(Özünü karlığa və korluğa vuranlar üçün)
Dünyadakı riyakarlıqlar və əclaflıqlar bu günlərdə göz önündədir. Saxta erməni soyqırımına münasibətdə bunun bir daha şahidi olduq. Serbiya prezidenti Boris Tadiç gərək unutmayaydı ki, 1995-ci ildə Srebrenitsa şəhərində iki həftə ərzində 15 min türk-müsəlmanı soyqırım edən onun bu gün rəhbərlik etdiyi ölkədir…
Fransa Allah qoymasa həmsədr ölkə kimi Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğuldur. Olland Ermənistanın qatil prezidentini bağrına basanda ehtiyatlanmalıydı ki, üst-başı qana bulanar, Sərkisyan xirtdəyinəcən qana bulanıb Xocalıda. Putin üçün də xatırlatmalı kifayət qədər faktlar var, 20 yanvar qırğınından tutmuş, 366-cı alayın Xocalıda erməni faşistlərlə birgə törətdiyi soyqırıma qədər. Ancaq nə faydası?
Xocalı soyqırımı 100 ilin xəyali söhbəti deyil ki, 1992-ci ildə baş verib. 1992-ci ilin 8 aprelində törədilən Ağdaban soyqırımında bir kənd erməni separatçıları tərəfindən yandırılıb, 67 nəfər qətlə yetirilib – 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb.
Nisbətən uzaq tarixdə isə daha nələr olmayıb. 1905-ci, 1918-ci illərdə ermənilərin törətdikləri dəhşətlər isə yazmaqla bitən-tükənən deyil. Dönük ermənilərin Osmanlı ərazisindən köçürülməsi zərurətdən irəli gəlirdi. Türklər onları məhv etməkdənsə, deportasiya etməyi üstün tutdu, buna görə dünya Osmanlıya “sağ ol” deməliydi. Ancaq keçən əsrdə Azərbaycan türkləri dəfələrlə deportasiyaya məruz qalıb, 1948-1953-cü, 1988-1989-cu illərdə yüz minlərlə azərbaycanlı dədə-baba yurdundan sürgün edilib, minlərlə insanımız deportasiyanın qurbanı olub. Roma Papası, Avropa Parlamenti bu faktlara niyə “soyqırım” demir?!
Həqiqət köz kimidir, külünü üfürəndə qığılcım saçar. Həqiqət budur ki, erməni cəlladları təkcə Osmanlı ərazilərində, yaxud Şimalı Azərbaycanda deyil, Cənubi Azərbaycanda da dəhşətli qırğınlar törədib. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırıma məruz qoymuşdu.
I Dünya müharibəsi zamanı erməni silahlı dəstələri vəziyyətdən istifadə edib Xoy, Salmas, Soyuqbulaqdakı Azərbaycan türklərini böyükdən-kiçiyə görünməyən vəhşiliklə məhv etməyə başlayıb. Tarixi məxəzlər deyir ki, təkcə Urmiyə bölgəsində ermənilər 150 min, Xoy bölgəsində isə 50 min Azərbaycan əhalisini qətlə yetirib. Türkiyə ərazisinin Şərqi Anadolu bölgəsində isə 200 min Azərbaycan türkü öldürülüb. Beləliklə, Azərbaycanın şimalı xaric, Yaxın Şərq bölgəsində 400 min Azərbaycan türkü ermənilər tərəfindən qətlə yetirilib. Soyqırım budur!!!
Azərbaycanlıların soyqırımın gözləri ilə görmüş Motemed-Əlvözəra öz qeydlərində belə yazırdı: “Səhərə kimi atışma kəsilmədi. Səhər hökumət mərkəzinə gəldim. Raportlardan məlum oldu ki, gecə dəhşətli faciələr baş verib. Çilolarla ermənilər hücum edib təxminən 500 evi odlayıblar, azərbaycanlı əhalini qətlə yetiriblər. Qırğın səhəri gün də davam etmişdi. Həmin gün qırğında 10 minə yaxın günahsız azərbaycanlı qadın və uşaq qətlə yetirilmişdi”.
