Qulaqlarımdan hələ də o səs getmir: “Nər-giz, məni qoyub hara gedirsən?! Getmə, Nərgiz!!!” Cənazə törəni boyu eşitdiyim bu səsin sahibi Nigarmış. Nə səsini, nə də özünü tanımamışdım yol boyu. Adam nə qədər dəyişərmiş, İlahi!
Biz illər boyu Nigarı belə görməmişdik. Küçə-meydanlarda təzyiqə tuş gələndə də, bədbəxt hadisədən sonra mühakimə olunanda da, Tofiq bəyin cəza çəkdiyi müəssisəyə gedib-gələndə də üzündən təbəssüm əskik olmamışdı…
Nərgiz də eləcə. Ən çətin situasiyalarda gülümsəməyi bacaran, çox pozitiv enerjili xanım idi. İsmayıllı yolunda ağır avtomobil qəzası keçirəndən sonra da ölümün bir addımlığından dönmələrini xəfif təbəssümlə nəql eləyərdi. Dopdolu həyat enerjisi var idi onda. Gülürdü, gülürdü, gülürdü… Haqsızlığa həm də gülüşü ilə etiraz edirdi sanki.
Bəzən onun Şəkiyə, Tofiq bəyin məhkəməsinə uzun yolu gedib-gəlməsindən, məşəqqətli yolçuluqdan sonra atası ilə çox qısa ünsiyyətindən sonra da üzündən təbəssümü əskik eləməməsi adamda təəccüb doğururdu. Bu əzablı anlardan, saatlardan sonra çoxları depressiyaya düşərdi. Ancaq o, sanki bütün ağrı-acısını içində boğaraq dərdini, ələmini ətrafdakı insanlara yükləmək istəmirdi deyə, daim nikbin ovqatdaydı…
Tofiq bəy Nərgizin məzarına, onun cansız bədəninə ata qayğısı ilə nəvaziş göstərəndə göz yaşlarımı saxlaya bilmədim. Sanki illər öncəydi, atası balaca Nərgizi beşiyə qoymaq istəyirdi, ehtiyat edirdi ki, birdən oyanar, başının altını rahlayırdı ki, boynu əyri qalar, incidər. Məzarı üstünə düzülən daşların, tökülən torpağın da yorğansayağı ehmalca salınmasına diqqət edirdi. Adamın ciyəri parçalanırdı bu səhnədən…
Bununla belə bir dözümlü ata obrazını gördüm Tofiq bəydə. Toyunu belə görə bilmədiyi balasını son mənzilə yola salarkən göz yaşlarını boğmağa, ürəyinə axıtmağa çalışdı, “hər şey yaxşı olacaq” dedi.
Bir daha sübut olundu ki, onlardan bu Vətənə, bu xalqa pislik gəlməz heç vədə. Yaxşılığa, yaxşı olmağa, yaxşılıq etməyə köklənmiş nəsildir Yaqublular nəsli…
Tofiq bəyi tanımayanlar Nərgizin dəfnində daha yaxından tanıdılar. Başdan-ayağa Vətən, millət, torpaq, bayraq sevdalısı olduğunu gördülər.
İki körpəsini Bakıda qoyub Qarabağ savaşına könüllü qatılanda da “Öncə Vətən” demişdi. Aprelin 25-də Nərgizi Vətən torpağına əmanət edəndə də “Vətən sağ olsun” söylədi. Vətən daşı, həm də ölkə vətəndaşı daha necə olur ki?!
İllər öncə bacısı həbs ediləndə uşaq sadəlövhlüyü ilə “ata, gedək, mən polisdə qalım, bacım evə gəlsin” deyən balaca Rəhimin için-için ağlaması ürəkləri göynətdi. Rəhim hələ başa vurmadığı bu məktəbli ömründə nələr görmədi, nələr yaşamadı? Çilikləndi uşaqlıq, yeniyetməlik həyatı…
Nərgiz son mənzilə canından artıq sevdiyi Azərbaycanın himninin sədaları altında yola salındı. “Səndən ötrü can verməyə cümlə hazırız…” O anda gözlərim Tofiq bəyə, sonra da Rəhimə sataşdı. Gözlərindən yaş seli axa-axa himnimizi oxuyurdular. Vətənə bağlılıq ayrı necə ola bilər?
Əslində belə olmamalıydı. İki dəfə Milli Qəhrəman adında layiq görülən mayor Tofiq Yaqublu ömrünü zindanda yox, evində keçirməli, Nərgizin dünyaya gətirdiyi balacanı bağrına basıb baba sevincini yaşamalı, həyatdan zövq almalıydı. Olmadı, tale bu sevinci də ona və fədakar Maya xanıma çox gördü…
Nərgizimiz getdi əlimizdən, qaytarmaq mümkün deyil. Ancaq Yaqubluların bundan sonra daha çox diqqətə ehtiyacı var. Bir azdan hamı gedəcək öz evinə, bir Maya xanım, bir Nigar, bir Rəhim qalacaq, masa üstündəki Nərgizin gülərüz şəklinə baxıb ağlaya-ağlaya. Yeganə təsəlli Tofiq bəyin ailəsinə həmişəlik dönüşü ola bilər.
Bir anlıq təsəvvür edin, öz əlləri ilə balasını soyuq məzara qoyan ata soyuq zindana qayıdır, nə təsəlli verə bilərik?… Təsəvvürə belə gətirmək çətindir hər keçən gecəni…
Bu günlərdə ölkə prezidentinə müraciətlər edilib. Baş yazarımız Rauf bəy, deputatlar İqbal bəy, Qüdrət bəy… Bu gün çoxları prezidentin Tofiq bəylə bağlı humanist qərarını gözləyir.
Ümidlər də böyükdür. Axı, prezident həm də atadır, babadır, yəqin ki, vətəndaşının başına gələn bu müsibətdən də xəbəri var. Heç olmasa həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləmək olar. Tofiq bəy bu gün evindəkilərə daha çox lazımdır. Boynuna sarılıb Nərgizin qoxusunu ondan almaları üçün.
Bəlkə elə Nərgiz də atası evə gəlsin deyə, getdi…