Əsəbi bir həftəyə girmişik. 24 aprel tarixini deyirik. İndi az qala, hamının gözü müsəlman kökənli ABŞ prezidenti Barak Hüseyn Obamaya dikilib. Ermənilər isə xüsusi intizarla dünyanın 1 nömrəli dövlətinin liderinin iki dodağının arasından həmin gün hansı sözün çıxacağını gözləyir.
Yada salaq ki, prezidentliyi dönəmində Obama 24 apreldə heç vaxt “soyqırım” sözünü işlətməyib. 2012-ci ildə təkrar prezident seçkiləri zamanı da amerikalı erməni seçicilərinin səslərini almaq naminə buna getməyib. Üçüncü müddətə isə o, prezident olmayacaq. Başqa sözlə, ənənəni pozmaq üçün hansısa şəxsi, siyasi motiv yoxdur.
Ən əsası, ABŞ bu iddianı indiyədək tanımayıb. Prezident isə dövlətin rəsmi şəxsidir. Düzdü, onlarla ştat uydurma məsələni tanıyan qərarlar verib. Ancaq ştat ayrı, dövləti təmsil edən mərkəzi hakimiyyət ayrı. Ona qalsa, bir neçə ştat qondarma “DQR”i də dövlət kimi tanıyıb. Əsas Ağ Ev və onun sahibinin mövqeyi, siyasi iradəsidir. Boş yerə erməni özünü oda-közə vurmur ki, Amerika prezidenti bircə dəfə “soyqırım” desin.
Fəqət, Barak Obama bu sözü dilə gətirsə də, ABŞ dövləti tanısa da, qərarın yalnız mənəvi təsir qüvvəsi ola bilər, hüquqi yox! Necə ki, Avropa Parlamentinin son qətnaməsi hüquqi qüvvəyə malik deyil və bu sənəddə də öz əksini tapıb.
Hüquqi qüvvə üçünsə yəhudi soyqırımı məsələsində olduğu kimi, BMT-nin qərarı və bu təşkilatın orqanı olan Beynəlxalq Məhkəmənin (Haaqa Tribunalının) müvafiq hökmü olmalıdır. BMT-də, onun Təhlükəsizlik Şurasında əsas söz sahib isə 5 dövlət – ABŞ, Böyük Britaniya, Rusiya, Çin və Fransadır. Onların da üçü (ABŞ, Böyük Britaniya, Çin) uydurma məsələni rədd edir. Rusiya isə formal tanıyır və bu dəqiqə məsələ səsə qoyulsa, Türkiyəyə görə ən azı, bitərəf qalar…
Arayış üçün bildirək ki, erməni soyqırımı iddiaları 1950-ci illərdən – “soyqırım” sözü rəsmən beynəlxalq hüquqi status alandan iki il sonra gündəmə gəlib. Ancaq Amerika və Avropada erməni lobbisinin dəstəyilə başlanan böyük kampaniyanın, 65 illik canfəşanlığın yekunu olaraq ermənilər cəmi 21 ölkədə öz istəklərinə nail olublar. 65 ildə cəmi 21 ölkə! Onların da çoxu qlobal siyasətə ciddi təsiri olmayan, ermənilərin ən çox kök saldığı Latın Amerikası və Avropa ölkələridir.
Diqqət edin, son 10 ildə ermənilər yalnız iki ölkədə – Çili (2007) və Boliviyada (2014) məkrli iddianın tanınmasını gerçəkləşdirə biliblər ki, bu da yenə latındilli ölkələrdir. Deməli, dünyanı bu saxtakarlığa inandırmaq faktiki, mümkünsüz hala gəlib və Türkiyəyə qarşı məkrli proses əslində dayanıb.
Sübhə yox ki, məsələyə xristian amilinin mühüm təsiri olduğunu söyləyənlər haqlıdır. Elə Livan istisna olmaqla, 21 ölkənin hamısı, xristian dövlətləridir. Ancaq insafən, xristian dünyasının sayılıb-seçilən ölkələrinin heç də hamısı erməni küyünə getməyib. Küyə getməyənlərin sırası isə 21 dövlətlə müqayisədə daha çoxdur.
Bunlar – ABŞ, Böyük Britaniya, İspaniya, Braziliya, Avstriya, İsveç, Norveç, Finlandiya, Danimarka, Bolqarıstan, Macarıstan, Makedoniya, Çexiya, Serbiya, Rumıniya, Avstraliya, Yeni Zelandiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan və başqa ölkələrdir. Bura qeyri-xristian dövlətlərini – Çini, Hindistanı, Yaponiyanı, iki Koreyanı, Vyetnamı, İsraili və Livan istisna olmaqla bütün müsəlman və əksər Afrika ölkələrini də əlavə eləsək, böyük bir siyahı alınar. Qısası, 220-dən çox BMT üzvü ölkələrinin yalnız 21-i erməni nağılına inanır!..
Gələk, indi damarında 50% müsəlman qanı olan Obamanən tutacağı mövqeyə. Sizcə, Ağ Evin hazırkı rəhbəri ənənəni pozub hakimiyyətdən gethagetdə “soyqırım” söyləyə, bununla da türk-müsəlman toplumunun, Türkiyə-Azərbaycan xalqlarının lənətini qazanarmı?
İddia var ki, Ərdoğanla Obamanın münasibətləri isti olmadığı üçün bu addıma o gedər. Ancaq hətta belədirsə, yenə məntiq başqa şey deyir. Çünki bu, tək Ərdoğanın məsələsi deyil. Siyasi münasibətlərə, bir ovuc erməniyə görə, hətta Hillari Klintona 5-6 erməni seçicisinin səsini qazandırmaq naminə bütöv bir xalqı, qos-qoca Türkiyə dövlətini hədəf alıb ABŞ-a düşmən eləmək Vaşinqtonun maraqlarına uyğundurmu? Uyğunsa, onda qoy Obama həmin sözü desin.
Ancaq inanmırıq. Obama özünü “yandırmayacaq”. Həm də o səbəbə ki, 4-5 gündən sonra bu mövzu heç kimin yadına düşməyəcək. Erməniləri ən çox qorxudan da budur.