Modern.az saytı “Xaricdəki tələbəmiz” rubrikasını davam etdirir. Rubrikanın budəfəki qonağı Böyük Britaniyanın Essex Universitetində təhsil alan və yaxınlarda həmin universitetin magistr pilləsində oxuyacaq tələbə Nərmin İsmayılovadır:
– Əvvəlcə özünüz barədə məlumat verərdiniz…
– Mən, Nərmin İsmayılova 1992-ci ildə Bakıda anadan olmuşam. Bağça-Məktəb-Lisey Kompleksinin 43 saylı liseyini bitirmişəm. 2010-cu ildə Azərbaycan Dillər Universitetinə qəbul olunmuşam və 2012-ci ildə İngiltərənin Essex Universitetində təhsilimi davam etdirmişəm. Hazırda, Dillər Universitetini və onunla yanaşı, Böyuk Britaniyanın Essex Universitetində fərqlənmə diplomu ilə başa vuran ilk azərbaycanlı tələbəyəm.
– Xaricdə təhsil almaq qərarını necə verdiniz?
– 2010-cu ildə Azərbaycan Dillər Universitetində oxuyarkən, bu universitet və Essex Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Mən 2 universitet arasında bağlanan müqavilədən və böyük şansdan istifadə etmək istədim. Seçilmiş tələbələrdən biri olaraq Azərbaycan Dillər Universitetində yaradılan “Essex qrupu”na daxil oldum. Hər şey elə bundan sonra başladı. Mənim uşaqlıqdan ən böyük arzum xaricdə, xüsusilə də İngiltərədə oxumaq olub. Bu həvəsi isə uşaqlıqdan məndə sevimli ingilis dili müəlliməm yaratmışdı. Həmçinin, xaricdə təhsil həmişə planımda olub. Bu müqavilə isə mənə çox böyük motivasiya oldu. Professorlarım, müəllimlərim və ailəm məni çox ruhlandırdı. Bu, ən böyük arzum olduğundan, bütün günü çalışırdım ki, imtahanlarımı uğurla verim və tezliklə xaricdə təhsil almağa yollanım.
– Bu qərarı ailəniz necə qarşıladı?
– Ümumiyyətlə, bəzən ailələr öz uşaqlarının xaricdə oxumağını etirazla qarşılayırlar. Bu, ondan irəli gəlir ki, onlar xarici universitetlər və xarici ölkələr haqında tam məlumatlı olmurlar. Oxuduğum illərdə ən böyük dəstəyim ailəmdən gəlib. Onlar xaricdə oxumağımı məndən çox istəyirdilər. Hətta atam xaricə getməzdən əvvəl xarici universitetlərlə maraqlanırdı. Yadıma gəlir ki, İngiltərədə oxumağın və yaşamağın çox çətin olacağını düşünürdüm və bu məni çox qorxudurdu. Bir anlıq mənə elə gəldi ki, ailəmdən uzaqda onlarsız nə yaşaya, nə də oxuya bilərəm. Bununla belə, ailəmə, təhsil alacağım universitetimə də zəng edib təhsilimi 1 il donduracağım barədə xəbərdarlıq etmək istədim. Lakin ailəmin, xaricdə təhsil almağımda ən böyük əməyi olan babamın təkidi ilə bir gün sonra xaricə yollandım. Babamın məsləhəti doğru qərar verməyimə çox kömək oldu. Əks halda ailəmin dəstəyi və köməyi olmadan xaricdə təhsil ala bilməzdim. Təhsil alan tələbə üçün onun ailə üzvlərinin dəstəyi çox vacibdir. Çünki insan bu mərhələdə o qədər çətinlik görür ki, onu hər an dəstəkləyən və bütün qərarlarında yanında olan insanlara çox ehtiyacı olur. Bu dövrdə ailəm həmişə mənimlə oldu və xaricdə oxumağım üçün əllərindən gələni etdilər. İngiltərədə olduğum müddətdə onlar həmişə mənimlə əlaqə yaradır, dərslərimlə maraqlanırdılar. İngiltərə uzaq olduğundan tez-tez ailəmi görə bilmirdim. Lakin önümdə bir məqsəd var idi. Universiteti yaxşı dərəcə ilə bitirim və ailəmi sevindirim.
