Təzəlikcə Vladimir İliç Lenin – SSRİ dövlətinin banisi, dünya kommunistlərinin lideri haqda nəsə oxuyurdum, içində bir cümlə gözümə dəydi, öz-özümə xeyli güldüm. Həm də qanım qaraldı. Cümlə belə idi: “Lenin sürgündə olduğu İsveçrədən Rusiyaya qayıtdı”.
Əslində müəllif tam olaraq düzgün yazmamışdı, yanılmıramsa İsveçrə tarixi boyunca heç zaman Rusiya ərazisi olmayıbdır, bu baxımdan Lenin ora sürgün edilə bilməzdi. Sürgün ölkə daxilinə edilir. Xaricə edilənin adı deportasiya, emiqrasiya ola bilər. Hər halda, yanlış da bir naxışdır və mən acı-acı düşündüm ki, gör çar Rusiyası necə humanist dövlət imiş, əleyhinə çıxanları İsveçrə kimi cənnətə sürgün edirmiş.
Yeri gəlmişkən, buna bənzər bir detal hələ SSRİ vaxtında keçən uşaqlığımdan yadımda qalıb. Tarix dərsində belə bir fakt öyrətmişdilər ki, çar Rusiyası inqilabçı Lenini tutub türməyə salmışdı, ona əzab verirdi, bayırdakı inqilabçı dostları ilə əlaqə yaratmasına əngəl törədirdi, kağız-qələmdən məhrum eləmişdi və sairə (Lenin Mədət müəllimin türmələrində qəzet-kitab üzünə həsrət qalan siyasi məhbuslarımızı görsə yəqin intihar edərdi, indi biz Mavzoleydə bəlkə Səyavuş Novruzovu ziyarət edərdik).
Bəs proletariatın lideri, bundan qabaqkı zorən babamız problemi necə yoluna qoyurmuş? Axı Lenin o qədər dahi idi ki, mütləq çıxış yolu tapmalı idi, bizə belə öyrədilirdi. O, yemək üçün verilən qara çörəyin üstünə südlə məktub yazıb bayırdakı inqilabçılara ötürürmüş! Təsəvvür edirsinizmi? Necə unikal konspirasiya metodu idi. Mən isə uşaq ağlımla fikirləşmişdim ki, gör nə “qəddar hökumət” olub, siyasi dustağa, inqilabçıya, onu aşırtmaq üçün silahlı üsyana çağıran bir şəxsə qara çörək və süd verirmiş.
Başqa bir unikal “şiddət” detalı Britaniya tarixinə aid kitabda qabağıma çıxdı. Yəqin bilirsiniz, Britaniyanın bizim anladığımız formada bir konstitusiyası yoxdur, bunu əsrlər boyunca verilmiş bir çox qanunlar (ingilislər bu qanunlara “bill” deyirlər – qədim türkcədən götürüblər, yəni, bil, ay bala, qanun belənçikdir) əvəz edir. Bu sənədlərdən ən məşhuru 1215-ci ildə kral Conun imzaladığı Böyük Azadlıqlar Xartiyası – latınca Maqna Karta adlanan qanundur. Həmin qanun, qısa desək, kralın səlahiyyətlərini azaldır, dövlətin idarə edilməsində feodallara və rəiyyətə müəyyən hüquqlar verir. Yəni, hələ indiyə qədər bizimki kimi geridə qalmış ərazilərdə hökmran olan “kral nə desə odur” prinsipini ingilislər 800 il qabaq rədd eləyiblər.
Nəsə, söhbəti çox uzatmadan kral Conun bu qanuna münasibətini həmin kitabdan oxuyaq: “Feodallar Temza çayı sahilində Vindzor və Steyns yaxınlığındakı Ranimed çəmənliyində kralı məcbur etdilər ki, sənədə möhür vursun. Deyilənə görə o, feodallarla çox nəzakətlə davranmış, lakin öz qəsrinə qayıdandan sonra otağında özünü qəzəblə döşəməyə yıxmışdı”.
Halbuki, kral Conun yerinə bizimkilərdən biri olsa Daxili Qoşunları qaldırar, camaatı minər, ölkənin 20 faizini fransızlara vermək bahasına belə hakimiyyət səlahiyyətindən bir qram əl çəkməzdi. Sən repressiv üsula bax: qəzəblə döşəməyə yıxılıb!
İndi isə Azərbaycan Demokratik Respublikasının görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun həyatından bir faktı oxuyaq. Topçubaşov Rusiya müsəlmanlarının hüquqları uğrunda, ümumən demokratik mübarizəsi səbəbindən hökumətin qəzəbinə gəlir, 1908-ci ildə onun 3 aylıq həbs qərarı verilir. O vaxt çar Rusiyasında bəzi məhbuslara türmə yerini seçmək hüququ tanınırmış. (Bəh-bəh…) Və paytaxt Sankt-Peterburqda cəzanı gözləyən Topçubaşova bu vaxt Bakıdan bir məktub gəlir. Məktubu Məmməd bəy Məmmədbəyov adlı bir şəxs yazmışdı. Qısa məzmunu belə idi ki, adam Topçubaşova böyük hörmət bəslədiyini yazırdı (“Sənin adın tarixə qızıl hərflərlə yazılacaq” – məktubdan sitatdır), onu Quba türməsini seçməyə çağırırdı. Yazırdı ki, Quba sərin yerdir, üstəlik türmə rəisi köhnə tanışımdır, səni elə özüm Bakıdan Qubaya müşayiət edib rəisə təhvil verərəm, orda günün yaxşı keçər və sairə. Bəs bu Məmməd bəy özü kim idi? İnanmazsınız: adam Bakı polis idarəsi rəisinin köməkçisi işləyirdi! Hökumətin qəzəbinə gəlmiş, həbs edilən şəxsə Bakı polislərindən kiminsə indi belə xoş məktub yazmağı cəhənnəmə, adi qutabı rüşvətsiz ötürdüyünü təsəvvür edin.
Biz niyə bu kökə düşdük, hərdən fikirləşin.