika bölmələrini də ayırmaq, bundan başqa xeyir və duanı ayrı bölmələr etmək yaxşı olardı. Həmçinin şeyxlə Hacı Sabirin də AMEA-dan ayrılması elmimizə xidmət edərdi.
Ancaq fikir versən bunun özü də simvolikdir: akademiya işarə vurur ki, bizim ölkədə humanitar olanlar ictimai deyil, ictimai məsələlər isə qeyri-humanitar üsullarla çözülür. Ay sizi xətəkar dissidentlər…