– Müəllimləriniz haqqında bir az danışa bilərsiniz?
– Essex Universitetində oxuduğum illərdə müvəffəqiyyətli tələbə olmağımda müəllim heyətinin və oradakı professorlarımın rolu çox olub. Müəllimlərimin dərslərini o qədər sevirdim ki, dərs buraxdığım yadıma gəlmir. Dərsləri o qədər maraqlı keçirdilər ki, hətta mən və mənim tələbə yoldaşlarım mühazirənin yarım saat uzadılmasını xahiş edirdik. Müəllimlərimizlə birgə dərsdən əlavə olaraq bir çox layihə işləri görür, digər universitetlərin professorları ilə görüşürdük. Yadıma gəlir ki, ilk dəfə Essex Universitetində oxuyanda bəzi dil dərsləri ilə bağlı problem yaşayırdım. Amerikalı müəllimim Coy mənim üçün dərs proqramı hazırladı. Coy ən sevimli müəllimim idi, çox köməklik etdi. Dərsdən əlavə saatlarımı onunla birgə proyektlər hazırlamaqla keçirirdim. Hətta onunla hazırladığım “Feminism” məşhur layihələrdən biri oldu. İmtahan ərəfəsində professorlarım psixoloji təlimlər keçirdilər. Bu təlimlər imtahanla bağlı qorxu hislərimi azaltmışdı. Müəllimlərimizlə səyahətlər edir, digər ölkələrin tədris metodikası haqqında müzakirələr aparırdıq. Universitetdə ingilis müəllimlərlə yanaşı, müxtəlif ölkələrdən olan müəllimlərimiz də var idi. Bu isə bizim ingilis dilini müxtəlif aksentlərdə eşidib öyrəşməyimizə kömək edirdi. Müəllimlərimlə gələcəkdə də bir çox layihələr həyata keçirmək istəyirəm.
– Tələbələrlə münasibətiniz necə idi?
– Tələbələr müxtəlif ölkələrdən idi. Onlarla əlaqə qurmaq, danışmaq və dostluq etmək çox maraqlıdır. Hər biri öz mədəniyyətini, ənənələrini, dillərini, yeməklərini və s. təqdim edirdilər. Essex Universitetinin böyük kampusu olduğundan tələbələr bütün günlərini burada keçirir və çox hissəsi elə orada da qalırdı. Xaricdə tələbə həyatı çox maraqlıdır. Günümüzün çox hissəsini kitabxanada keçirirdik. Təqdimatların hazırlanmasında, layihələrimizin uğurla həyata keçməsində bir-birimizə köməklik edirdik. Hətta tələbələr öz aralarında “Tələbə Birliyi” yaratmışdı. Nə problem olurdusa, tələbə birliyi bizə kömək edirdi. Biz Essex Universitetini müxtəlif idman növləri üzrə təmsil edirdik. Bir çox universitetlərdə yaxın tələbə yoldaşlarımızla atıcılıq üzrə universitetimizi təmsil edirdik və çox uğurlu nəticələr olmuşdu. Həftə sonları tələbələr İngiltərənin müxtəlif yerlərinə gedirdilər və bunu universitet təşkil edirdi. Biz çox yaxşı vaxt keçirirdik.
– Digər azərbaycanlı tələbələrlə əlaqəniz var?
– Essex Universitetində Azərbaycan cəmiyyəti fəaliyyət göstərir. Mən də 2013-cü ildə Azərbaycan cəmiyyətinin vitse-prezidenti seçildim. Biz Essex Universitetində oxuyan azərbaycanlı tələbələrlə öz ölkəmizi, adət-ənənəmizi tanıtmaq və yaxşı təmsil etmək üçün əlimizdən gələni edirdik. Xarici tələbələr bizim yeməkləri çox sevirdi. Tez-tez milli yeməklərimizdən hazırlayıb onları çağırırdıq.
