Məlumat axtarışı saytlarında arasaq, 10 il öncə əlinə Corc Buşun portretini götürərək, “Azadlıq” blokunun seçkiqabağı təşviqat aksiyasına çıxmış 12-14 yaşlı uşağın şəklinə rast gələ bilərik.
Həmin uşaq “Biz azadlıq istəyirik” şüarı və azadlıq umduğu siyasətçinin şəklini qaldırmışdı.
Həmin portreti o uşağa kim vermişdi, məlum deyil, amma onun məqsədi bəlliydi: adam istəyirdi ki, hazırladığı bu təbliğat-təşviqat vəsaitini bütün dünya görsün.
Hansısa əcnəbi reportyorun diqqətli baxışı və əməyi sayəsində həmin şəkil dünyanın aparıcı media qurumlarının bülletenində yer aldı.
ABŞ prezidenti Corc Buş həmin şəkli gördümü, görmədimi, məlum deyil, məlum olan odur ki, Corc Buş şəxsən ondan azadlıq istəyən uşağa və demokratik seçki tələb edən Azərbaycan vətəndaşlarına kömək etmədi.
Corc Buş buna borcluydumu? İndiki konyukturaya əsasən fikir yürütsək, xeyr, borclu deyildi. Ancaq o vaxt Corc Buş başçılıq etdiyi dövlətin dünyanın hər yerində demokratiya istəyən insanlara kömək edəcəyini demişdi.
Bəli, Buş söz vermişdi və dünyada milyonlarla insan onun sözünə güvənərək öz ölkələrində demokratiya, haqq-ədalət tələb edirdilər.
2005-ci ildə çəkilən həmin o məşhur şəkil ümidlərin şəkliydi.
İndi vəziyyət çox fərqlidir. Artıq ABŞ və onun prezidenti dünyada demokratiya istəyən insanlara söz vermir və yalançı çıxmır. Bəlkə də düzü budur. Yalandan ümid vermək bir şey deyil. İnsanlar əbəs yerə həyəcanlanır, ayağa qalxır, aksiyalara çıxır, lazımi dəstəyi almır, sonda irtica ilə üz-üzə qalır.
Obamanın öz sələfindən başlıca fərqi budur. Bu onun zəif və ya üstün cəhətidir, mübahisəli söhbətdir, amma fakt budur ki, o, dünyada demokratiya hayında deyil və öz ölkəsində yenidən baş qaldırmış irqi ayrı-seçkilik probleminin önündə aciz qalıb.
Bəlkə də dünya üzərində demokratik hərəkatın zəifləməsinin, irticanın, zorakılığın, dövlət istibdadının güclənməsinin başlıca səbəbi elə budur: özünü dünya hegemonu sayan (və gerçəkdə də belə olan) dövlətin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, despot rejimlərini özbaşına buraxması.
Diktatura, avtoritarizm, totalitarizm məngənəsindən çıxmış, demokratiya müstəvisinə adlamış xeyli ölkədə demokratikləşmə prosesi geri dönüb: həmin ölkələr günbəgün geriyə gedirlər, demokratik azadlıqlar boğulur, insan haqlarına riayət arxa plana keçir, parlamentli respublika quruluşundan imtina edib prezident idarəetməsinə (dolayısı ilə bir liderin avtoritarizmi) adlayırlar, insanların seçib-seçilmək hüququ məhdudlaşdırılır, cəzasız bir şəkildə seçkilərə hiylə qarışdırırlar və sair və ilaxır.
Əvvəllər hansısa ölkədə demokratiyaya yönəlik mürtəce siyasət yürüdüləndə ABŞ və Qərb dövlətləri kəskin reaksiya verirdilər. İndi çox yumşalıblar, sadəcə, protokol xatirinə nəsə bir bəyanat verirlər, məsələ bitir. Müstəbidlər ABŞ-ın “çomağın o biri başını çevirəcəyi”ni gözləmirlər, çəkinmirlər və gözləntiləri doğrulur.
Vaxt vardı, hakimiyyətlə barışmaz mübarizədə olan insanların həbs olunma ehtimalından söz düşəndə deyirdilər: “Dünya birliyi buna imkan verməz”. Bu söz əsasən ABŞ-ı və aparıcı Qərb dövlətlərini nəzərdə tuturdu.
İndi məhbəslər ABŞ-ın himayəsində olan müxtəlif institutlarda çalışan insanlarla dolub, amma dünyanın ən qüdrətli dövləti öz adamlarını azadlığa buraxdıra bilmir, eləcə bəyanat yayır.
Budur, ABŞ Dövlət Departamentinin sözçüsü vəzifəsini icra edən Meri Harfın aprelin 16-da yaydığı bəyanatda oxuyuruq: “Biz tanınmış insan haqları fəalı Rəsul Cəfərova əsasən siyasi motivli sayılan ittihamlarla altı il yarım həbs cəzası verilməsindən dərin narahatlıq hissi keçiririk”.
Meri Harf… , “narahatlıq hissi”… , “siyasi motivli sayılan ittihamlar”…
Son aylarda həbs cəzasına məhkum edilən bütün siyasi dustaqlara dair bu cür bəyanat verilib, “ABŞ-ın narahatlıq hissi keçirdiyi” ifadə edilib. Leksikonda yeni ifadə “siyasi motivli sayılan ittihamlar”dır. Əvvəllər daha konkret ifadələr səslənirdi, məhkum olunanları birbaşa “vicdan məhbusu”, “siyasi dustaq” adlandırırdılar.
Son konyuktura artıq belədir: tutulanlar sırf siyasi dustaq sayılmır, sadəcə, onlara qarşı siyasi motivli ittihamlar da var.
Vaxtilə Corc Buşun şəklini götürüb mitinqə çıxan uşaq indi yəqin ki, 22-23 yaşlı gəncdir. Yəqin ki, indi o, ABŞ prezidentinin şəklini götürməz, ondan kömək gözləməz.