Həmin dəhşətləri qələmə alan Əli Dehqaninin “Zərdüşt yurdu Urmiya” əsərində axır çərşənbə günü azərbaycanlıların başına gətirələn müsibətlər haqqında yazılıb: “Amerikanın Urmiyadakı konsulu Mister Şedin hiyləsi ilə tərkisilah olunmuş azərbaycanlılarla müzakirədən sonra urmiyalılar aldandıqlarını başa düşdülər. Bu günü Günəş ili 1226-cı il, İsfənd ayının 26-sı – axır çərşənbə (17 mart, 1918) Urmiya şəhərində erməni daşnaqları və çiloların 10 min nəfərə yaxın azərbaycanlı qırğınının şahidiyəm”.
Fars şovinizminin dahi təbliğatçısı kimi tanınan Əhməd Kəsrəvi isə yazırdı ki, Ağa Petrosun başçılığı ilə keçirilən qanlı ixtişaşlar zamanı Salmasda bircə abad kənd belə qalmadı. “Çarəsiz qalan xalq öldürülür, imkanı olanlar qaçıb gedirdi. O gün olmurdu ki, Urmiyada adam qətlə yetirilməsinE Urmi, Salmas, Xoy şəhərləri və bu şəhərlər arasında olan kəndlərdə Azərbaycan türklərinin soyqırımı və talanlarının davam etdiyi bir vaxt Osmanlı Ordusu onların yardımına gəldi və azərbaycanlıları bəlkə də yox olmaq təhlükəsindən qurtardı. Osmanlı ordusu 1918-ci ilin iyun ayında Xoy şəhərinə çatdı. Ordu oradan Salmasa doğru hərəkət edib erməni-aysor birləşmələrinə həmlə etdi. Petros bu döyüşə Urmiyadan topxana da gətirmişdi. Bir neçə günlük müharibədən sonra erməni ordusu dağıdıldı, onlar ailələrini, mal-qaralarını götürüb qaçmağa başladılar…”
Tarixi mənbələrdə ardınca deyilir: “Həmin il Böyük Ermənistan yaratmaq fikrində olan daşnaq partiyasının başçısı Andronik Xoy şəhərini ələ keçirmək və erməni-aysor qoşunlarına birləşmək üçün 8000 nəfərlik hərbi qüvvə ilə Culfa yolundan Xoy şəhərinə tərəf hərəkət etdi. Ermənilər belə qərara gəlmişdilər ki, Xoy şəhərini tutub, onun əhalisini qırandan sonra on min erməni ailəsini burada məskunlaşdırmaqla Azərbaycanın bu hissəsini Ermənistana birləşdirsinlər…
Osmanlı ordusu özünü Salmas tərəfdən Xoya çatdırdı. Bunu eşidən Xoy əhalisi sevinərək müqaviməti gücləndirdi. Nəhayət, Osmanlı qoşunu yetişərək topları dağ başında qurdu, erməni ordusunu atəşə tutdu. Ermənilər qalib olmaq ümidlərini itirib gəldikləri yolla geri dönüb qaçdılar”.
Bu gün Türkyə və Azərbaycan bütün arxivləri dünyanın üzünə açmalı, “Yeni Müsavat”ın baş yazarı Rauf Arifoğlunun təklif etdiyi kimi arxiv sənədləri tərcümə edib internetdə yerləşdirməli və “soyqırım” bəhanələrini durdurmaq üçün sonuncu silahından yararlanmalıdır. Hər halda bəziləri özünü korluğa vursa da, oxuyanlar, həqiqəti anlayanlar tapılacaq. Həm də yalnız Azərbaycanın şimalında deyil, cənubundakı soyqırım faktlarını da dünyaya yaymaq lazımdır.
Bu gün İrandakı Azərbaycan türklərinin səsi eşidilmirsə, biz onların ucalan səsi olmalıyıq. Güneyin başına gətirilənlərdən bəlkə heç güneydəkilərin də xəbəri yoxdur. İndi biriləri qətliam törətdiklərinə görə layiqli cəza alan qulağıkəsik Andronikin tör-töküntülərinin soyqırıma məruz qaldığını iddia edirlərsə, süngüyə keçirilən azərbaycanlı balalarının ahı tutsun belələrini…