– Azərbaycandakı tələbə həyatınla Böyük Britaniyadakı tələbə həyatın arasında hansı fərqlər var?
– Azərbaycanda tələbə həyatı Böyük Britaniyadakından fərqlənir. Belə ki, əsl tələbə həyatını sözün əsl mənasında yaşamaq olmur. Əsl tələbə dedikdə, tələbənin mühüm problemləri: yemək bişirmək, kitabxanaya vaxtlı-vaxtında getmək, tələbələrlə eyni mənzildə qalmaq, tələbə şəhərciyində yaşamaq, vaxtının çox hissəsini tələbə yoldaşlarınla olmaq və s. kimi xüsusi məqamlar tələbə həyatını xüsusi və fərqli edir. Azərbaycanda oxuyarkən bir çox işlərimə valideynlərim kömək edirdi. Oxumaqdan başqa problemlərim olmurdu. Tələbə yoldaşlarımla çox vaxt keçirə bilmirdim. Lakin İngiltərədə belə deyil. Valideynlərin yanında olmadığından hər şeyə sən məsuliyyət daşıyırsan. Cədvəlini elə qurmalısan ki, vaxtın hər şeyə çatsın. Bu isə bir az çətindir. Lakin əsl tələbə həyatı mənə çox şeyi öyrətdi. İngiltərədə artıq hər çətin məqamın öhdəsindən gələ bildim. Buradakı tələbəlik həyatım mənə ən çox vaxtımı səmərəli istifadə etməyi öyrətdi. Artıq mən də buradakı tələbələr kimi özümə cədvəl hazırlayır, nəyi, nə vaxt edəcəyim barədə yazır, cədvəlimə görə hərəkət edirdim.
– İngiltərənin təhsil sistemi ilə bağlı nə deyə bilərsiniz? Orada oxumaq çətindir?
– Ümumiyyətlə, İngiltərə təhsil sistemi üzrə öz sözünü demiş bir ölkədir. Bura öz fərqli təhsil sistemi ilə digər ölkələrdən fərqlənir. Belə ki, İngiltərədə hər bir universitetin öz qayda-qanunu var. Qiymətləndirmə sistemi də çox fərqlidir. Oxumaq nə qədər maraqlı olsa da, bir o qədər də çətindir. Hətta deyərdim ki, İngiltərə ən çətin təhsil sistemi olan ölkədir. Mən Essex Universitetində oxuduğum müddətdə yadıma gəlir ki, tələbələrin ən çox getdiyi yer kitabxana idi. Hərdən elə olurdu ki, imtahan ərəfəsində 24 saatımızı kitabxanada keçirirdik. Qiymətləndirmə prosesi isə həm imtahanlardan, həm də kurs işlərindən aparılırdı. Aylarla bir layihə üzərində çalışırdıq və müxtəlif universitetlərin professorları ilə görüşürdük. Lakin qeyd etmək istərdim ki, İngiltərənin təhsil sistemi ilə tanış olan tələbə çətin olsa da, həmişə bu sistemdə oxumaq istəyər.
– İlk günlərdə hansı çətinlikləri yaşadınız?
– İngiltərəyə gələndə, mühitlə, insanlarla, yaşayış tərzləri ilə tanış olmadığımdan bütün tələbələr kimi mənim də çətinliklərim oldu. Lakin adaptasiya dövrünü tezliklə keçdim. Bunda mənə bir mənzildə qaldığım tələbə yoldaşlarım və dostlarım kömək oldular. Lakin elə tələbələr olurdu ki, onlar qala bilməyib universiteti tərk edirdilər. Əslində, belə hadisələr adi qarşılanmalıdır. Çünki hər kəs öz ölkəsindən yad bir yerə gəlir. Öncə qalacağımız yeri yaxşı gəzməli, öyrənməli, universitetlə tanış olduqdan sonra qərara verilməlidir. Bəzən mənim də çətinlik yaşadığım anlarım oldu. İngiltərənin yeməyinə və iqliminə öyrəşmək asan olmadı. Amma zamanla bu çətinliyin də öhdəsindən gələ bildim.
