Rusiya ilə Qərb arasında getdikcə artan gərginlik fonunda nüvə müharibəsi təhlükəsi də artıb. Bu təhlükənin hətta SSRİ-ABŞ qarşıdurması dövründə olduğundan daha yüksək olduğunu deyirlər.
Ən azından o vaxta nisbətən indi rəsmilər nüvə zərbəsi haqda açıq danışırlar. Hətta bu günlərdə Rusiya prezidenti Vladimir Putin Krım hadisələrinə həsr edilmiş sənədli filmdə yer alan müsahibəsində demişdi ki, Moskva yarımadanı qorumaq üçün nüvə qüvvələrini də döyüş hazırlığı vəziyyətinə gətirmişdi.
Daha sonra Rusiyanın Kopenhagendəki səfiri bildirdi ki, Danimarka Avropada raketdən müdafiə sisteminə qoşulsa, Rusiyanın nüvə raketlərinin hədəfinə çevriləcək.
Virtualaz.org saytı xəbər verir ki, nüvə müharibəsi təhlükəsinin artdığı bir vaxtda ABŞ-ın Strateji Komandanlığının eks-komandanı, general Ceyms Katrayt və Rusiyanın strateji təyinatlı raket qoşunlarının Elmi-Tədqiqat İnstitutunun keçmiş rəhbəri, general Vladimir Dvorkin “İnternational New York Times”da “Nüvə müharibəsindən necə qaçmalı” adlı birgə məqalə ilə çıxış ediblər.
General Katrayt hazırda nüvə riskini azaltmaq üzrə Komissiyanın (“Global Zero Commission on Nuclear Risk Reduction”) sədridir. Dvorkin isə bu komissiyanın üzvüdür.
Ceyms Katrayt
“Ötən ay xəbər yayılanda ki Krım böhranı zamanı müdafiə sahəsinə cavabdeh olan rəsmilər prezident Putinə Rusiyanın nüvə arsenalını həyəcan rejiminə gətirmək barədə məsləhət veriblər, nüvə təhlükəsinin nə dərəcədə aydın olduğu təsdiqləndi” – deyə müəlliflər yazır.
Onların fikrincə, ABŞ və Rusiyanın təxirəsalınmaz vəzifəsi ondan ibarətdir ki, öz aralarında danışıqlar aparsınlar və səhvən nüvə zərbəsi endirilməsi riskini minimallaşdırsınlar.
Müəlliflər hələ “soyuq müharibə” doktrinasının qüvvədə olduğunu, bu doktrinanın üç variantı nəzərdə tutduğunu bildirir: birinci nüvə zərbəsi, erkən xəbərdarlıq sistemindən daxil olmuş siqnal əsasında raket buraxılışı və hücumdan sonra cavab nüvə zərbəsi.
İkinci varianta əsasən nüvə zərbəsi düşmənin raket hücumu barədə peyklərdən və ya radarlardan daxil olan informasiyalar əsasında endirilməlidir. Bu, ən riski ssenaridir. Təxribat, yaxud texniki nasazlıq qlobal fəlakətə gətirib çıxara bilər.
Kibertəhlükələrin artması da raketdən erkən xəbərdarlıq sisteminin “yalançı həyacan siqnalı” verməsi ehtimalını artırır.
Vladimir Dvorkin
Generallar hesab edir ki, səhvən nüvə zərbəsinin endirilməsi riski ABŞ və Rusiya prezidentıərini öz nüvə strategiyalarından xəbərdarlıq siqnalı üzrə raket buraxılışı anlayışını çıxarmağa sövq etməlidir. Bundan ötrü iki ölkə hərbçiləri danışıqlar aparmalıdır.
Həmçinin tərəflər erkən xəbərdarlıq sistemindən daxil olan informasiya əsasənda raket buraxılışlarını sınaqdan keçirməyi dayandırmalıdır.
“Erkən xəbərdarlıq sistemindən daxil olan siqnal əsasında raket buraxılışı “soyuq müharibə”nin məhsuludur və onun faydası ziyanından çoxdur. Bizim liderlərimiz təcili olaraq danışıqlar aparmalı və bu köhnəlmiş protokoldan imtina etməlidir. Nə qədər ki, fəlakətli səhv baş verməyib…”- deyə generallar yazır.