Bu həftə ölkədə, daha dəqiqi, paytaxtda iki maraqlı hadisə baş verib, bir-biri ilə heç bir əlaqəsi yoxdur. Yeganə uyğunluq odur ki, hər iki hadisə özlüyündə igidlik nümunəsi sayıla bilər.
Biri odur ki, deputat Fərəc Quliyev aprelin 24-də toy çaldıracaq.
Əlbəttə, ilin hansı gününəsə toy salınmasının, prinsipcə, igidlik aktı olduğunu iddia etmək olmaz, ancaq ortada milli məsələ olanda vəziyyət dəyişir.
Elə günlər var ki, həmin gün toy edənlər kütləvi şəkildə qınanır. Məsələn, bu ölkədə heç kəs yanvarın 20-də, fevralın 26-da toy eləməz. Səbəbini bilənlər bilir, bilməyənlərə isə izahat verməyə dəyməz.
Hətta elə günlər var ki, adamlar bilmədən həmin günə toy salır, axşam kəlbəcərli (ağdamlı, füzulili, cəbrayıllı) qonaqları gəlməyəndə deyir, bay, bu gün Kəlbəcərin (Ağdamın, Füzulinin, Cəbrayılın) işğal günüymüş, yəqin ona görə gəlməyiblər.
Əslində, həmin günlərdə toya getmək ictimai-siyasi prizmadan baxanda düzgün deyil. Olarsan siyasətçi, ictimai xadim, jurnalist, bilməzsən işğal günlərində toya gedərsən, şəklini çəkib mediaya ötürər, altına da yazarlar: “Baxın, başqa vaxt vətəndən, millətdən danışır, amma … rayonun işğal günündə toyda yeyib-içir, deyib-gülür, kef edir”.
Olmazmı? Olar, dünya kompromat və şantaj dünyasıdır. Adam tanıyıram elə günlərdə toya gedəndə axıradək əzizinin cümə axşamında oturmuş kimi oturur ki, nə olar, nə olmaz, şəklini çəkib yaysalar da, heç olmasa, kədərli düşsün, izahat verməyə sözü olsun.
Amma budur, deputat bilə-bilə aprelin 24-nə toy salıb. Bu, ermənilərə meydan oxumaqdır, yandıq verməkdir. Axı ermənilər 24 apreli “soyqırım günü” elan ediblər. Həmin gün deputatımız və onun qonaqları yeyib-içəcək, gülüb-əylənəcək, qəvi düşmənlərə zərbə vuracaqlar.
Dünyanın gərdişi belə davam etsə, bir müddətdən sonra aprelin 24-nə salınmış toyda çəkilmiş şəkillər fəxarət mənbəyi olacaq. Adamlar onu bir-birinə göstərib nə dərəcədə vətənpərvər olduqlarını isbat edəcək, deyəcəklər: “Sən elə-belə adamla danışmırsan ey. Mən aprelin 24-də toyda yeyib-içmiş, deyib-gülmüş adamam, mənim vətənpərvərliyimə heç kim şübhə edə bilməz”.
Ancaq dünyadır də, birdən erməniləri də, bizi də yenidən ağuşuna alan yekə bir imperiya yaransa və hər iki düşmən xalqa yenidən dost olmağı əmr etsələr, düşmənçilik təbliğatını yasaqlacaqlar, onda 24 apreldə çalınmış toyda çəkilmiş şəkillər kompromata dönəcək. Neo-mərdiməzarlar həmin şəkilləri lazımi orqanlara servis edərək yazacaqlar ki, bu, 24 apreldə toyda oynamış filankəsin oğludur, bunlar nəsillikcə xalqlar dostluğuna zərbə vuran adamlardır. Belələrindən deputat olmaz.
Heç bilirsiniz, 37-ci il repressiyasında nə qədər milli vətənpərvərlər belə-belə şeylərin güdazına gediblər?
***
İkinci qəhrəmanlıq nümunəsi isə “Memar Əcəmi” metro stansiyasının həndəvərində baş verib. Üç gündür media və ictimaiyyət bundan danışır, həm də təkcə danışmır, şücaətin videosunu bir-birinə göstərir.
Hadisə bundan ibarətdir: bir qız küçədə ona söz atan oğlanı döyür, üzünə sillə, qasığına diz zərbəsi endirir.
Xalq manyak oğlanı cəzalandıran qızın tərəfindədir. Kütləvi şəkildə. Hətta belə şərhlərə də rast gəlmək olar: “Qız oğlanı eşşək qədər döydü”; “Qıza sataşan oğlanı çırpdılar” və sair və ilaxır.
Hadisə hamıya ləzzət edib. Əslində mən də döyülən oğlanın tərəfində deyiləm, təfərrüatı bilməsəm də, əminəm ki, qız xeylağı heç bir oğlanı durduğu yerdə döyməz, demək, nəsə bir söz deyib, bir şey yeyib ki, döyülüb.
Ancaq ona da əminəm ki, qızın bu hərəkətini bəyənənlər, alqışlayanlar arasında vaxtilə özləri də qızlara söz atanlar, ancaq qız tərəfindən döyülməyənlər var. Ola bilər ki, bəzilərinin bəxti gətirməyib, söz atılan qızın qardaşı və ya nişanlısı tərəfindən şillələniblər. İndi onlar da daxil, hamı qızı alqışlayır.
Hər halda, xalq belə hadisələrin davamını istəyir. Küçələrdə xalqın uşağını narahat və təhqir edən sapıqların, manyakların qabağını alsa-alsa, qasığa təpik atmaqdan qorxmayan qızlar alacaq.