– Problemləriniz olanda necə həll edirsiniz? Kimə müraciət edirsiniz?
– Çalışırdım ki, problemlərimi özüm həll edim. Hər hansı problemim olanda universitetdəki hüquqşünaslardan və universitet heyətindən yardım istəyirdim. Qeyd edim ki, universitetimizdə olan heyət çox yardım sevər idi. Onlar çalışırdılar ki, bütün tələbələri oxuduğu müddətdə məmnun etsinlər.
– Ermənilərlə azərbaycanlıların münasibəti necə idi?
– Əslində xaricdə oxuyan tələbələr təhsillə siyasəti qarışdırmamalıdır. Bəli, ermənilər bizim düşmənlərimizdir. Amma o demək deyil ki, mən, yaxud digər azərbaycanlı tələbə universitetdə və başqa yerlərdə onlara qarşı tədbir görsün. Orada erməni tələbələrlə heç rastlaşmamışdım. Ona görə də bu haqda ətraflı danışa bilmərəm. Amma oxuduğum müddətdə belə siyasi məsələlərə çox da diqqət yetirmirdim. Çünki orada hamı tələbədir və hamının bir məqsədi var – universiteti uğurla başa vurmaq. Universitet bizə siyasi məsələləri nəzərə alaraq başqa ölkələrin tələbələrinə qarşı əks-mövqeli davranmağı qadağan etmişdi. Bütün ölkələrdən olan tələbələrə eyni səviyyədə davranırdım.
– Bir ayda nə qədər xərciniz çıxır?
– Deyə bilərəm ki, İngiltərə bahalı ölkədir. Bu isə İngiltərənin valyutası ilə bağlıdır. İngiltərənin böyük və kiçik şəhərləri var. Tələbənin pulunun xərclənməsi bu yerlərlə bağlıdır. Böyük şəhərlərdə, adətən çox xərc çıxır. Pulun xərclənməsi tələbədən də asılıdır. Tələbə nəzərə almalıdır ki, o tələbədir və pulunu düzgün xərcləməlidir.
– Gənclərə hansı ölkələrdə və universitetlərdə təhsil almağı məsləhət görərdiniz?
– Gənclərə məsləhətim olardı ki, gələcəkdə təhsil alacaqları universiteti və ölkəni özləri seçsinlər. Gənclərin bəziləri universiteti və ixtisası məsləhət və tövsiyələr əsasında qərarlaşdırırlar. Mən isə bunu yanlış sayıram. Hər bir gənc istədiyi ölkədə və istədiyi universitetdə təhsil almalı və bununla əlaqədar heç kimin təzyiqinə məruz qalmamalıdır. Bəzən bizim yerimizə valideynlərimiz seçim edir. Bu düzgün deyil. Məsləhət görərdim ki, universitetləri reytinqinə görə seçsinlər. Yaxşı reytinqi olan universitetlər gələcək karyeranı qurmağa çox kömək edə bilər. Bəzən gənclər xaricdə universitetə qəbul olur. Lakin universitetin yerləşdiyi şəhəri və ya ölkəni sevmir.
http://s017.radikal.ru/i411/1504/e9/c3b97fbbbf5c.jpg
http://s017.radikal.ru/i434/1504/ff/627b47a9a92a.jpg
http://s008.radikal.ru/i306/1504/7d/e31c4ad1845b.jpg
http://s018.radikal.ru/i519/1504/27/155831a06e5d.jpg
http://s018.radikal.ru/i518/1504/0f/6282f238e8dd.jpg