Bir dostumuza İtaliyadan qonaq gəlibmiş, burdakı vəziyyəti görüb dostumuzu xeyli danlayıbdır. Deyib bu nə gün-saatdır siz yaşayırsınız, axı nə üçün inqilab eləmirsiniz, İtaliyada korrupsiya olsa da sizdəki qədər deyil, sizin inkişafda İtaliyaya çatmağınız üçün iki nəsil dəyişməlidir, mərkəzdə tikdiyiniz dəbdəbəli binalar saxtakarlıq örnəyidir və sairə.
O məşhur bayatımızda deyilən kimi, “gör nə günə qalmışam, bəyənmir bu da məni”. Dünya üzərində mafiyanın, “Koza Nostra”nın vətəni kimi tanınan, korrupsiyaya bulaşan, adı arvadbazlıqda çıxan baş nazirlərinə küçə süpürdən, pornoulduzu deputat seçən bir camaat bizə lağ edir. Hələ onu demirəm ki, dövlətləri xəritədə ayaqqabıya oxşayır. Buna görə utanın ey! Bizim qartala oxşayan respublikamızla nə işiniz var? Düzdür, hazırda quyruq tərəfini alçaq düşmənlər bir qədər yolubdur, ancaq problem deyil. Lazım gəlsə ora tük əkərik.
Qartal demişkən, bu yaxında xəbər gördüm, YAP Bərdə rayon təşkilatının üzvü olan gənclər yerli polis şöbəsinin mayoru ilə birgə 30 qırqovul yetişdirib Kür qırağı meşələrə buraxmışdılar. Tədbir “Ana təbiəti qoruyaq” adlanırmış. Çox maraqlı, geopolitik məsələ idi, çünki ərəb şeyxləri şahinləri ilə vaxtaşırı ölkəmizə quş ovuna gəlməyə başlamışdır. Şahinlərin tutması üçün qırqovul tədarükü görmək məqsədəuyğundur. Hansı məqsədə, onu siz bilməzsiniz. Siz yaxşı olar qırqovul becərilməsində vətəndaş borcunuzu həyata keçirin. Bərdəlilər bu əmək fəaliyyətlərinə görə qarşıdan gələn deputatxana seçkilərində Zahid Orucun növbəti dəfə deputat qoyulacağı ilə mükafatlandırılıblar. Özlərini yaxşı aparsalar Zahid müəllimə Bərdəni Makedoniyada təmsil eləmək hüququ da veriləcəkdir.
Bundan başqa, hazırda dünyada proseslər Azərbaycana oxşamaq istiqamətində gedir. Özbəkistanın daimi və dönməz ulu öndər prezidenti İslam Kərimov təzəlikcə 40-cı dəfə prezident seçildi, hardasa 400 faiz səs yığdı. Bunun andiçmə mərasimində çıxışını dərc eləyiblər, İslam müəllim sözün əsl mənasında hətərən-pətərən danışıbdır. Sitat: “Biz heç vaxt lovğalanmırıq. Bizim ÜDM-miz 8 faiz artıb. Bundan ötrü hazırlıqlar görülmüşdü. Hər gün hazırlıq gedirdi. Müstəqil olandan bəri biz planlar cızırıq. Bizim beş prinsipimiz var, biz heç zaman, heç yerdə, istər böyük tribina olsun, istər kiçik, heç vaxt özümüzü göstərmirik. Əgər lazım olarsa, mən yenə də deyəcəm, lovğalanmaq lovğalanmaqdır, kim lovğalanırsa, lovğalanmaq bir ölkəyə aiddir, hansının ki adı var və biz o yolla getmirik”.
Tanış gəldimi? Bizdə 200 ildir Elmar Məmmədyarovla Artur Rasizadə bu cür danışır, heç bir problem də yaranmır. Demək dövlətçilik siyasətimiz artıq Özbəkistana təsir eləyir.
Misal üçün, bir də görürsən Elmar müəllim deyir: “ATƏT-in Minsk qrupu danışıqlarda prinsiplərin aparılması məsələ ondadır ki, suverenlik təmin olunması ərazi bütövlüyündə bizə söz deyilməsi əhəmiyyətli addımdır, çünki istəsək Qarabağda yaxşı armud bitir”. Xalq da bunu alqışlayır. Alqışlamasa adam 200 il nazir qoyula bilərdimi?
Yaxud, Artur müəllim baş nazir işlədiyi 300 il müddətində xalqımızın qan yaddaşına bu vacib çıxışı ilə möhür vurmuşdur: “Mən deyirəm qışda təzə xiyar yeməyəsiniz çünki bu zaman inflyasiya baş verir, mənim də başım ağrıyır, çünki mən öz-özlüyündə baş nazirəm. Özü də məndən yazmaq asandır, hələ heç kimi tutdurub Kürdəxanı türməsinə salmamışam, hünəriniz varsa dövlət başçısını da tərif edin. Ən düzgünü olar ki, biz hamımız xarici maşınlara minək, çünki burda inkişaf göstəricisidir. Çıxışımın sonunda Elmar müəllimi dəstəkləyərək demək istəyirəm ki, doğrudan da armudun yaxşısı hamamda olur. Hrmətli deptatlar. Hi-hi”.
Yazını isə daimi oxucularımızdan Bəhram Basqallının məktubu ilə bitirmək istərdim. Düzdür, bu məktubun, orda qaldırılan məsələnin şəxsən bizə heç bir dəxli yoxdur, ancaq guya bu dünyada nəyin bir-birinə dəxli var? Guya sizin hamınıza Azərbaycan adlı dövlətin nəsə dəxli var? Heç vacib də deyil, hamı başını aşağı salıb işini görür, türkün məsəli. (Bu mövzuda yaxşı lətifə də var, Mətbuat Şurası qadağan eləməsəydi burda yazardım).
Uzun sözün qısası, Bəhram bəy yazır ki, sosial şəbəkədə Avropa Oyunları haqda nəsə tənqidi şərh yazıbmış, bundan sonra iqtidaryönlü jurnalistlərdən biri (adı olsun Fırtışqulu – çünki əsl adı Tofiq Abbasovdur və bunun məsələyə dəxli yoxdur, mən də yazmıram – Z.H.) buna söyübdür. İndi Bəhram bəy yazır ki, gör bunlar nə qədər qudurublar, tənqidi şərh yazanları söyürlər və sairə.
Lap axırda isə qeyd edim ki, Müsavat gələcək, zülm bitəcək! Dəqiq söhbətdir.